Mədəniyyət tariximizin klassiki, milli operamızın banisi
Mədəniyyət

Mədəniyyət tariximizin klassiki, milli operamızın banisi

Azərbaycanın dahi şəxsiyyət və peşəkar sənətkarları arasında bəstəkar, musiqi sənətimizin və milli operamızın banisi, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəylinin xüsusi yeri var. Dahi bəstəkar Ağcabədidə kənd mirzəsi Əbdülhüseynin ailəsində dünyaya göz açıb, uşaqlığı Şuşada keçib. "Sənət beşiyi" olan bu şəhərin zəngin mühiti Üzeyir Hacıbəyliyə də öz təsirini göstərib. Belə ki, o, uşaqlıqdan xalq mahnılarını, muğamları avazla oxuyur, tarda çalırdı.

Üzeyir Hacıbəyli Azərbaycanın mədəniyyət tarixində əhəmiyyətli rol oynayıb. O, klassik və xalq musiqisi üçün bir-birindən gözəl əsərlər yaradıb. Həmçinin Azərbaycanın Dövlət Himninin musiqisi Üzeyir bəyə məxsusdur. Azərbaycan musiqi tarixində ilk opera "Leyli və Məcnun"un bəstəkarı kimi böyük nailiyyətlərə imza atıb. 1908-ci ilin yanvarında Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında tamaşaya qoyulan əsərin ilk dirijoru Əbdürrəhim bəy Haqverdiyev, rejissoru Hüseyn Ərəblinski olub. Məcnun rolunda ölməz sənətkar Hüseynqulu Sarabski, Leyli rolunda isə Əbdürrəhim Fərəcov çıxış ediblər. Üzeyir Hacıbəyli bu nailiyyətlərin davamı olaraq "Şeyx Sənan" (1909), "Rüstəm və Söhrab" (1910), "Şah Abbas və Xurşidbanu", "Əsli və Kərəm" (1912), "Harun və Leyla" (1915) kimi milli operalar yazıb. Bu əsərlər Azərbaycan musiqi sənətində cığır açmaqla yanaşı, dünya səhnəsində də uğur qazanıb.

"Koroğlu" operası Üzeyir Hacıbəyli yaradıcılığının zirvəsi kimi təkcə Azərbaycan mədəniyyətində deyil, dünya operalarının sırasında əzəmətlə dayanan qürurverici nümunələrdən biridir. Moskva tamaşaçılarını da heyran edən əsər, keçmiş sovet respublikalarının opera və balet teatrlarında dəfələrlə göstərilib. Üzeyir Hacıbəyli həm də Şərqdə ilk operetta janrının yaradıcısıdır. Azərbaycanda ilk musiqili komediyanın yaranması da onun adı ilə bağlıdır. Üç pərdədən ibarət "Ər və arvad" əsərinin ilk tamaşası 1910-cu ildə olub. Rollarda H.Sarabski (Mərcan bəy), Ə.Ağdamski (Minnət xanım) və başqaları çıxış ediblər.

Üzeyir Hacıbəylinin ikinci musiqili komediyası "O olmasın, bu olsun", üçüncü və sonuncu musiqili komediyası isə "Arşın mal alan"dır. Bu əsər, 70-ə yaxın xarici dilə tərcümə edilib, 100-dən çox teatrın səhnəsində oynanılıb. Bu musiqili komediya əsasında ilk bədii film 1916-cı ildə çəkilib.

Dövrünün ən yüksək mükafatlarına və fəxri adlarına, o cümlədən SSRİ Xalq artisti adına layiq görülən sənətkar Azərbaycan musiqi sənətinin inkişafına yalnız müxtəlif janrlarda əsərlər yaratmaqla deyil, həm də pedaqoq kimi böyük töhfələr verib. Bakı Musiqi Məktəbinin yaradıcısı və rəhbəri olan dahi bəstəkar, həmçinin geniş təhsil proqramlarının tətbiq edilməsinə nail olub. Bakı Musiqi Texnikumuna, Azərbaycan Elmlər Akademiyasının İncəsənət İnstitutuna, Azərbaycan Dövlət Konservatoriyasına, Bəstəkarlar İttifaqına rəhbərlik edib. İlk xalq çalğı alətləri orkestrini, Azərbaycan Dövlət Xorunu yaradıb. Üzeyir Hacıbəyli deyirdi: "Musiqini elə yazmaq lazımdır ki, onu zövqü korlanmış bir qrup adam deyil, bütün xalq başa düşsün". O, öz şagirdləri arasından böyük sənətkarlar yetişdirib.

Dahi bəstəkarın doğum günü 1995-ci ildən Azərbaycanın Milli Musiqi Günü kimi qeyd edilir. Sentyabrın 18-də ölkənin müxtəlif bölgələrində musiqi tədbirləri, konsertlər və sərgilər təşkil olunur. Bu gün Üzeyir Hacıbəyli kimi böyük sənətkarların və musiqi tarixinin daim xatırlanmasını, öyrənilməsini təmin edir. Həmçinin Milli Musiqi Günü ölkəmizin sənətinin zənginliyini və çeşidliliyini qeyd etmək və bütün dünyaya yaymaq üçün bir fürsətdir.

1948-ci ildə vəfat edən Üzeyir Hacıbəylinin dəfnində böyük izdiham yaşanıb. Onun cənazəsi Bülbülün ifasında "Sənsiz" romansının sədaları altında qaldırılıb və Fəxri Xiyabanda dəfn olunub. Bəstəkar haqqında "Üzeyir ömrü", "Üzeyir Hacıbəyov", "Əbədi iftixarımız" adlı filmlər çəkilib. Azərbaycan sənətinə ilkləri qazandıran Üzeyir Hacıbəyli və onun əsərləri, ölkəmizin mədəniyyət tarixinin ən böyük dəyərlərindəndir.

Nurcan SÜLEYMANOVA,

"Respublika".