İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi məsələsi dövlətimizin başçısının daim diqqətindədir
Sosial həyat

İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi məsələsi dövlətimizin başçısının daim diqqətindədir

Ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq Ermənistan Azərbaycana qarşı qeyri-hüquqi ərazi iddiaları qaldırıb, bu məqsədə nail olmaq üçün Birləşmiş Millətlər Təşkilatı və digər nüfuzlu beynəlxalq qurumlar tərəfindən qəbul olunmuş ümumbəşəri dəyərləri özündə ehtiva edən humanitar hüququn norma və prinsiplərini kobud surətdə pozub. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsir düşmüş hərbi qulluqçularına və beynəlxalq humanitar hüquqla müdafiə olunan döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən girov götürülmüş mülki şəxslərə qarşı olduqca qəddar və qeyri-insani rəftar edib, ağır işgəncələrə məruz qoyub, on minlərlə azərbaycanlının həyat və sağlamlığına qəsd edib, həmçinin 3890 nəfərin taleyi barədə bu günədək heç bir məlumat verməyib.

Bu məlumatları hərbi prokuror Xanlar Vəliyev "İtkin düşmüş şəxslərlə bağlı mövcud beynəlxalq çərçivə və silahlı münaqişə tərəfləri olan dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi vasitələri" mövzusunda panel iclasında diqqətə çatdırıb.

Hərbi prokuror bildirib ki, Vətən müharibəsinin nəticəsi olaraq zəbt olunmuş ərazilərimiz işğaldan azad edildikdən sonra itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi məsələsi Prezident İlham Əliyevin daim diqqət mərkəzində olub, onun bilavasitə tapşırığına əsasən işğaldan azad olunmuş ərazilərdə Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin meyit qalıqlarının axtarışı prosesi daha intensiv xarakter alıb. Bununla əlaqədar itkin düşmüş şəxslərin meyit qalıqlarının axtarışı istiqamətində zəruri addımlar atılıb, o cümlədən işğaldan azad edilmiş ərazilərdə aşkarlanmış kütləvi məzarlıqlarla bağlı Baş Prokurorluq tərəfindən soyqırımı, deportasiya, əsirlərə və girov götürülmüş şəxslərə işgəncəvermə, qəsdən adamöldürmə və sair maddələrlə çoxsaylı cinayət işi açılıb.

Aparılan axtarış tədbirləri nəticəsində işğaldan azad olunmuş ərazilərdə aşkarlanmış kütləvi məzarlıqlardan ümumilikdə ən azı 508 şəxsə aid meyit qalıqları tapılaraq götürülüb. O cümlədən Şuşa rayonunun Daşaltı kəndi ərazisində 28 şəxs, Xocalı rayonunun Fərrux kəndi ərazisində 12, Xocavənd rayonunun Edilli kəndində 27, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndi 9, Şuşa şəhərində keçmiş həbsxananın ərazisində 31, ümumilikdə isə 107 şəxsə aid meyit qalıqları aşkar olunub.

İşğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı tikinti-quruculuq işləri zamanı bu günədək Ağdam, Şuşa, Göygöl, Tərtər, Füzuli, Zəngilan, Cəbrayıl, Kəlbəcər, Laçın və Xocavənd rayonları ərazisində aşkar edilmiş ən azı 98 şəxsə aid meyit qalıqları üzrə hərtərəfli araşdırmalar aparılır. Bununla yanaşı, Birinci Qarabağ müharibəsi zamanı şəhid olmuş və respublikanın şəhər və rayonlarının ərazisində yerləşən qəbiristanlıqlarda tanınmadan dəfn edilmiş naməlum şəhid məzarlarında aparılmış ekshumasiya nəticəsində 183 şəxsə aid meyit qalıqları aşkar edilib.

Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş 3890 nəfərdən yalnız 120 şəxsin meyit qalıqları Ermənistan tərəfindən bizə verilib. Azərbaycan Respublikasının əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin iştirakı ilə itkin düşmüş şəxslərin ailə üzvlərindən bioloji nümunələr götürülmüş və həmin nümunələrdən çıxarılan genetik profillər aşkar edilmiş insan meyit qalıqlarından çıxarılmış genetik profillərlə eyniləşdirmə aparılması, habelə təqdim edilən sümüklərin insana aid olub-olmaması, neçə şəxsə mənsubluğu, ölümün səbəbi və s. sualların aydınlaşdırılması üçün Hərbi Prokurorluq tərəfindən 349 məhkəmə-tibbi kriminalistik ekspertizası, 305 məhkəmə molekulyar genetik ekspertizası təyin olunmuşdur.

Hazırda digər meyit qalıqlarının kimliyinin müəyyən edilməsi istiqamətində işlər davam etdirilir.

Mustafa KAMAL,

“Respublika”.