Aparılan islahatlar nəticəsində son dövrdə Ali Məhkəmənin hakim korpusunun 60 faizi yenilənib
Digər xəbərlər

Aparılan islahatlar nəticəsində son dövrdə Ali Məhkəmənin hakim korpusunun 60 faizi yenilənib

Məhkəmə-Hüquq Şurasından verilən məlumatda bildirilir ki, təkcə son dövrlər Ali Məhkəməyə zəruri hazırlığa və mənəvi keyfiyyətlərə malik 25 yeni hakim təyinatı aparılmaqla onun tərkibi 60 faiz yenilənib, məhkəmənin bütün kollegiya sədrləri dəyişdirilib. Həmçinin apellyasiya məhkəmələrinin bütün sədrləri və kollegiya sədrləri dəyişməklə, yeni, daha hazırlıqlı kadrlarla möhkəmləndirilib. Bu məhkəmələrin hakim korpusunun yarıdan çoxu təzələnib. Fəaliyyətini yeni çağırışlara uyğun qura bilməyən 15-dək hakim həmin məhkəmələrdən aşağı işə keçirilib.

Hakimlərin məsuliyyət hissinin artırılması məsələləri də daim diqqətdə saxlanılıb, hakim adına layiq olmayan şəxslər bu sistemdən kənarlaşdırılıb. Dövlətimizin başçısının qeyd edilən Fərmanının icrası çərçivəsində qəbul olunmuş hakimlərin fəaliyyətinin qiymətləndirilməsinin yeni şəffaf qaydaları bu sahədə səmərəli mexanizm rolu oynayıb. Ötən dövrdə bu qaydalar əsasında 300-dən çox hakimin fəaliyyəti qiymətləndirilib və işində peşəkar çatışmazlıqlar aşkarlanan 10 hakimin səlahiyyətləri xitam edilib, 20 nəfərə fəaliyyətində dönüş yaratması üçün vaxt verilib.

Apellyasiya və birinci instansiya məhkəmələrinin hakimləri ilə bağlı müvafiq təyinatların aparılmasına dair Azərbaycan Prezidentinin 2022-ci il 28 dekabr tarixli Sərəncamı kadr islahatlarında mühüm mərhələ olub. Həmin Sərəncam 70-dək hakimi əhatə edib, apellyasiya məhkəmələrində vakant olan 3 sədr müavini və 5 kollegiya sədri vəzifələri yüksək hazırlığa, təşkilatçılıq qabiliyyətinə və mənəvi keyfiyyətlərə malik hakimlər hesabına komplektləşdirilib.

Həmçinin birinci instansiya məhkəmələri sədrlərinin və digər hakimlərin fəaliyyətinin yeni qaydalara uyğun prinsipial qiymətləndirilməsi nəticəsində 50 məhkəmə sədri vəzifəsi üzrə təyinat aparılıb, uzun müddət eyni bölgədə işləyən məhkəmə sədrləri rotasiya edilib, habelə 20 nəfər, o cümlədən yeni qaydalarla seçilmiş gənc nəsil hakimlər ilk dəfə məhkəmə sədri vəzifəsinə irəli çəkiliblər.      

Ü.VAHİDOĞLU,

“Respublika”.