Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsi qurması Azərbaycanın suveren hüququdur
Digər xəbərlər

Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsi qurması Azərbaycanın suveren hüququdur

Azərbaycanın parlaq qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra Ermənistan tərəfi üzərinə götürdüyü öhdəlikləri birtərəfli qaydada pozaraq şərti sərhəddə mütəmadi olaraq təxribatlara əl atır, Qarabağda yaşayan ermənilərin arasında olan separatçılar vəziyyəti gərginləşdirir, erməni diversantlar ərazilərimizə minalar basdırır. Həmçinin Laçın yolundan hərbi məqsədlər üçün istifadə edirdilər. Vətən müharibəsindən sonra çoxlu sayda hərbçilərimiz və mülki vətəndaşlarımız həlak olub. Bir neçə gün öncə Şuşa rayonu ətrafında Ordumuzun daha üç hərbi qulluqçusu mina partlaması nəticəsində xəsarət aldı. Bütün bunlar məğlub ölkənin alçaq niyyətlərindən əl çəkməyəcəyini göstərirdi.

Ötən gün Azərbaycanın Dövlət Sərhəd Xidməti tərəfindən Ermənistanla şərti sərhəddə, Laçın-Xankəndi yolunda sərhəd-buraxılış məntəqəsinin qurulması məğlub ölkənin çirkin niyyətlərinin və əməllərinin qarşısını almağa hesablanıb. Azərbaycan dəfələrlə qarşı tərəfə xəbərdarlıq etmiş, faktları ortaya qoymuşdu, amma yenə də Ermənistan bilavasitə "sülhməramlı"ların himayəsi altında bölgəni hərbiləşdirir, qanunsuz silah daşımaları həyata keçirirdi. Bu, həm də Qarabağda yaşayan dinc ermənilərin həyatı üçün ciddi təhlükə yaradırdı. Bundan başqa, həmin ərazilərə köçürüləcək vətəndaşlarımızın həyatını böyük təhlükə altına salırdı. Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsinin qurulması bu kimi halların qarşısını alacaq.

Azərbaycanın sərhəd nəzarət-buraxılış məntəqələrində nəzarəti təmin etməsi onun suveren və ayrılmaz hüququ, kənar və qanunsuz müdaxilələrin qarşısının alınması, milli təhlükəsizliyin təmin edilməsidir.

Səttar MÖHBALIYEV,

Azərbaycan Həmkarlar İttifaqları

Konfederasiyasının (AHİK) sədri,

Milli Məclisin deputatı.