Mədəniyyət xalqın milli sərvətidir
Mədəniyyət

Mədəniyyət xalqın milli sərvətidir

“Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir. Azərbaycan xalqı dünya sivilizasiyası xəzinəsinə böyük töhfələr vermişdir”.

Heydər ƏLİYEV,

Ümummilli lider.

Hər bir xalqın özünəməxsus mədəniyyət meyarları var. Dövlətləri fərqləndirən ən başlıca xüsusiyyətlərdən biri də məhz budur. Son illərdə texnologiyanın sürətlə inkişaf etməsi bir çox sahələrə mənfi təsir edib. Təəssüf ki, mədəniyyət də bura daxildir. Bir çox dövlətlər sərgiləri vizual formada nümayiş etdirdiyi üçün insanların əyani şəkildə iştirakı mümkün deyil. Bu mənada, respublikamız bir çox ölkələrdən fərqlənir. Azərbaycanın qədim köklərə söykənən mədəniyyət tarixi vardır. Bu il həmin tarixə yeni səhifələr yazıldı.

Ötən il mədəniyyətimizin qoruyucusu və gələcək nəsillərə miras qalması üçün ciddi işlər görmüş ulu öndər Heydər Əliyevin 100 yaşı tamam oldu. İstər paytaxtda, istərsə də bölgələrdə bir çox tədbirlər, bayram şənlikləri məhz onun xatirəsinə həsr olundu. Həmçinin idman yarışları, konfranslar, mədəniyyət günləri və silsilə tədbirlər keçirildi.

“Heydər Əliyev İli” çərçivəsində Şuşa şəhərində “1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür” mövzusunda tədbir keçirilib. Burada bəşər mədəniyyətinin tərkib hissəsi olan dil mədəni dəyərlərin ötürülməsi, qorunması və qavranılmasında mühüm amil kimi səciyyələndirilib, ana dili və əlifba millətin siması, milli sərvəti və varlığının təsdiqi adlandırılıb. Ulu öndərin ana dilinə sevgisi və qayğısı hər bir azərbaycanlıya örnəkdir. Heydər Əliyevin ölkəmizə rəhbərliyinin hər iki dövründə Azərbaycan dilinin hərtərəfli inkişafı yalnız rəsmi sənədlərdə deyil, əməli fəaliyyətdə də öz əksini tapıb. Ümummilli lider tərəfindən imzalanan fərman və sərəncamlar ölkəmizdə dil siyasətinin mükəmməl konsepsiyasını, uzunmüddətli strategiyasını müəyyən edib.

Ötən il Şuşa şəhəri “Xarıbülbül” festivalına “Türk dünyasının mədəniyyət paytaxtı” kimi ev sahibliyi edib. Üç gün davam edən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Türkmənistan, Özbəkistan (o cümlədən bu ölkənin Qaraqalpaqıstan Muxtar Respublikası), Macarıstan, Rusiya Federasiyasının Altay, Xakasiya, Saxa (Yakutiya), Tatarıstan, Tıva respublikaları, Şimali Kipr Türk Cümhuriyyəti təmsil olunub. Festivalın baş səhnəsi isə ənənəvi olaraq Cıdır düzündə qurulub.

İşğaldan azad olunan şəhərlərimizin dirçəlməsi üçün ciddi işlər görülür. Son dönəmlərdə “Xarıbülbül” festivalı ilə yanaşı, bir çox beynəlxalq tədbirlərin keçirilməsi də bu istiqamətdə atılmış mühüm addımlardandır. Bu məqsədlə, ötən il Prezident İlham Əliyev Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən hər il 26 avqust – Laçın, 4 oktyabr – Cəbrayıl, 17 oktyabr – Füzuli, 20 oktyabr – Zəngilan, 25 oktyabr – Qubadlı, 8 noyabr – Şuşa, 20 noyabr – Ağdam, 25 noyabr – Kəlbəcər şəhəri günü kimi müəyyən olunub. Ölkəmizin tarixinə yazılan bu xüsusi günlər dövlətimiz tərəfindən təntənəli şəkildə qeyd edilib.

Mədəniyyətin inkişafı üçün əsas meyarlardan biri də məhz başqa ölkələrlə qurulan dostluq əlaqələridir. Özbəkistanla olan tarixi qardaşlıq, dostluq münasibətləri xüsusi rol oynayır. Avqustun 1-dən 4-dək Bakıda Özbəkistan mədəniyyəti günlərinin keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Özbəkistan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə mədəniyyət günləri çərçivəsində tanınmış özbək sənətçilərinin iştirakı ilə böyük konsert proqramı, eyni zamanda teatr tamaşalarının nümayişi, kitab sərgisi və digər tədbirlər baş tutub. Bu məqsədlə, Özbəkistanın mədəniyyət naziri ilə yanaşı, 200-dən çox sənətçi də ölkəmizə gəlib. Bu tədbirlərin keçirilməsi ikitərəfli münasibətlərin inkişafı üçün də olduqca əhəmiyyətlidir. Qarşılıqlı əlaqələrin möhkəmlənməsi, vətəndaşlarımızın bir-biri ilə dostluq münasibətində olması vacib elementlərdəndir.

Azərbaycan kinosunun da 125 illik yubileyi qeyd edilib. Belə ki, 1898-ci il avqustun 2-də Bakıda Azərbaycan kinosunun istehsalı olan ilk qısametrajlı, səssiz film nümayiş olunub. Xalqımızın inkişafına böyük töhfə verərək milli kinomuz bu gün öz sözünü deyir. “Azərbaycanfilm”də indiyədək iki mindən çox müxtəlif növ və janrda film istehsal olunub. 2023-cü ildə də kino sahəsinin inkişafı üçün xüsusi addımlar atılıb. Bu mənada, avqustun 25-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Laçına səfəri çərçivəsində “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun açılışı edilib. Studiya Laçın başda olmaqla, ümumilikdə Qarabağ regionunun işğal və işğaldan sonrakı dövrlərinin salnaməsini yaratmaqda regional audiovizual mərkəz kimi fəaliyyət göstərəcək. Studiya çəkiliş məqsədilə regiona gələn yerli və xarici film istehsalçılarına bölgənin zəngin təbiəti, imkanları ilə bağlı bələdçilik və lokasiya xidmətləri göstərəcək, onları müvafiq avadanlıqla təmin edəcək. Bununla yanaşı, mərkəz, yerli və xarici media, dövlət təşkilatları, dövlət və özəl kinostudiyalarla əməkdaşlıq əsasında regiondan audiovizual kontent təqdim edəcək. Studiyada bədii və sənədli filmlərin çəkilişi, Qarabağ regionundakı bütün mədəni-kütləvi tədbirlərin işıqlandırılması ilə yanaşı, regional milli brendlərin və yerli məhsulların təşviqatını, teatr, ədəbiyyat, Laçındakı yenidənqurma işlərinin çəkilişini həyata keçirmək nəzərdə tutulub.

Mədəniyyət hər zaman Azərbaycan üçün prioritetdir. Onun inkişafı, mənəvi irsimizin gələcək nəsillərə olduğu kimi ötürülməsi dövlətimizin qarşıya qoyduğu mühüm məsələlərdəndir.

Töhfə SƏMƏDOVA,

“Respublika”.