ÖLKƏMİZDƏ SOSİAL RİFAH SƏVİYYƏSİ YÜKSƏLİR
Sosial həyat

ÖLKƏMİZDƏ SOSİAL RİFAH SƏVİYYƏSİ YÜKSƏLİR

Azərbaycan vətəndaşlarının rifahı Prezident İlham Əliyevin diqqət ayırdığı əsas sahələrdən biri olmaqla, uğurlu sosial-iqtisadi siyasətin mərkəzində dayanır: "Azərbaycan sosial dövlətdir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, onun problemləri, onun təhlükəsizliyi, onun xoşbəxtliyi dayanır", - deyən dövlət başçısının sosial sahəyə xüsusi qayğısı sosial müdafiə və aktiv məşğulluq proqramlarının uğurla davam etdirilməsinə və əhəmiyyətli dərəcədə genişlənməsinə, sosial təminat sisteminin dəfələrlə gücləndirilməsinə imkan verib. Prezidentin insanların rifah halının yüksəldilməsinə yönələn siyasi xətti hər bir vətəndaşın yaxşı yaşamasına, ölkəmizin daha da çiçəklənməsinə hesablanıb.

Bu gün Azərbaycanda sosial-iqtisadi həyatın bütün sahələri sürətlə inkişaf edir. Ötən 20 ildə uğurla aparılan sosial-iqtisadi islahatların, həyata keçirilən Dövlət proqramlarının, imzalanan Fərman və sərəncamların icrasının nəticəsi olaraq respublikamız dünyanın sürətli inkişaf yolunda olan dövlətlərindən biri kimi tanınır. Belə ki, dövlətin davamlı inkişafını təmin etmək üçün Azərbaycanda bütün zəruri amillər mövcuddur.

Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sosial inkişafı, vətəndaş rifahının təminatını ölkəmizdə 2021-2030-cu illəri əhatə edən yeni strateji mərhələdə də əsas inkişaf istiqamətlərindən biri kimi nəzərdə tutur. Dövlət başçısının uğurlu sosial-iqtisadi siyasəti nəticəsində milli iqtisadiyyatın 3 dəfədən çox artması ilə sosial rifah səviyyəsinin yüksəldilməsinə xidmət edən mühüm irəliləyişlərə nail olunub. Dünyada baş verən iqtisadi böhran nəticəsində bəzi inkişaf etmiş ölkələr sosial proqramları təxirə salsalar da, ölkəmizdə sosial layihələr uğurla icra edilir.

Ötən 20 ildə dövlət büdcəsinin illik sosial müdafiə və sosial təminat xərclərində 20 dəfədən çox artım baş verib. Belə ki, minimum əməkhaqqı 38 dəfə artırılaraq 345 manat, orta aylıq əməkhaqqı 12 dəfədən çox artırılaraq 925,3 manat təşkil edib. Minimum pensiya 14 dəfə artırılaraq 280 manata, orta aylıq pensiya 18 dəfə artırılaraq 435 manata, yaşa görə orta aylıq pensiya 19 dəfə artırılaraq 466 manata, əlilliyə görə orta aylıq pensiya 14 dəfə artırılaraq 366 manata, ailə başçısını itirməyə görə orta aylıq pensiya isə 19 dəfə artırılaraq 408 manata çatdırılıb.

Ötən dövrdə məşğulluqda özəl sektorun payının artırılması aparılan sosial-iqtisadi siyasətin əsasını təşkil edib. 2021-2030-cu illərdə məşğulluqda özəl sektorun payının artması üçün zəruri stimulların yaradılması, muzdla işləyənlərin sayında özəl sektor üzrə işəgötürənlərin payının üstünlük təşkil etməsi, qeyri-formal məşğulluğun qarşısının alınması üçün kompleks tədbirlər həyata keçirilir.

Azərbaycan iqtisadi cəhətdən güclü, beynəlxalq aləmdə sözü keçən dövlət olmasaydı, 44 günlük müharibəni unudulmaz qələbə ilə başa vura bilməzdik. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, iqtisadi müstəqilliyimiz bizə müstəqil xarici siyasət aparmağa imkan yaradır. Bu səbəbdən, milli prioritetlərdə iqtisadiyyatın inkişafına xüsusi önəm verilir. Çünki iqtisadiyyatı davamlı və yüksək templə artırmaqla adambaşına düşən milli gəlirin yüksək səviyyəyə qalxmasına da nail olmaq mümkündür. Bunun üçün isə ölkədə bazar iqtisadiyyatı ilə bərabər, sahibkarlıq da inkişaf etməlidir. Dövlət bu günədək sahibkarlığın inkişafına böyük dəstək verib. İndi də qeyri-neft sektorunun inkişafında sahibkarlığın rolunun artmasına əlavə dəstək göstərməyi qarşıya məqsəd qoyub.

Vətən müharibəsində əldə olunan qələbə ilə Azərbaycanda mahiyyət etibarilə yeni inkişaf mərhələsi başlandı. Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verir. Əldə olunmuş qələbə nəticəsində regionun yeni siyasi və iqtisadi mənzərəsi formalaşıb. Münaqişənin həlli, eyni zamanda regionun təhlükəsizliyini və kommersiya cəlbediciliyini təmin edən strateji faktordur. Sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın regional iqtisadiyyatın ümumi arxitekturasının müəyyən edilməsində rolunu artırır.

Bütün bunlar belə deməyə əsas verir ki, dövlətin həyata keçirdiyi iqtisadi inkişaf tədbirləri sistemli hal alıb. Eyni zamanda ölkədə həyata keçirilən siyasətin mərkəzində iqtisadi inkişaf və insan amili dayandığını təsdiq edir. İnanırıq ki, bu prioritetlər qarşıdakı on il ərzində sosial ədalətə əsaslanan idarəetmənin formalaşdırılması ilə iqtisadiyyatın hərtərəfli və dayanıqlı inkişafını stimullaşdıracaq, vətəndaşların sosial rifahını daha da yaxşılaşdıracaq.

Nurəngiz ADİLQIZI,

"Respublika".