Oliver Varhelyi: Avropa İttifaqı regionda sülhə töhfə verməyə hazırdır
Digər xəbərlər

Oliver Varhelyi: Avropa İttifaqı regionda sülhə töhfə verməyə hazırdır

Azərbaycan öz tolerantlığı, din-dövlət münasibətləri baxımından dünyada nadir dövlətdir. Ölkəmizdə dinə və dindarlara xüsusi dövlət qayğısı var. Burada bütün dinlərə mənsub insanlar təhlükəsiz şəraitdə yaşayırlar.

AZƏRTAC xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə iyulun 8-də Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi ilə görüşündə deyib. Qarabağın erməni işğalından azad olunmasından danışan QMİ sədri qeyd edib ki, azad edilmiş torpaqlardakı 67 məsciddən 65-i dağıdılıb. Məscidlərimiz tövlə kimi istifadə edilib. Lakin Azərbaycan Prezidenti İlham Əliyev bütün maddi-mədəniyyət nümunələri kimi, məscidlərin və digər dinlərə məxsus məbədlərin də təmir olunması barədə göstəriş verib.

Erməni katolikosunun həqiqətə uyğun olmayan bəyanatlar verdiyini, kilsələrin guya dağıdıldığı ilə bağlı şayiələrin yayıldığını təəssüflə bildirən Allahşükür Paşazadə qeyd edib ki, bütün bunlar yalandır və erməni şovinizminin növbəti göstəricisidir.

Azərbaycan-Avropa İttifaqı əlaqələrindən danışan Oliver Varhelyi bildirib ki, Aİ ölkəmizlə münasibətlərin uğurla davam etdirilməsi prinsipinə sadiqdir. “Azərbaycanla əlaqələrimizi daha da genişləndirməkdən çox şad olarıq. Biz Avropa İttifaqı olaraq regionda sülhə töhfə verməyə hazırıq. Bizim də bu işə köməyimiz dəyərsə, məmnun olarıq”, - deyə Aİ nümayəndəsi qeyd edib.

Azərbaycandakı dini konfessiyaların rəhbərləri tədbirdə çıxış edərək, ölkəmizdə hökm sürən tolerant mühitdən danışıb, dövlətin müxtəlif dinlərə mənsub vətəndaşlara eyni diqqət və qayğı ilə yanaşdığını vurğulayıblar.

AZƏRTAC