Delimitasiya və demarkasiyanın reallaşması sülh prosesinə müsbət impuls olacaq
Siyasət

Delimitasiya və demarkasiyanın reallaşması sülh prosesinə müsbət impuls olacaq

Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyaların növbəti altıncı iclası keçirildi. Bununla bir daha sübut olundu ki, Azərbaycan və Ermənistan arasındakı danışıqlar ikitərəfli qaydada daha səmərəlidir.

Azərbaycan 2020-ci ildə İkinci Qarabağ müharibəsi və 2023-cü il sentyabrın 19-20-də antiterror tədbirlərlə ərazi bütövlüyü və suverenliyini bərpa etdi. Postsovet məkanında separatizmə son qoyan, ərazi bütövlüyünü təmin edən ilk ölkə kimi Azərbaycan indi də Ermənistanla yekun sülh sazişinin imzalanmasına çalışır. Rəsmi Bakı hesab edir ki, Cənubi Qafqazda sabitlik, əmin-amanlıq, həmçinin əməkdaşlıq mühitinin təmin olunmasının yolu sülh sazişinin imzalanmasından keçir. Ölkəmizin atdığı bütün addımlar, ən yüksək səviyyədə səslənən bəyanatlar da məhz bu istiqamətdədir.

Azərbaycan regional lider dövlət kimi sərhədlərin delimitasiya və demarkasiyası məsələsinə xüsusi həssaslıqla yanaşır. Məlumdur ki, yeni geosiyasi reallıqlar kontekstində sərhədlərin təhlükəsizliyi vacib məsələdir. Çünki işğal dövrünün bitməsi ilə əsas müzakirə mövzusu məhz budur.

44 günlük Vətən müharibəsindən sonra Azərbaycan ordusu öz mövqelərini daha da gücləndirib. Şübhəsiz, bu irəliləyiş təhlükəsizlik nöqteyi-nəzərdən olduqca önəmlidir. Yəni masada Azərbaycanın irəli sürdüyü direktivlər daha öndədir. Bu çərçivədə Sərhəd Komissiyasının fəaliyyəti yüksək qiymətləndirilməlidir. Komissiyanın əsasnaməsi və fəaliyyətin reqlamentinin təsdiqlənməsi onların işini daha da gücləndirir.

Delimitasiya və demarkasiyanın ikitərəfli qaydada keçirilməsi mühüm irəliləyişdir. Ümumilikdə, müxtəlif diplomatik çərçivədə komissiyaların görüşü Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsi ilə bağlı müsbət yeniliklər gətirə bilər. Nəzərə almaq lazımdır ki, sərhəd komissiyasının işində həm də anklavlar və eksklavlar məsələsi yer alır. Bu da diplomatik görüşlərin tərkib hissəsi kimi də qiymətləndirilir.

Düşünürəm ki, delimitasiya və demarkasiya ilə bağlı yeni bir gedişat, irəliləyiş və razılıq mümkün olsa, bu sülh müqaviləsinin imzalanmasına əsaslı töhfə verəcək. Məlumdur ki, son dövrlər kənar oyunçular müxtəlif həmlələrlə müqavimət göstərməkdədirlər. Bütün bu neqativ amilləri aradan qaldırmaq üçün Azərbaycan və Ermənistan dövlətləri birbaşa dialoqları daha da intensivləşdirməlidirlər.                         

İlyas HÜSEYNOV,

politoloq.