“Laçın Şəhəri Günü”nün sevincini zabuxlular da öz yurdlarında yaşadı
Digər xəbərlər

“Laçın Şəhəri Günü”nün sevincini zabuxlular da öz yurdlarında yaşadı

"Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İstisuyu, biz onlarsız yaşaya bilmərik. Təsəvvür edə bilmərik".

Bu sözlər ulu öndər Heydər Əliyevin illər əvvəl əzm və qətiyyətlə dediyi və ürəkdən istədiyi arzularıdır. O arzular ki, uzun illər, 30 il xalqın, millətin onunla bərabər dövlətin arzularının fövqündə dayandı. İtirdiyimiz torpaqların acısı nə qədər ağır olsa da, bir ümid işığı közərdi qəlbimizdə. Bu dərdin ağrısını həm kürəyimizdə,  həm də ürəyimizdə çəkdik. Ağladıq, həsrət göz yaşı axıtdıq,  amma bir an olsun inamımızı itirmədik. Çünki biz düşmənimizi tanıdığımız kimi, öz gücümüzü də bilirdik. Bilirdik ki, hərbi gücdən, ən ağır silahdan belə üstün olan millətin qeyrət hissi, milli təəssübkeşlik ruhu kədərimizi sevincə, fərəhə çevirəcək. Bəli, o gün yetişdi. 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri Ermənistan üzərində şanlı Qələbə qazanaraq işğal altında olan torpaqlarımızı azad etdi. Rəşadətli ordumuz 2020-ci il 27 sentyabr tarixində başlayan İkinci Qarabağ müharibəsində erməni təxribatlarının qarşısını qəhrəmancasına alaraq, düşmənin layiqli cavabını verdi. Azərbaycan əsgəri doğma torpaqlarını necə müdafiə etdiyini, Vətən uğrunda son damla qanınadək vuruşmağı bacardığını və düşməndən qat-qat  üstün olduğunu bütün dünyaya sübut etdi.

Azərbaycan öz qələbəsi ilə doğma torpaqlarına, yurd yerlərinə addım-addım, sevgi, nəvaziş və ehtiyatla qovuşdu. Çünki bu, millətin, azərbaycanlıların ən həssas, kövrək məqamı idi. Dövlətimiz bütün bunları nəzərə alıb, öz vətəndaşının yurd sevincinə sevinc qatdı. Ölkə başçısının işğaldan azad olunmuş ərazilərə tezliklə qayıdışı təmin etmək barədə sərəncam və fərmanları qüvvəyə mindi. Qaçqın, köçkün kəlmələri artıq arxaikləşdi. Köhnəldi, qüvvədən düşdü. Keçmiş məcburi köçkünlər deyə müraciət formamız da dəyişdi. Hər şey artıq keçmişdə qaldı. İndi qarşımızda yeni, daha güclü, daha inkişaf etmiş, bütöv Azərbaycan var. Ölkəmizdə böyük quruculuq işləri gedir. Baxmayaraq ki, Azərbaycan dünyada neft ölkəsi kimi tanınırdı. Bu gün artıq qeyri-neft sahəsinin inkişafı, enerji ehtiyatlarının zənginliyi və digər təbii ehtiyatlar baxımından ölkəmiz beynəlxalq aləmdə öz etibarlılığını təmin edib. Mühüm iqtisadi əməkdaşlıq nəticəsində Azərbaycan öz iqtisadi potensialı sayəsində işğaldan azad edilmiş ərazilərimizdə irimiqyaslı tikinti-quruculuq işlərinə başlayıb. Qələbədən ötən üç illik müddət ərzində bir sıra yaşayış yerlərimiz tikilib istifadəyə verilib. Böyük Qayıdış planına uyğun olaraq insanların öz doğma yurd yerlərinə köçü reallaşıb. İndi Ağalıda, Talışda, Laçında, Füzulidə, Zabuxda yaşayış var. Yaxın günlərdə isə Sus kəndinə köç karvanları yola düşəcək.

Minlərlə can qurban olan, sinəsi hərbə meydan olan Vətənin hər qarış torpağında işıqlarımız gur yanır. Daha həsrətdən deyil, sevincdən ağlayan, göz yaşı selə dönən insanları görürük. Hər biri doğma yurd yerinə, ocağına qovuşmağa tələsir. Səbirsizliklə o günü gözləyir. Mərhələli şəkildə həyata keçirilən köç karvanlarının yetişdiyi ünvanlardan biri də Laçın şəhəridir. 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verilib. Ancaq noyabr ayının 9-u Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycan dövləti tərəfindən nəzarətə götürüldü. Həmin gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bütün Azərbaycan xalqını sevindirdi: "Bu gün, avqustun 26-da biz - azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!". 2022-ci il sentyabr ayının 21-də Ali Baş Komandan İlham Əliyev Laçının mərkəzində Azərbaycan bayrağını ucaltdı. Beləcə, Laçına həyat yenidən qayıtdı. Yurda sarı köç karvanları yola düşdü. 31 illik həsrətdən sonra işğaldan azad edilmiş Laçın şəhərinə ilk köç bu ilin 28 may tarixində baş tutdu. 20 laçınlı ailədən ibarət 97 nəfər doğma yurd-yuvalarına qovuşdu. Ardıcıl olaraq həyata keçirilən köçürülmə prosesinə uyğun olaraq 2023-cü ildə Laçın şəhərinə 700 ailənin, Zabux və Sus kəndlərinə isə 800-dən çox sakinin köçürülməsi nəzərdə tutulur. Artıq Zabux öz sakinlərini qarşılayıb. Avqustun 25-də Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3" yaşayış kompleksindən yola düşən köç karvanına Bərdə, Şirvan və Mingəçevirdən də qoşulan zabuxlu ailələr olub. İlkin olaraq kəndə 20 ailə, 88 nəfər köçürülüb.

Laçında həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Baş plan layihəsində təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib. Bununla yanaşı, çoxfunksiyalı zonalarda və digər yaşayış ərazilərində çoxmənzilli binaların tikilməsi təklif edilir. Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də yaradılacaq. Planlaşdırmada tətbiq edilmiş "15 dəqiqəlik şəhər" prinsipi isə yaşayış məhəllələrinin, gündəlik tələbat obyektlərinin yaxın məsafədə olmasını və aşağı sürətli yol infrastrukturunun təşkilini nəzərdə tutaraq sakinlərin və qonaqların şəhər daxilində rahat hərəkətini təmin edəcək.

Laçın şəhərində istehsalat, xidmət və tədris müəssisələrinin yaradılması, əhalinin məşğulluğunun təmin edilməsi də diqqət mərkəzində saxlanılır. Əhalinin məşğulluğunun təşkili rayonun tarixi ənənələrinə əsaslanır. Belə ki, yaxın gələcəkdə burada ekoloji və səmərəli kənd təsərrüfatı, tikinti, yüngül və qida sənayesi, balıqçılıq, tingçilik və digər sosial xidmət sahələrinin inkişafı nəzərdə tutulur. Laçın şəhərində yaradılan Aqro və Sənaye Parkında ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcək. Burada həm iri, həm də kiçik mebel fabrikləri, yüngül materiallardan ev və digər konstruksiyalar hazırlayan müəssisə, balıq təsərrüfatı, yeyinti sənayesi, yüngül sənaye, ekoloji cəhətdən təmiz emal müəssisələri, xırdabuynuzlu heyvanlar üzrə elmi-təcrübə mərkəzi yaradılacaq.

Avqustun 25-i Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın şəhərinə səfər ediblər. 26 avqust həm də “Laçın Şəhəri Günü”dür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 31 iyul 2023-cü ildə azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən 26 avqust - “Laçın Şəhəri Günü” kimi təsis edilib. Günün mübarək, əziz Laçın!

Ramidə YAQUBQIZI,

"Respublika".