Laçın Şəhəri Gününün qüruru Qələbəmizin təcəssümüdür
Digər xəbərlər

Laçın Şəhəri Gününün qüruru Qələbəmizin təcəssümüdür

O gün Oğuz elinin qızıl çadırları Laçında qurulmuşdu. Eldə bayram, yurdda xoş gün idi. Kürəyini Kəlbəcər dağlarına söykəyib qonaqlarına sevgi dolu baxışlarla gülümsəyən Laçının uzun illərin həsrətindən, nisgilindən sonra sanki  hər dağı, daşı, gülü-çiçəyi sevinirdi. Bütün ürəklər burada döyünürdü. Düşmən tapdağından azad olan torpaq öz sahibini, sakinini qarşılayırdı həmin gün. İllərin zülmünə, vəhşiliyinə sinə gərən, talan olunub viranə qalan yurd yeri yavaş-yavaş dirçəlib özünə gəlirdi.

Laçın həm də xalqın məğrurluq,  mərdlik simvollarından biridir. Strateji baxımdan böyük əhəmiyyət kəsb edir. Bu baxımdan da illər öncə Laçının işğalı böyük faciə idi. Çünki Laçın rayonunun işğalından sonra Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında fiziki bağlantı yarandı. Bu da ermənilərin qarşıya qoyduqları bir çox planları həyata keçirməyi asanlaşdırdı. O zaman Laçının işğalı Ermənistanın arzuladığı və bu istiqamətdə qarşısında duran ən mühüm məqsədlərdən biri idi. Buna görə də Şuşanın işğal edilməsi Laçının işğalını daha da tezləşdirdi. Beləcə, əbədi düşmənimiz haylar tərəfindən Şuşa ilə yanaşı, az keçmədi Laçın da işğal olundu. Düz 28 il laçınlılar yurd, el-oba həsrətilə yaşadı. Ötən bu illər ərzində nələr oldu, nələr baş verdi... Doğma ocaqlarını məcburi tərk edərkən Laçın boyda dərdi özləri ilə gətirən sakinlər bir an belə o yerləri unutmadılar, unuda bilmədilər. Bu həsrət, hicran neçə-neçə ağsaqqal, ağbirçəklərin həyatdan köçməsinə səbəb oldu. Ölkənin 58 şəhər və rayonuna səpələnən laçınlılar nə qədər yaxşı yaşasalar da özlərini həmişə xəyalən Laçında bildilər. Vətənin hər bucağı doğma oldu onlara, amma Laçın olmadı. Nəhayət, 2020-ci ildə, 44 günlük Vətən müharibəsi zamanı Şuşanın azadlığı Laçının azadlığa qovuşmasını labüd etdi. İndi bütün işğal edilmiş ərazilərimiz kimi Laçın da özünün yeni, azad həyatını yaşayır. Vətən torpağının azadlığı bütün xəyalları gerçəyə çevirdi. Erməni vandalizminə məruz qalan Laçın özünün yeni dövrünə qədəm qoyub. İşğaldan azad olunmuş ərazilərimizin inkişafını daim xüsusi diqqətdə saxlayan Prezident İlham Əliyev Laçın rayonuna bir neçə dəfə səfər edib. Bu səfərlər zamanı dövlətimizin başçısı Güləbird Su Elektrik Stansiyasının, "Qorçu" və "Laçın" şəhər yarımstansiyalarının, Laçın şəhərində 1 Dekabr, Heydər Əliyev, Zəfər və 28 May, Xosrov bəy Sultanov və Zəngəzur küçələrinin kəsişmələrindəki lövhələrin açılışını edib, Laçın Beynəlxalq Hava Limanının, Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin, 110/35/10 kV-luq "Laçın" Qovşaq Yarımstansiyasının, Qorçu qəsəbəsinin və Şəlvə kəndinin, Laçın şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin, İşğal və Zəfər Muzeyi Kompleksinin təməlini qoyub, rayonda həyata keçirilən layihələrin, aparılan quruculuq işlərinin gedişi ilə tanış olub. Cəmi 7-8 aya şəhərdə böyük tikinti-quruculuq işləri həyata keçirilib. Artıq Laçında sakinlərin bir qisminin yaşayışı da təmin edilib. İlk köç karvanı may ayında oldu.  Prezident İlham Əliyev mayın 28-də Laçına növbəti səfəri zamanı laçınlılarla görüşündə aparılan quruculuq işlərindən bəhs edərək deyib: "Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər - hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun".

30 ilə yaxın yolumuzu gözləyən düşmən əsarətindəki ərazilərimizin işğaldan azad edildiyi günlərin dövlət tərəfindən təsis edilməsi tarixi olduqca qürurverici və xoşdur. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı  ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sərəncama əsasən 26 avqust Laçın Şəhəri Günü kimi müəyyən olub. Bu tarix artıq Laçının yenidən dünyaya gəlişi, inkişafı və dirçəlişi günüdür. İşğaldan azad edilən ərazilərimizin şəhər günlərinin qeyd edilməsi istiqamətində ilk olaraq  Laçın öz günündə doğma sakinləri ilə yanaşı, bir çox qonaqlara da qucaq açdı.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Prezidentin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Laçın şəhərində Həkəri çayının sahilində keçirilən "Laçın Şəhəri Günü" bayram tədbirində iştirak etdilər. Müxtəlif səpkili bayram tədbirləri ilə bərabər, Uşaq İncəsənət Festivalının yay düşərgəsində finala çıxmış şagirdlərin rəssamlıq, dekorativ-tətbiqi sənət və digər istiqamətlər üzrə əsərlərinin təqdimatları oldu. Həmin gün eyni zamanda, uşaqların da bayramı, xoş günü idi. Bunun biz ölkə başçısının uşaqlarla görüşü, səmimi davranışı zamanı da şahidi olduq. İllər ötəcək, zaman dəyişəcək, nəsillər bir-birini əvəz edəcək. Həmin uşaqlar da böyüyəcək, lakin Laçında Prezidentlə görüşüb səmimi söhbət etmələri heç vaxt yaddaşlarından silinməyəcək. Bəli, bu da bir tərbiyə formasıdır. Azərbaycan xalqı, dövləti öz övladını bu ruhda, bu amalda tərbiyə edir.

Bu gün Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Müharibənin başa çatdığı 3 ilə yaxın bir dövrdə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın dəfələrlə Laçına səfər etmələri bu rayonun sürətlə və keyfiyyətlə yenidən qurulmasına yol açıb. Dövlətimizin başçısının hər bir səfəri rayonun həyatına canlanma gətirib, təməli qoyulan və açılışları olunan çoxsaylı layihələrlə zəngin olub. Eyni zamanda, bu ilin 23 aprel tarixində Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsi yaradıldı. Həmin gün, Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu.

Laçın Şəhəri Günü hər birimizin qürur, fərəh günümüzdür. İlk dəfədir Azərbaycanda Laçın Şəhəri Günü qeyd edilib. Hər bir qarış torpağımızın düşməndən azad edildiyi gün bizim üçün bayram, əziz gündür. İllərlə yurd, torpaq həsrəti çəksək də, öz əzəli, əbədi torpaqlarımızın bütövlüyünü bərpa etdik. Ötən illər ərzində çox ağladıq, həsrət çəkdik. Bu gün isə qürur, fərəh hissi ilə ərazilərimizin azadlığa qovuşduğu günləri qeyd edirik.

Ramidə YAQUBQIZI,

"Respublika".