Mədəniyyət incimiz Şuşada Zəfər qurultayı
Mədəniyyət

Mədəniyyət incimiz Şuşada Zəfər qurultayı

2022-ci il aprelin 22-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı - Zəfər qurultayı işə başlayıb. Xatırladaq ki, Dünya Azərbaycanlılarının I Qurultayı ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə, II qurultay Prezident İlham Əliyevin Sərəncamına əsasən 2006-cı ildə, III qurultay 2011-ci ildə, IV qurultay isə 2016-cı ildə keçirilib.

Qeyd edək ki, Şuşa şəhərində 65 ölkədən gəlmiş 400 nümayəndənin iştirakı ilə keçirilən Zəfər qurultayı mühüm bir dövrə təsadüf etmişdir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2022-ci il "Şuşa İli" elan edilmişdi. Bununla yanaşı, ötən il sentyabr ayının 25-i və 26-da Qətər dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın qədim söz-sənət beşiyi olan Şuşa şəhərinin 2024-cü il üçün ICESCO-nun "İslam dünyasının mədəniyyət paytaxtı" proqramı üzrə namizədliyi irəli sürüldü. Konfrans iştirakçılarının yekdil qərarı ilə Qarabağımızın incisi Şuşa şəhəri "2024-cü il üzrə islam dünyasının mədəniyyət paytaxtı" seçildi.

Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi tarixi hadisədir. Yaxın keçmişdə biz bunu yalnız arzulaya və yaxud xəyal edə bilərdik. Dövlətimizin yürütdüyü uğurlu siyasət Şuşanın azad olunması ilə nəticələndi. Bu gün yaratdığımız yeni reallıqlara əsasən dilbər guşəmizdə V qurultayın keçirilməsinə nail olduq. Möhtərəm Prezidentimizin dediyi kimi, "Əziz Şuşa, sən azadsan!". Artıq Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan olunub. 2022-ci il aprelin 22-də keçirilən Dünya Azərbaycanlılarının V Zəfər qurultayında Prezidentin geniş və parlaq nitqində görüşün əhəmiyyəti, Azərbaycan diasporunun fəaliyyəti və onun qarşısında dayanan yeni vəzifələr, milli birliyimizin əhəmiyyəti, eləcə də regionda baş verən proseslər haqqında geniş fikirlər yer aldı. Bununla yanaşı, Prezident İlham Əliyevin verdiyi mesajlar dünya mətbuatının da diqqət mərkəzində oldu.

Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşanın inkişafına çox böyük qayğı göstərmişdir. Ulu öndər Şuşaya zəngin tarixi abidə, Azərbaycan xalqının qəhrəmanlıq rəmzi kimi baxırdı. 1980-1981-ci illərdə görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin məzarı üstündə abidə-məqbərə tikilmiş və 1982-ci il yanvarın 14-də Ümummilli Liderin iştirakı ilə Şuşada şairin məqbərəsinin böyük təntənə ilə açılışı olmuşdu. Bununla yanaşı, Ulu Öndər Üzeyir Hacıbəylinin və Bülbülün Şuşadakı ev-muzeylərindəki eksponatlarla tanış olmuş və onların qorunmasına dair tövsiyələrini vermişdi. Şuşaya növbəti dəfə səfər edən Heydər Əliyevin bilavasitə iştirakı ilə Şuşada şairə Xurşidbanu Natəvanın abidəsinin açılışı olmuşdu. Ulu Öndərin: "Şuşa Azərbaycanın gözüdür! Hər bir azərbaycanlı üçün iftixar nöqtəsidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir! Şuşa hamı üçün əzizdir" ifadələri Şuşanın Azərbaycan üçün əvəzolunmazlığının bariz göstəricisidir.

Əfsuslar olsun ki, xain düşmən qədim Şuşanı viran qoymuşdur. Qurultay nümayəndələri Zəfər yolu ilə Şuşaya doğru irəlilədikcə, bu vandallığın əyani şahidi oldular. Bu gün qüdrətli Azərbaycan dövləti Qarabağda, dədə-baba yurdumuzda böyük layihələr həyata keçirir. Böyük Qayıdış proqramı uğurla icra olunur. Gözəl yurd yerlərimiz əsl sahiblərinə qovuşur. Qeyd etmək lazımdır ki, Şuşada mədəniyyət abidələrimiz də bərpa olunur, quruculuq işləri sürətlə davam etdirilir. Şuşanın işğalı zamanı zədələnmiş və Bakıya gətirilmiş 3 dahi şəxsiyyətin heykəli Şuşaya qaytarıldı. İllərdir "Güllələnmiş heykəllər" adlandırılan Üzeyir Hacıbəyli, Bülbül və Natəvanın heykəlləri Azərbaycan Prezidenti İlham Əliyevlə ailəsinin Şuşaya səfəri ərəfəsində doğma yurduna qovuşdu. Bununla yanaşı, Azərbaycan peşəkar vokal sənətinin banisi, musiqi mədəniyyətimizin inkişafında böyük xidmətlər göstərmiş, görkəmli xanəndə, Xalq artisti Bülbülün Şuşanın işğalı dövründə erməni vandalizminə məruz qalan ev-muzeyinin bərpadan sonra təntənəli açılışı oldu. Açılış mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak etdilər.

Zəfər qurultayı tarixi Qələbədən sonra ilk dəfə keçirilən böyük tədbirdir. Görüş bütün dünyaya azərbaycanlıların birliyini və həmrəyliyini nümayiş etdirməklə, xalqımızın daha güclü və qüdrətli olduğunu sübut etdi. Digər tərəfdən cənab Prezidentin Zəfər Qurultayındakı nitqi diaspor fəaliyyətinin gələcək istiqamətləri üçün əsaslı fikir formalaşdırdı. Bu, həm milli hisslərin, dilimizin, həm də şanlı tariximizin təbliği sahəsində müddəaların möhkəmlənməsi üçün olduqca vacib idi. Məlumdur ki, hədəflərimiz və onların qarşısında dayanan maneələr böyük olsa da, qüdrətli Azərbaycan dövlətinin dəf edə bilməyəcəyi heç nə yoxdur. Xalqımızın Vətən sevgisi, Azərbaycan əsgərinin gücü və bütün bu amillərin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə "dəmir yumruğa" çevrilməsi regional və qlobal miqyasda gücümüzə güc qatır.

Şuşada keçirilmiş qurultayda əsas mövzular arasında postmüharibə dövründə diaspor fəaliyyətinin təşkili dayanırdı. Buraya tarixi Vətənlə əlaqələrin gücləndirilməsi, yeni nəslə vətənpərvərlik hisslərinin aşılanması və Azərbaycan dilinin tədrisinin təşkili, eləcə də şəbəkələşmə və müxtəlif səpkidə kampaniyaların hazırlanması kimi icmadaxili fəaliyyətlər daxildir. Zəfər Qurultayında möhtərəm Prezidentin Ana dili ilə bağlı tövsiyələri bu sahədəki yeni yol xəritəsi kimi qəbul edilir. Dövlətimizin başçısının bildirdiyi kimi, Ana dili əsas amildir.

Xüsusi qeyd edilməlidir ki, ölkə başçımız tədbir çərçivəsində Azərbaycan xalqının müzəffər xalq olduğunu vurğulayaraq müharibədə məğlub olmuş Ermənistanı ölkəmizin ərazi bütövlüyünü rəsmən tanımağa, sülh müqaviləsinin imzalanmasını yubatmamağa və son şansından istifadə etməyə çağırıb, həmçinin Ermənistandakı revanşist dairələrə sərt xəbərdarlıq edib.

Azərbaycan lideri ordu quruculuğunun sürətlə aparıldığını, müasir ordu formalaşdığını bildirib.

 Xalqımız məhz 30 il davam edən mənasız danışıqlardan yorularaq, öz gücünü ortaya qoydu, ədaləti və beynəlxalq hüququ bərpa etdi. Bütün dünyaya sübut etdi ki, Azərbaycan xalqı böyük xalqdır və heç vaxt işğalla barışmaq fikrində deyil.

Nurlan ABDALOV,

"Respublika".