İstehsal artır, bəs qiymətlər niyə bahadır?!
İQTİSADİYYAT

İstehsal artır, bəs qiymətlər niyə bahadır?!

Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi respublikamızda heyvandarlığın, o cümlədən qoyunçuluğun, arıçılığın inkişaf etdirilməsinə güclü təkan verəcək. Çünki bu bölgələr təbii otlaq sahələri, su ehtiyatları ilə zəngindir və qeyd edək ki, bu yerlərin saf iqlimi, yaylaqları heyvandarlıq məhsullarının istehsalına yeni stimul verəcək. Azərbaycan Prezidenti azad olunmuş torpaqlarla bağlı ilk tapşırığı bu torpaqların əkilib becərilməsi haqqında olub.

Qeyd edək ki, bölgədə kənd təsərrüfatının yenidən qurulmasına və inkişaf etdirilməsinə başlanılıb, aqroparklar, iqtisadi zonalar yaradılır, heyvandarlıq kompleksləri tikilir, aqrar sahəyə aid müvafiq infrastruktur qurulur. Hesablamalara görə ət və süd məhsullarının hər biri üzrə istehsalın təqribən 15%-i bu bölgələrin payına düşəcək. Hələ keçmiş sovet dönəmində respublikamızda heyvandarlığın inkişaf etdirilməsinə ciddi münasibət göstərilib, bir neçə rayonda yağ-pendir istehsal edən zavodlar fəaliyyət göstərib, ət və süd məhsullarının keyfiyyəti yüksək olub. Rəsmi statistik məlumata görə ölkəmizdə iribuynuzlu mal-qaranın sayı 3 milyona yaxın, qoyun və keçilərin sayı isə 9 milyona çatır. Bu isə əsrin əvvəlinə olan göstəricilərlə müqayisədə müvafiq olaraq 34,93% və 41,83% artım deməkdir. Bir daha qeyd edək ki, Azərbaycanda heyvandarlığın inkişafı üçün həm təbii şərait, həm su mənbələri, həm də yem bazası potensialı var. Mütəxəssislərin qənaətinə görə təəssüf ki, bu potensial lazım olan səviyyədə qiymətləndirilmir. Belə ki, heyvandarlığın inkişafı ilə əlaqəli birinci problem intensiv deyil, ekstensiv yolla inkişaf etdirilməsidir. Yəni heyvan sayı çox, məhsuldarlıq isə aşağıdır. Heyvandarlıqda ciddi problemlərdən biri də örüş sahələrinin qıtlığıdır. Digər tərəfdən, Ermənistanın işğalı nəticəsində minlərlə hektar örüş, otlaq sahələri, yaylaqların itirilməsi heyvandarlığın inkişafına mənfi təsir etdi və çox önəmli yem bazasının, qış və yay otlaqlarının əldən çıxmasına səbəb oldu. İndi işğaldan azad edilmiş torpaqların səmərəli istifadəsi heyvandarlığın inkişafına öz töhfəsini verə bilər.

Dövlətimizin başçısı İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri kimi elan edilib. Aqrar sahənin, o cümlədən heyvandarlığın inkişafı üçün dövlət tərəfindən sistemli dəstək tədbirləri həyata keçirilir. Son illərdə dövlət başçısının verdiyi tapşırıqlar, heyvandarlığın inkişaf etdirilməsi ilə bağlı görülmüş işlər öz bəhrəsini verir. Lakin hələ də problemlər var. Fermer, heyvandarlıqla məşğul olan Hüseyn Ağayev deyir ki, vaxtilə respublikamızda damazlıq təsərrüfatları var idi. İndi damazlıq təsərrüfatları çox azdır. Xaricdən gətirilən heyvanların yerli iqlimə uyğunlaşdırılmasının özü də bir problemə çevrilir. Bəzən gətirilən heyvanlar lazımi keyfiyyət tələblərinə cavab vermir. Bundan başqa, ölkəmizdə olan heyvan cinslərində cırlaşma gedir. Yem bazası çox zəifdir, yemlərin qiymətləri isə çox bahadır. Heyvandarlıq məhsullarının bazara çıxarılmasında da fermerlər problemlərlə üzləşir və onsuzda heyvandarlıqla bağlı bazar fəaliyyəti pərakəndə şəkildə həyata keçirilir, həm də bazarlarda dəllallar daha çox fəaldırlar. Vaxtilə mövcud olan və yaxşı fəaliyyət göstərən tədarük məntəqələri indi demək olar ki, yoxdur. Məhz buna görə də fermerlər, xüsusi mülkiyyətçilər bazarlarda dəllallardan asılı vəziyyətə düşürlər. Yəni bazara çıxardıqları heyvanları uyğun qiymətə sata bilmirlər. Bir də, bölgələrdə yüksək bacarıqlı, baytarlar da çatışmır. Ağdamlı fermerin sözlərində həqiqət var. Qarabağ iqtisadi rayonuna daxil olan Bərdə və Ağcabədidəki heyvan bazarlarına bir dəfə baş çəkmək kifayətdir ki, şahid olasan ki, burada at oynadan dəllallar, qəssablar kənd adamlarından, fermerlərdən heyvanları ucuz alır, qəssabxanalara baha qiymətə satırlar. Ona görə də dükanlarda və qəssabxanalarda mal və qoyun ətinin qiyməti əl yandırır.

Ağdam rayonunda kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlıq stabil inkişaf edir. 2023-ci ilin yanvar-mart aylarında heyvandarlıq sahəsində uğurlu nəticələr əldə olunub. Mal-qaranın cins tərkibi daha da yaxşılaşıb, heyvandarlıq məhsulları istehsalında artım qeydə alınıb. Rayon Statistika İdarəsindən aldığımız məlumata görə, 2023-cü il aprelin 1-nə olan məlumata görə, iribuynuzlu mal-qara 48 min 302 baş olmaqla, keçən ilə nisbətən 3,8 faiz, qoyun və keçilər 104 min 181 baş olmaqla, 0,5 faiz artıb. Yanvar-mart aylarında 10 min 491,2 ton süd, 1168,7 ton ət istehsal edilib. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə süd istehsalı 3,2 faiz, ət istehsalı 3,6 faiz çoxdur. Bəli, heyvandarlıq məhsullarının istehsalında artım var. Belə olan halda, bəs bu məhsulların qiyməti niyə bahalaşır? Hazırda Ağdamda və ətraf rayonlarda mal ətinin bir kiloqramı 12-13 manat, qoyun ətinin qiyməti 14-16 manat arasında dəyişir. Xüsusilə bayramlarda qiymətlər bir qədər də artıq oldu. Kəndli, fermer əziyyət çəkir, baha qiymətə yem alır, ot kipinin biri 5-8 manata satılır, heyvanların xəstəliklərdən qorunması üçün istifadə edilən dərman preparatlarının da qiyməti istehsalçıları qane etmir, ona görə də südün, qatığın, yağın qiymətləri də durmadan artır. Digər tərəfdən, 15 kiloluq toğlunu diri çəkidə hər kiloqramını 6-7 manata alan qəssablar ətin kiloqramını 16-18 manata satırlar. Əslində, kəndlilər də, fermerlər də bir heyvana çəkilən maya dəyərini çox vaxt qazana bilmirlər. Zənnimizcə, ona görə də rayonlarda tədarük məntəqələrinin yaradılması heyvandarlıq məhsullarının qiymətlərinin tənzimlənməsinə şərait yaradacaq.

S.BABAYEV,

"Respublika".