HEYDƏR ƏLİYEVİN MÜKƏMMƏL DÖVLƏT İDARƏÇİLİYİ
Siyasət

HEYDƏR ƏLİYEVİN MÜKƏMMƏL DÖVLƏT İDARƏÇİLİYİ

Ötən əsrin 70-80-ci illərində əhalinin və maddi sərvətlərin təbii və texnogen fəlakətlərdən mühafizəsi və nəticələrinin aradan qaldırılması

Heydər Əliyevin tələbi ilə yanğın hadisəsindən az müddət sonra istehsalatın davam etdirilməsi üçün SSRİ Yüngül Sənaye Nazirliyi tərəfindən kombinata yeni texnoloji avadanlıqlar ayrıldı. Respublika Nazirlər Sovetinin 17 noyabr 1980-ci il tarixli xüsusi sərəncamı ilə yeni avadanlıq və mexanizmlər Volodarski adına tikiş fabrikində və Bakı ayaqqabı fabrikinin filialında olan boş istehsal sahələrində quraşdırıldı. Bakı Tikiş-İstehsalat Birliyinin, Uşaq paltarları, Bakı toxuculuq, Şəki ipək və Sumqayıt tikiş fabriklərinin sexlərində, bina və tikililərdə yeni istehsal sahələri yerləşdirildi. Bakı Şəhər İcraiyyə Komitəsinə 234 nömrəli məktəbin istifadə edilməyən 1300 kv.metr sahəsinin kombinata verilməsi üçün tapşırıq verildi. Bundan əlavə, Razin qəsəbəsində yerləşən filialının ərazisində qısa müddətdə 1800 kvadratmetr sahədə 2 modulun tikilməsi, Bayılda yerləşən kolxoz bazarının ərazisindən müvəqqəti olaraq istifadə edilməsi nəzərdə tutulurdu.

Həmin dövrdə respublika əhalisinin fövqəladə hallarda təxliyyəsi məsələlərini planlaşdıran Mülki Müdafiə Qərargahı və onun yerli qurumları fəaliyyət göstərirdi. Bu qurumun əsas məqsədi sülh və müharibə dövründə baş verə biləcək fövqəladə hallar zamanı döyüş əməliyyatları aparılan sərhədyanı rayonlardan və cəbhəətrafı zolaqlardan, eləcə də təbii fəlakət bölgələrindən zərurət yarandıqda əhalinin təhlükəsiz ərazilərə köçürülməsi barədə əvvəlcədən ətraflı məlumat vermək idi. Təhsil ocaqlarının, tibb müəssisələrinin, iri zavodların, fabriklərin, ən çox işçi qüvvəsi olan müəssisələrin konkret hara evakuasiya olunacağı yer müəyyən edilərək əvvəlcədən bu işlərə məsul olan şəxslər ayrılmaqla evakuasiya olunan yeni yer haqda bütün lazımi məlumatlar yazılı surətdə əlaqədar qurumlara çatdırılırdı. Qeyd edilməlidir ki, hər il respublika üzrə "Mülki müdafiə planı" adlı sənədlər toplusu respublika rəhbəri Heydər Əliyevin imzası ilə təsdiq olunurdu. 1981-ci ilin fevralında Azərbaycan KP MK-nın büro iclasında Respublikada mülki müdafiə qurğularının tikintisi və istismarı məsələsi müzakirə olunmuş, Bakı və Sumqayıtda qeyri-qənaətbəxş şəkildə həyata keçirilməsi göstərilmişdi.

Fövqəladə hallarda sənaye obyektlərinin fəaliyyətinin fasiləsiz davam etdirilməsi baxımından şəhərlərin kateqoriyaya bölünməsi də mühüm əhəmiyyət kəsb edirdi. Birinci kateqoriyaya Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Əli Bayramlı, ikinci kateqoriyaya respublika tabeli şəhərlər - Lənkəran, Naxçıvan Yevlax, Şəki, Naftalan, Xankəndi daxil idi. Sovet hakimiyyəti illərində Bakı şəhərində binaların əksəriyyətinin zirzəmilərində sığınacaqlar mövcud idi. Belə sığınacaqlarda insanlar qısa və uzunmüddətli ekstremal şəraitdə yaşaya bilərdi. Düzdür, vacib avadanlıqlar və lazımi məmulatlarla təmin edilmiş sığınacaqlar azlıq təşkil edirdi, baxmayaraq ki, kağız üzərində çoxsaylı normal sığınacaqların olduğu göstərilirdi.

Belə ki, mühafizə qurğularının tikintisi planda nəzərdə tutulduğundan xeyli aşağı olmuşdu: Bakıda plan 50 faiz, Sumqayıtda 77 faiz yerinə yetirilmişdi. Bakıda xüsusi müddət ərzində fəaliyyət göstərəcək sənaye müəssisələrinin yalnız üçdəbirində sığınacaq var idi ki, onlardan yalnız 44-ü ən böyük iş növbəsi üçün tam təmin olunmuş, qalanlarında isə ümumiyyətlə qoruyucu tikililər hazırlanmamışdı. Sənaye obyektlərinin üçdəbirində qoruyucu tikililərin olmadığı Sumqayıt şəhərində də vəziyyət ürəkaçan deyildi. Sığınacaqlar son dərəcə qeyri-qənaətbəxş və keyfiyyətsiz şəkildə tikilmişdi. Mühafizə tikililərinin dinc dövrdə təsərrüfat, mədəni və məişət məqsədləri üçün istifadəsi də qənaətbəxş sayılmırdı. Bakı və Sumqayıt şəhərlərində bəzi sığınacaqlar son dərəcə baxımsız vəziyyətdə saxlanılırdı. Bakıdakı müəssisələrdə mövcud olan və mühəndis-texniki tədbirlərin tələblərinə cavab verən sığınacaqların cəmi 63 faizi, Sumqayıtda isə 20 faizi istifadə olunurdu. Radiasiya əleyhinə sığınacaqların və zirzəmilərin mövcud ehtiyatı insanların yerləşdirilməsi üçün kifayət deyildi.

Respublika rəhbəri Heydər Əliyev aidiyyəti dövlət təşkilatlarının mühafizə tikililərinin saxlanılma vəziyyətini yolverilməz hesab edərək sığınacaq və sığınacaq fondunun yığılması planının icrasına cavabdeh olan işçilər qarşısında yüksək tələblər qoymuşdu. Bir çox hallarda müəssisə və təşkilatların vəzifəli şəxsləri mülki müdafiə obyektlərinin tikintisinə ikinci dərəcəli və lazımsız iş kimi yanaşırdılar. Respublika rəhbərinin tənqidi qeydlərində mülki müdafiə işinin təşkili sahəsində nöqsanların qaldığı əks olunmuşdur: belə ki, nazirlik və təşkilatların bir çoxunun şəhərkənarı idarəetmə məntəqələri, magistral rabitəyə çıxışları yox idi. Müharibə şəraitində fəaliyyət göstərmələri üçün dublyorlar müəyyən edilməmişdi. Mühafizə qurğularının tikinti planı ilbəil kəsirlə yerinə yetirilirdi. Şəhər yerlərində iş növbəsində olanların yeraltı sığınacaqla təminatı 51 faiz, kənd yerlərində isə cəmi 1 faiz təşkil edirdi. Respublika üzrə müharibə şəraitində fəaliyyətinə davam edəcək 443 obyektin 214-də bir ədəd də olsun mülki müdafiə qurğusu yox idi. Bakı, Sumqayıt, Kirovabad (Gəncə) şəhərlərinin yüngül və yerli sənaye obyektlərində sığınacaqlar bərbad vəziyyətdə saxlanılırdı. Bakı, Sumqayıt və Əli-Bayramlı (indiki - Şirvan) şəhərlərinin yanğından mühafizəsinin maddi-texniki təchizatı müasir tələblərdən geri qalırdı.

Heydər Əliyev bu sahədə yol verilən nöqsanları ətraflı təhlil edərək əhalinin daha təminatlı müdafiəsi üçün mühafizə strukturlarının işinin kökündən yaxşılaşdırılmasını tələb etmişdi. Bakı və Sumqayıt şəhərlərində yeni mülki müdafiə qurğularının tikintisinin vəziyyəti müzakirə olunaraq Heydər Əliyev tərəfindən müvafiq qərar qəbul edilmişdi. Radiasiya əleyhinə sığınacaqlar fondunun toplanmasına diqqət yetirilməsi, o cümlədən sənaye, mədəni və məişət təyinatlı hər bir binada yaşayış binalarının tikintisi zamanı radiasiya əleyhinə sığınacaqla təchiz olunması, əhalinin mühafizəsi üçün mövcud zirzəmilərdən və digər yerlərdən səmərəli istifadə edilməsi sahəsində təxirəsalınmaz vəzifələr qarşıya qoyulmuşdu. Təkcə 1981-ci ildə iri sənaye müəssisələrində xalq təsərrüfatı sahələri və obyektlərinin fəaliyyətinin davamlılığının artırılmasına dair 200-ə qədər mülki müdafiə tədbiri keçirilmişdi. Təlimin nəticələri respublika rəhbəri Heydər Əliyevin iştirakı ilə geniş şəkildə müzakirə edilmişdi.

Fövqəladə halların qarşısının alınması sahəsində təşəbbüslərdən biri də respublika ərazisində yeni seysmik stansiyaların yaradılması idi. İlk olaraq, 1971-ci ildə ölkə ərazisində zəlzələlərin və palçıq vulkanların püskürmələri arasındakı əlaqəni öyrənmək üçün Lökbatan qəsəbəsində seysmik stansiya fəaliyyətə başlamışdı. 1973-cü ildə Şəki seysmik stansiyasının açılması ilə Oğuz-Şəki, Zaqatala, cənubi Dağıstan zonasının və Mingəçevir su hövzəsinin seysmikliyinin öyrənilməsinə imkan yaradıldı. Respublikada seysmik şəbəkə sıxlığı artırılaraq seysmikliyin öyrənilməsi üçün 1979-cu ildə Quba, Zaqatala, 1982-ci ildə isə İsmayıllı və digər seysmik stansiyalar istifadəyə verilmişdi.

1981-ci ildə İsmayıllı rayonu ərazisində, rayon mərkəzində və episentrə yaxın yaşayış məntəqələrində çoxsaylı dağıntılarla müşayiət olunan zəlzələnin baş verməsi Azərbaycanın seysmik cəhətdən nə qədər böyük təhlükə zonasında yerləşdiyini bir daha təsdiq etdi. Zəlzələ nəticəsində yaşayış evləri, sosial obyektlər, istehsalat və təsərrüfat təyinatlı binalar zədələnmiş, əhaliyə və təsərrüfatlara külli miqdarda zərər dəymişdi. Heydər Əliyev zəlzələnin fəsadları ilə yaxından tanış olduqdan sonra onların tezliklə aradan qaldırılması haqqında göstəriş verdi və bütün işləri öz nəzarətində saxlamaqla həmişə xalqın yanında olduğunu göstərdi. İsmayıllı zəlzələsi həm də Azərbaycanda seysmologiya elminin inkişafına təkan verdi. Heydər Əliyevin tələbi ilə təbii fəlakətin törətdiyi ağır fəsadlar nəzərə alınaraq ittifaq hökuməti tərəfindən zəlzələdən zərər görmüş rayonlara əlavə tikinti materialları, bərpa və yenidənqurma işləri üçün böyük miqdarda vəsait ayrıldı. Təbii fəlakətin nəticələrinin aradan qaldırılmasını təmin etmək məqsədilə yaradılan hökumət komissiyasına təbii fəlakət nəticəsində evləri dağılmış ailələrin və qəza vəziyyətində olan evlərdə yaşayan əhalinin müvəqqəti yerləşdirilməsi; kəndlərdə elektrik, su, kanalizasiya, istilik, rabitə xətlərinin işə qoşulması, torpaq sürüşməsinin başvermə səbəblərinin araşdırılması kimi tədbirlərin görülməsi tapşırıldı.

Sov.İKP MK-nın Baş katibi L.Brejnev SSRİ Nazirlər Sovetinin sədri N.Tixonovun imzaladıqları "Azərbaycan SSR-də zəlzələnin nəticələrinin ləğv edilməsinə yardım tədbirləri haqqında" 1981-ci il 19 dekabr tarixli 1193 nömrəli qərarda göstərilirdi ki, İsmayıllı rayonunda baş verən zəlzələ nəticəsində dağılmış mənzillərin, təhsil, səhiyyə, mədəni-məişət təyinatlı müəssisələrin, kommunal təsərrüfatı, digər obyektlərin bərpası və yenilərinin tikintisi aparılmalıdır. Sənədə əsasən, Azərbaycan SSR Nazirlər Sovetinin 1982-ci il üçün nəzərdə tutulan kapital qoyuluşunun həcmi əlavə olaraq 22 milyon manat, o cümlədən ayrılan vəsait 21 milyon manat artırıldı. Kapital qoyuluşu SSRİ Nazirlər Sovetinin ehtiyat fondu hesabına həyata keçirilir, Azərbaycan SSR Nazirlər Sovetinə icazə verilirdi ki, respublika ərazisində fəaliyyət göstərən bütün tikinti idarələrini (Müdafiə Nazirliyinin təşkilatları istisna edilməklə) bərpa işlərinə cəlb edə bilər. Təbii fəlakətin nəticələrinin aradan qaldırılmasında işlərə vəsait ayrılması və əhaliyə dəyən zərərin ödənilməsi nəzərə alınmışdı. Qərara olan 1, 2 və 3 nömrəli əlavələrdə bərpa işlərinin sürətləndirilməsi üçün dövlət fondundan Azərbaycana əlavə olaraq 5 min ton avtomobil benzini, 2 min ton dizel yanacağı, 1,5 min ton bitum, 50 ədəd yük avtomobili, 10 ədəd buldozer, 5 ədəd ekskavator, 3 ədəd skreper, 5 ədəd qaldırıcı kranlı avtomobil, 3,3 min ton dəmir təbəqə və s. material və avadanlıqlar, mexanizmlər, zavod istehsalı olan 35 min kvadratmetr taxta evlərin ayrılması göstərilirdi.

Tarixi faktlar təsdiq edir ki, Azərbaycanda ən çox yayılmış və ən çox iqtisadi zərərlərə, dağıntılara və insan tələfatına səbəb olan təbii fəlakətlərdən biri də daşqınlardır. Sovet hakimiyyəti illərində daşqınların Azərbaycan iqtisadiyyatına vurduğu zərər və onlara qarşı mübarizə tədbirlərinə təxminən 1 milyard ABŞ dolları məbləğində vəsait sərf olunmuşdu. Bəhs edilən dövrə, yəni 1976, 1979 və 1982-ci illər respublika ərazisində ekstremal daşqın illəri olmuşdu. Kür və Araz çayları sahilində yerləşən yaşayış məskənləri, əkin sahələri əsasən Kür və Araz çaylarında baş verən daşqınlara məruz qalmışdı.

Heydər Əliyevin tapşırığı ilə 1976-cı ildə baş vermiş fəlakətlərin fəsadlarının aradan qaldırılması, mövcud qurğuların bərpa edilməsi ilə bağlı müvafiq dövlət strukturları tərəfindən təxirəsalınmaz tədbirlər görüldü. Azərbaycan KP MK Bürosu 1976-cı il 28 may tarixli iclasında baş verən dağıdıcı təbiət hadisəsinin fəsadlarının aradan qaldırılması istiqamətində tədbirlər müəyyən etdi. Daşqın və subasma hadisələrinin kənd təsərrüfatına, xüsusilə torpaq fonduna, bitkiçiliyə və heyvandarlığa vurduğu ziyanları ətraflı təhlil edən Heydər Əliyev büro iclasındakı nitqində demişdir: "Hesab edirəm ki, prinsipcə, vəziyyət çətinləşib. Bunun nə vaxt olduğunu xatırlamıram. Deyirlər ki, 1969-cu ildə belə bir vəziyyət olub. Göründüyü kimi, 1969-cu ildə baş verən hər şeyi öyrənmək və mümkün olan hər şeyin qarşısını almaq lazımdır. Vəziyyət bankların mühafizəsi tədbirləri baxımından xüsusilə dəyişməyib, əksinə, daha da pisləşib. Sahil strukturları yararsız vəziyyətə düşüb. Ona görə də bütün lazımi tədbirlər görülməlidir. Fövqəladə komissiyanın yaradılması təklifi var ki, dərhal işə başlasın, vəzifələri bölüşdürsün, kim nə etməlidir. İlk növbədə ciddi fəsadlar zamanı bütün resurslarımızı hazır vəziyyətə gətirməliyik. İkinci, harada tikiləcəyini, şaftların harada doldurulacağını müəyyən etmək lazımdır. Üçüncü, məsələ Mingəçevirdə suyun tənzimlənməsi ilə bağlıdır. Hesab edirik ki, belə səriştəli yoldaşlardan, müxtəlif idarələrdən məsul vəzifəli şəxslərdən ibarət komissiya daha konkret olaraq tədbirlər hazırlayıb həyata keçirməlidir. Komissiyanın sərəncamına mülki aviasiyadan lazım olan qədər vertolyot və digər vasitələr vermək lazımdır. Hərbçi yoldaşlarımız əsasən ağırlaşmalar zamanı hansı yardımın lazım olacağını qabaqcadan görməlidirlər ki, çox etibarlı ehtiyata sahibsiniz və fəsadlar zamanı dərhal kömək edə biləsiniz. Odur ki, sizdən seçimlərinizi nəzərə almanızı xahiş edirəm. Beləliklə, yoldaşlar, vəziyyət çətindir. Bütün yoldaşlarımız məsuliyyət hiss etməlidir. Maddi ziyanla yanaşı, insan tələfatımız da ola bilər. Bunun baş verməsinə imkan verməməliyik.

1982-ci ilin may ayı ərzində respublikanın əksər rayonlarında güclü küləklə müşayiət olunan yağış və dolu şəklində intensiv yağıntılar olmuş, bu da inzibati və yaşayış binalarına, habelə istehsalat obyektlərinə ziyan vurmuş və dağıtmışdır. Əkin sahələrinin və çoxillik əkinlərin, xüsusilə üzüm bağlarının, o cümlədən bar verənlərin əhəmiyyətli hissəsi zədələnmişdi. Ən çox ziyan isə Qax, Şəki, İsmayıllı, Balakən, Göyçay və digər rayonların təsərrüfatlarına dəymişdi. Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin 1982-ci il 8 iyun tarixli B-56/6 nömrəli "Azərbaycan SSR-in rayonlarına təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına yardım edilməsi haqqında" qərarı ilə bərpa işlərini sürətləndirmək üçün əlavə olaraq təbii fəlakətin əhatə etdiyi rayonlara canlı qüvvə və maddi resurslar ayrıldı.

Heydər Əliyevin nəhəng idarəçilik təcrübəsinin bir səhifəsini də respublika ərazisində su anbarları sisteminin yaradılması təşkil edir. Dünya təcrübəsi göstərir ki, subasma və daşqınlara səbəb olan təbii hadisələrin qarşısının alınmasında çay hövzələrində su anbarları və suayrıcı qurğuların tikilməsi özünü doğruldur. Sovet dövründə qoruyucu bəndlərlə çay arasında olan 100-200 metrlik ərazi istifadə üçün qadağan olunmuş sahə hesab edilirdi. Lakin yerlərdə bu qaydaya məhəl qoyulmur və nəticədə torpaq bəndlər öz qoruyucu funksiyasını itirmiş olurdu. Sonrakı dövrdə baş verən təbiət hadisələri bir daha təsdiq etdi ki, subasma və daşqın hallarının qarşısının alınmasında ən səmərəli müdafiə üsullarından biri məhz daşqın rejimli çayların üzərində su anbarlarının inşa edilməsidir. Məhz Heydər Əliyevin təşəbbüsü ilə yaradılan Kür və Tərtər çayları üzərində su anbarları və SES-lər - Şəmkir (1982), Suqovuşan (1975), Xanbulançay (1976), Sərsəng (1976) su anbarları və digər kompleks təyinatlı su təsərrüfatı obyektləri istifadəyə verildi.

Müasir dövrdə irimiqyaslı quruculuq işləri həyata keçirilir, geniş ərazilərin mənimsənilməsi prosesində müxtəlif tikintilər aparılır, yaşayış məntəqələri, nəqliyyat yolları inşa edilir. Bunun üçün isə iri torpaq massivləri istifadə olunurdu. Bu fövqəladə halların müxtəlif növlərinin müəyyən ərazidə yayılmasını və onların ayrı-ayrı rayonlarda uzlaşması haqqında əyani təsəvvür yaradan məlumatlar toplanılmasını zəruri edir. Belə məlumatlar istehsalın ərazi təşkilində, müxtəlif təsərrüfat və sosial obyektlərin yerləşdirilməsi, ekoloji vəziyyət nəzərə alınmaqla təsərrüfat fəaliyyətinin forma və metodlarının seçimi üçün vacib informasiya mənbəyidir. Bu sahədə ötən əsrin 70-80-ci illərində toplanan tarixi təcrübə nəzərə alınmalıdır.

Röfət QULİYEV,

tarix elmləri doktoru.