Laçın-Xankəndi yolunda etiraz aksiyası davam edir
Digər xəbərlər

Laçın-Xankəndi yolunda etiraz aksiyası davam edir

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin bu günə kimi monitorinq baş tutmayıb.

Laçın-Xankəndi yolunun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Onlar öz məqsədlərinə çatana kimi aksiyanı davam etdirməyə qərarlıdırlar.

Faydalı yataqların qanunsuz istismarına etiraz əlaməti olaraq keçən il dekabrın 12-də səhər saatlarından başlayan aksiya davam edir. Dinc aksiyaya qoşulan ekofəallar yolun Laçın və Xankəndi istiqamətlərində hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırır, "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!", "Azərbaycan vahiddir, sərvətinə sahibdir!", "Ekoloji cinayətə son!", "Stop ekoterror!" və s. şüarlar səsləndirirlər.

Onu da qeyd edək ki, gün ərzində Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus avtomobillərin aksiya keçirilən ərazidən sərbəst hərəkəti təmin olunub. Bu bir daha göstərir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər, təminat və təchizat avtomobilləri üçün açıqdır. Aksiya iştirakçıları həmişə olduğu kimi, nikbin əhvali-ruhiyyədədirlər. Aksiya keçirilən ərazidə təhlükəsizlik qaydalarına ciddi əməl olunur.

Qeyd edək ki, 42-ci gündür ki, bu mənzərə dəyişmir, aksiya iştirakçıları yüksək əzm, mətanət, qətiyyət nümayiş etdirirlər.

Əli SADIQOV,

"Respublika".