Konstitusiyaya əlavə və dəyişikliklər xalqın mənafeyinə əsaslanır
Digər xəbərlər

Konstitusiyaya əlavə və dəyişikliklər xalqın mənafeyinə əsaslanır

İstənilən cəmiyyəti dövlətsiz, hüquqi, demokratik dövləti isə konstitusiyasız təsəvvür etmək mümkün deyil. Konstitusiya dövlət və cəmiyyət arasındakı münasibətlərin əsasını, özəyini tənzimləyir, insanın cəmiyyətdə yerini müəyyən edir. Konstitusiya demokratiyanın ən vacib institutlarından, bəşəriyyətin ən mühüm nailiyyətlərindən biridir, hər bir dövlətin hüquq sistemində xüsusi yerə malikdir.

Azərbaycanın birinci Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər qurultayında qəbul edilib. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSR Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər qurultayında qəbul olunub. Azərbaycan SSR-in 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki Konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılmış şəkildə idi. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yarandı. Bunun üçün Prezident Heydər Əliyev başda olmaqla, xüsusi komissiya yaradılmış, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verilmişdi. Beləliklə, 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub.

Azərbaycan Konstitusiyası respublikanın gələcək inkişaf prioritetlərini dəqiq şəkildə müəyyənləşdirib, mütərəqqi prinsiplər əsasında addımlamasına real zəmin yaradıb. Konstitusiyada Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq başlıca məqsədlər kimi irəli sürülüb. Xalqın iradəsinin ifadəçisi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək, bəşəri dəyərlərə sadiqlik göstərərək bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək niyyəti təcəssüm olunub.

Azərbaycan Respublikasının ilk Milli Konstitusiyasında BMT-nin 1948-ci il 10 dekabr tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və digər beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquq və azadlıqları əhatəli şəkildə təsbit olunub. Konstitusiya bu deklarativ norma ilə kifayətlənməyərək, başqa bir maddədə insan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə vəzifə olaraq qoyub.

Qeyd etmək lazımdır ki, Konstitusiyaya ilk əlavə və dəyişikliklər 24 avqust 2002-ci ildə, son əlavə və dəyişikliklər isə 26 sentyabr 2016-cı ildə referendum yolu ilə edilib. 24 avqust 2002-ci ildə Konstitusiyanın 22 maddəsinə ümumilikdə 31, 2009-cu il martın 18-də keçirilən referendumla Azərbaycan Respublikası Konstitusiyanın 29 maddəsinə ümumilikdə 41 əlavə və dəyişiklik olunub. Təklif olunan düzəlişləri iki istiqamətlər üzrə qruplaşdırmaq mümkündür: insan hüquq və azadlıqlarının məzmun etibarilə zənginləşdirilməsi, beynəlxalq universal və regional xarakterli hüquqi aktlara uyğunlaşdırılması, təminatlarının və müdafiə mexanizmlərinin təkmilləşdirilməsi və hakimiyyət bölgüsü prinsipinin, "çəkindirmə və tarazlaşdırma" mexanizminin, habelə siyasi idarəçilik və yerli özünüidarə sisteminin fəaliyyətinin təkmilləşdirilməsi.  Sevindirici haldır ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz tərəfindən əzəli Azərbaycan torpağı olan Qarabağ və Şərqi Zəngəzur 44 günlük Vətən müharibəsində erməni işğalçılarından azad edildi və ölkəmizin ərazi bütövlüyü təmin olundu. Beləliklə, ata-baba yurdundan didərgin salınmış bir milyondan çox soydaşımızın konstitusion hüququ bərpa edildi.

Nuranə DAXİLQIZI,

"Respublika".