Makronun suya düşən xəyalları
Digər xəbərlər

Makronun suya düşən xəyalları

Musiqidə iki nəfərin bir yerdə oxumasına duet deyirlər. Məlum məsələdir, siyasətdə duet oxuyanların əksəriyyətinin axırı hara, nəyə gedib çıxır bilirik. Son illər Fransa ilə Ermənistan da birgə "oxumağa" başlayıblar. Amma onlarınkı oxumaqdan daha çox banlamağa bənzəyir. İstədilər siyasi meydanda bir az xoruzluq eləsinlər, alınmadı. Kimsə yandan başa saldı ki, müsyö, yeri deyil.

Belə ki, ötən il dekabr ayının 20-21-də Fransa və Ermənistan Laçın yolundakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının iclasını çağırdı. Aparılan müzakirələrdən sonra Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü və hazırda onun sədri kimi Laçın-Xankəndi yolundakı vəziyyəti "humanitar fəlakət" kimi təqdim edən riyakar və tam ermənipərəst mətn hazırlamışdı. Ermənistanla birgə Laçın-Xankəndi yolunda azərbaycanlı ekofəalların dinc aksiyasına siyasi don geyindirmək məqsədilə vəziyyəti blokada kimi təqdim etməyə çalışdı. Elə bu məqsədlə də BMT Təhlükəsizlik Şurasının iclasını çağırması ilə düşünürdü ki, Azərbaycana qarşı hazırladığı xain qətnamə qəbul ediləcək. Lakin məkrli məqsədləri, planları baş tutmadı, Təhlükəsizlik Şurasının üzvləri mətni qəbul etmədilər. Əvvəlcə ermənipərəst bəyanatdan "Dağlıq Qarabağ" ifadəsi çıxarıldı. Ardınca humanitar yardımın yalnız Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət əsasında həyata keçirilə biləcəyi şərti qoyuldu. Dost ölkələrin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi nəticəsində Fransa vəziyyəti anlayaraq atdığı səhv addımdan özü imtina etdi. Nəticədə biabırçı məğlubiyyətə uğrayaraq, bu dəfə Fransa “xalqı” kef edə bilmədi.

10 gün davam edən gərgin müzakirələrdən sonra siyasi meydanda kürəyi yerə çırpılan Fransa yəqin ki, bununla Azərbaycanın diplomatik cəbhədə nə qədər güc və biliyə sahib olduğunu anlamışdı. Elə öz meydanında biabırçı məğlubiyyətə uğrayan Makron və ölkəsi Fransa hələ uzun illər atdıqları səhv addımın əziyyətini çəkəcəklər. Əlbəttə ki, bu, Azərbaycan Prezidenti İlham Əliyevin düzgün apardığı diplomatiyanın uğurlu nəticəsi və qələbəsidir.

Məlum məsələdir ki, Fransa hər zaman Azərbaycana qarşı xain, məkrli mövqedə olmuşdur. Hər halda biz bunun dəfələrlə baş verən proseslərdə şahidi olmuşuq. Hələ 2020-ci ildə 44 günlük müharibə zamanı da baxmayaraq ki, Azərbaycan öz ərazi bütövlüyü uğrunda mübarizə aparır, Ermənistan tərəfindən işğal olunan torpaqlarının azadlığını təmin edirdi, yenə də Fransa öz havasında idi. Erməni “bacıları”nın sevgisi ilə böyük xəyallar quran Fransa düşünürdü ki, xain planları baş tutandan sonra, Ermənistanla birgə "Budur gəlir cüt bacı" havasına oynayacaq. Amma olmadı, alınmadı. Onu da qeyd edək ki, elə adıçəkilən mahnı da Azərbaycana aiddir...

Ümumiyyətlə, BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazilərinin işğalı ilə bağlı dörd qətnaməsinin olduğu 30 illik bir müddətdə Şuranın Ermənistan qoşunlarının torpaqlarımızdan çıxarılması və işğala son qoyulması ilə bağlı bir dəfə də olsun hər hansı toplantısı keçirilmədi. Bu isə bizə, 20 faiz torpağı Ermənistan tərəfindən işğal olunan Azərbaycana qarşı xəyanət və laqeydlik idi. Əlbəttə ki, bu haqsızlığın səbəbkarı da ermənipərəst, erməni sevdalı Fransa idi. Belə haqsız, xain düşüncəli addımlar dəfələrlə təkrar olunub. Hər dəfə də Azərbaycan istər Fransanı, istərsə də Ermənistanı harada, nə zaman və necə yerində otuzdurmağın öhdəsindən layiqincə gəlib.

Elə 2022-ci il dekabr ayının 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşündə də biz Azərbaycan diplomatiyasının qətiyyətinin şahidi olduq. Prezident İlham Əliyev öz çıxışı zamanı ölkəmizə qarşı xain mövqe tutan bir çox beynəlxalq təşkilat və ölkələrə öz mövqeyini və sözünü çatdırdı. Əlbəttə ki, bütün bunlar dəqiq və düşünülmüş siyasi gedişlərin məntiqli nəticələridir. Azərbaycan Prezidenti İlham Əliyevin bu qələbəsi 2023-cü ildə öz millətinə, dövlətinə olan ən böyük bayram hədiyyəsidir. Bu işdə bizə dəstək olan, iclas zamanı Azərbaycanın haqq səsini müdafiə edən Böyük Britaniya, BƏƏ, Rusiya və Albaniya kimi dövlətlərə də təşəkkür borcumuz var.

 Ramidə YAQUBQIZI,

 "Respublika".