Maestro Niyazinin məzarı ziyarət olunub
Sosial həyat

Maestro Niyazinin məzarı ziyarət olunub

Görkəmli dirijor və dünyaşöhrətli bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı Niyazi Tağızadə-Hacıbəyovun anadan olmasının 110-cu ildönümü münasibətilə sənətkarın məzarı ziyarət olunub.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyinin nümayəndələri, ictimai xadimlər, Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin əməkdaşları, tanınmış mədəniyyət xadimləri, bəstəkarlar Fəxri xiyabana gələrək maestronun məzarı önünə gül dəstələri düzüblər.

Anım mərasimində çıxış edən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli maestronun həyat və yaradıcılığından danışıb: "Maestro Niyazi dahi dirijor, dahi bəstəkar, çox tanınmış ictimai xadim idi. Təbii ki, Üzeyir bəyin ailəsində dünyaya gəlmək və musiqiçi olmamaq mümkün deyil. O, xalqa, millətə çox yaxın və sadə insan olub. Dirijor kimi London, Paris, Praqa, Moskva, Budapeşt və başqa şəhərlərdə dövrünün nüfuzlu orkestrlərinə rəhbərlik edib. XX əsrin çox görkəmli şəxsləri Niyazinin evində qonaq olub. Onun dünyaya gəldiyi 20 avqust bizim üçün çox mühüm tarixdir. O, müxtəlif vaxtlarda ən yüksək fəxri adlara, mükafatlara layiq görülüb, bir çox orden və medallarla təltif olunub, Tbilisinin fəxri vətəndaşı seçilib. Bu gün Niyazinin adı dünyaşöhrətli dirijorlarla, bəstəkarlarla qoşa çəkilir. Qoy, bütün yeni nəsil bilsin ki, bizim tariximizdə nə qədər böyük insanlar var".

Anım günündə görkəmli sənətkarın Azərbaycanın musiqi mədəniyyətinin inkişafındakı xidmətləri vurğulanıb.

Bildirilib ki, Niyazi Azərbaycan xalqının milli sərvətidir və onun adı hər zaman böyük ehtiramla anılır. O, nəinki Azərbaycanın, eyni zamanda, bütün türk dünyasının musiqi mədəniyyətinin inkişafında xidmətləri olan şəxsiyyətdir.

Diqqətə çatdırılıb ki, maestronun Azərbaycan Opera və Balet Teatrının səhnəsində hazırladığı Müslüm Maqomayevin "Nərgiz", Qara Qarayevin "Vətən", Fikrət Əmirovun "Sevil" operaları, eləcə də Qara Qarayevin "Yeddi gözəl" və "İldırımlı yollarla" baletləri böyük uğur qazanıb. 1961-ci ildə Leninqrad Opera və Balet Teatrında Arif Məlikovun "Məhəbbət əfsanəsi" baletinin ilk tamaşasını hazırlayan maestro, həmçinin Ankara Opera və Balet Teatrında Pyotr Çaykovskinin "Qaratoxmaq qadın", Cüzeppe Verdinin "Aida" operalarına, İstanbul Opera və Balet Teatrında türk bəstəkarı Ə.Sayqunun "Koroğlu" operasının ilk tamaşasına və "Yunis Əmrə" oratoriyasına dirijorluq edib.

Qeyd edilib ki, bu gün Niyazinin adı dünyaşöhrətli dirijorlarla, bəstəkarlarla qoşa çəkilir. Onun yaradıcılığı əsl örnəkdir. Hələ neçə-neçə nəsillər Niyazi məktəbindən bəhrələnəcək.

 AZƏRTAC