İslahat əvəzinə
Siyasət

İslahat əvəzinə "pomidor davası"

Avropanı bürümüş fermerlərin etiraz aksiyaları hələ də davam edir. Fransanın cənub-şərqində yerləşən Eks-en-Provens kommunasında "Casino" supermarketlər şəbəkəsinin logistika mərkəzi 20 yerli fermer tərəfindən bağlanıb. Fermerlər onları razı salacaq qərarların veriləcəyi günə qədər aksiyalara davam edəcəklərini bildiriblər.

Aksiya Yelisey sarayı üçün gözlənilməz olub. Fermerlər bildiriblər ki, Makron hökuməti Fransanın kənd təsərrüfatını dəstəkləmək üçün kifayət qədər iş görmür. Qeyd edək ki, onlar günlərdir öz ölkələrində, ən son isə Brüsseldə Avropa İttifaqının (Aİ) kənd təsərrüfatı siyasətinin dəyişdirilməsini, ittifaqa daxil olmayan ölkələrdən gələn məhsullara məhdudiyyət və yoxlamaların tətbiq edilməsini, qiymətlərin və maaşların artırılmasını tələb edirlər. Yanvarın əvvəlindən bir çox Avropa ölkəsində fermer etirazları baş qaldırıb. Narazı avropalılar tərəvəzləri küçələrə səpib, hökumət binalarına peyin atıblar. Həmçinin Belçikada hökumətin kənd təsərrüfatı siyasətinə etiraz edən fermerlər baş nazirin evinə gedən yolu bağlayıblar. Almaniya, Fransa, Belçika, Hollandiya, İtaliya, Polşa, Yunanıstan, Portuqaliyada fermerlər Aİ-nin "yaşıl" gündəliyinə, yüksək vergilərə, artan xərclərə və xarici kənd təsərrüfatı istehsalçılarının haqsız rəqabətinə qarşı çıxırlar.

Avropada fermerlərin etirazları Fransa və İspaniya arasında "pomidor davası" yaradıb. Fransanın keçmiş ekologiya naziri həftə ərzində iştirak etdiyi bir televiziya proqramında İspaniyada istehsal olunan pomidorlar üçün "yeyilməz" ifadəsini işlədib. Fransanın baş naziri Qabriel Attal isə İspaniyanı "qeyri-sağlam məhsul" becərilməsinə icazə verərək haqsız rəqabət yaratmaqda" günahlandırıb. İspaniyanın baş naziri Pedro Sançes kənd təsərrüfatı məhsulları ilə bağlı tənqidlərin "əsassız" olduğunu müdafiə edərək, keçmiş Fransa naziri Royalı "hələ ki, sınanmaq şansı olmayan pomidorları dadmaq üçün" İspaniyaya dəvət edəcəyini bildirib.

İnflyasiya və tarlalardan gələn məhsulların ikiqat baha qiymətə rəflərdə olduğunu müdafiə edən fransız fermerlər etirazlarında qonşu ölkələrdən idxal edilən məhsulları da hədəfə alıblar. Statistikaya əsasən, illik tərəvəz və meyvə istehlakının 40 faizini İspaniya və İtaliyadan alan Fransada fermerlər bu iki ölkəni "haqsız rəqabətdə" ittiham edirlər. Digər tərəfdən, Fransadakı fermerlərə bənzər səbəblərlə İspaniyada kiçik miqyaslı etirazlara başlayan fermerlər, İspaniyanın kənd təsərrüfatı, qida və balıqçılıq naziri Luis Planas ilə görüşdükdən sonra etirazlarını davam etdirməyə qərar verdilər. Nazir Planasın razı sala bilmədiyi fermerlər fevralın 13-də Kataloniyada, 21-də isə paytaxt Madriddə traktorlarla yol blokadası edəcəklərini açıqlayıblar.

Fransa Kənd Təsərrüfatı İttifaqının rəhbəri Arno Russonun səsləndirdiyi fikirlər də təhlükənin pik həddə olduğunu təsdiqləyib: "Ucuz idxal yerli istehsalçılara ciddi zərbə vurub, onlar müflis olmaq təhlükəsi ilə qarşılaşıblar. Bura yanacağın qiymətinin qaldırılması və vergilərin artırılmasını da daxil edə bilərik. Fermerlər sadəcə rəqabətə davam gətirə bilmirlər. Hökumət hara baxır? Verdikləri bəyanatlardan belə çıxır ki, Fransanın problemləri onlar üçün yaddır. Məsələn, bu yaxınlarda baş nazir təyin edilən Qabriel Attalın çıxışları onun reallıqdan uzaq olduğunu göstərir". Etirazçılar bildirirlər ki, onlarla bağlı olan qanunları kənd təsərrüfatından xəbəri olmayan kostyumlu məmurlar deyil, fermerlərin içindən çıxan və aqrar sahəyə bələd olan şəxslər hazırlamalıdır. Narazılığın kökündə əslində Makronun qeyri-konstruktiv siyasəti dayanır. Prezident və komandası düşünür ki, Ukraynadan ixracın artırılması vacibdir. Bu da yerli istehsalçılara mənfi təsir göstərir.

Fransa tarixi boyu sosial və iqtisadi gərginlik yaşayıb. Etirazlar əsasən, vergilər, bərabərsizlik və hakim siniflərin istismarı kimi məsələlər ətrafında gedib. Bu gün etirazların konkret səbəbləri və zamanı dəyişsə də, mahiyyəti dəyişməyib. Həm Makronun, həm də hökumət binalarının üzərinə o qədər yumurta atılıb ki... Görünür, onlar problemləri həll etmək, islahatlar keçirmək yerinə "pomidor, yumurta" həvəsinə düşüblər. Çünki Fransa rəsmiləri indi də "pomidor davası" edirlər.

Nurcan SÜLEYMANOVA,

"Respublika".