KORSİKANIN AZADLIQ İSTƏYİ
Digər xəbərlər

KORSİKANIN AZADLIQ İSTƏYİ

Korsika adası Fransanın 18 bölgəsindən biri olmaqla ictimai-siyasi proseslərin ən qaynar nöqtələrindəndir. 350 minə yaxın əhalisi olan ada məhdud muxtariyyəti təmin edən xüsusi regional status ilə idarə olunur. Korsikada 1729-cu ildən etibarən azadlıq hərəkatı - etirazlar, üsyanlar başlayıb. Məqsəd isə xarici qüvvələrdən xilas olub müstəqillik qazanmaq idi. Lakin 1764-cü ildə qəbul edilmiş Kompyen konvensiyası və ondan 4 il sonra imzalanmış Versal müqaviləsinə əsasən Korsika Fransanın tabeliyinə keçib və 1796-cı ildən isə tam olaraq ölkəyə birləşdirilib. O zamandan ta indiyə kimi korsikalılar müstəqillik və muxtariyyət hüququnun artırılması uğrunda mübarizələrini davam etdirir.

Ötən əsrin 70-ci illərindən isə bu proses daha da fəallaşıb. Müxtəlif illərdə Korsikanın Milli Azadlıq Cəbhəsinin fəallığı ölkədə bir çox silahlı qarşıdurmalara və sui-qəsdlərə səbəb olub. Belə ki, 1975-1997-ci ilə qədər təkcə Korsikada 8000 sui-qəsd hadisəsi qeydə alınıb. Baş verənlərdən məsuliyyəti öz üzərinə götürən Korsikanın Milli Azadlıq Cəbhəsinin üzvləri öz fikirlərini belə ifadə ediblər: "Korsikalılar fransız deyillər, çünki onlar fərqli dilə, mədəniyyətə və ənənələrə sahibdirlər. Fransa dövləti Korsikanı koloniya kimi idarə etmək istəyir".

Korsikada hakimiyyət səlahiyyətləri korsikalıların əlində cəmlənib. Fransada 2017-ci ilin dekabr ayında keçirilən regional seçkilərdə onlar Fransa hakimiyyəti qarşısında konkret tələb qoydular ki, Korsika dilinə Fransız dili ilə eyni statusun verilməsi çağırışına görə siyasi məhbusa çevrilmiş fəallar azadlığa buraxılsın. İqtidarın cavabı isə konkret oldu: "xeyr". Lakin ölkədə baş verən qarşıdurmaların və etiraz aksiyalarının nəticəsi olaraq Fransa hökuməti muxtariyyət məsələsinə baxılması istiqamətində yumşaqlıq göstərir.

Əslində, Fransa Ermənistana süni məhəbbət nümayiş etdirərək, ermənilərin halına ağlamaqdansa, ən yoxsul bölgəsi olan Korsikanın halına yanmalıdır. Ancaq Fransa bu məsələdə də qeyri-obyektivlik göstərərək Korsikada güc yolu ilə aksiya iştirakçılarına işgəncələr verir. Paris Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində Azərbaycana qarşı sərt ittihamlar səsləndirərkən unutmasın ki, özü Korsikada insan hüquq və azadlıqlarını kobudcasına pozur. Korsika adasında Fransa hökuməti əleyhinə mitinqlər keçirilir. Fransanın erməniləri müdafiə etdiyi bir zamanda müstəqillik üçün etiraz edən korsikalıları həbs edib, işgəncə verməsi Fransada böyük etirazlara səbəb olub. Fransa isə Korsikanın müstəqilliyini tanımaqdan imtina edir.

Fransa dövləti korsikalıların bu tələbləri qarşısında aciz qalaraq vaxtı uzatmaqla çaxnaşmaların səngiməsi üçün məqamı gözləyir. Əlbəttə ki, Makron bu addımı ilə özünü ifşa edir.

Bu gün Paris qarşıdurmalar, etiraz aksiyaları məngənəsində boğulur. Hər gün bir az da alovlanan qarşıdurmalar Parisin partlayacaq gündəminə güzgü tutur. Əgər əsrlər əvvəl iranlı dərviş Məstəli şah uzaq məsafədən Parisi dağıtmağı bacarmışdısa, bugünkü reallıq fərqlidir. Paris özü daxilindən partlayır. Yəqin ki, çox keçməz fransızlar da şahid olar ki, Makron Parisi necə dağıtdı.

Ramidə YAQUBQIZI,

"Respublika".