Görkəmli ictimai xadim, yazıçı-dramaturq
Mədəniyyət

Görkəmli ictimai xadim, yazıçı-dramaturq

Azərbaycan ədəbiyyatının, ana dilimizin, folklorumuzun təəssübkeşi Mirzə İbrahimov 1911-ci il oktyabr ayının 28-də Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığındakı Evə kəndində anadan olub. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra fabrik-zavod şagirdliyi məktəbində oxuyub. Bir müddət mədəndə usta köməkçisi işləyib, sonra Azərbaycan Dövlət Neft İnstitutuna daxil olub. 1933-cü ildə Azərbaycan Dövlət Neft İnstitutunda təhsilini başa vurduqdan sonra, Sankt-Peterburqda (o vaxtkı Leninqrad) aspiranturada təhsilini davam etdirib, 1941-ci ildə filologiya elmləri namizədi, alimlik dərəcəsini alıb. Məhz həmin dövrdən başlayaraq müxtəlif rəhbər vəzifələrdə işləməyə başlayıb. Leninqradda aspiranturanı bitirdikdən sonra Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Görkəmli sənətkar bədii yaradıcılığa Zabrat fəhlə ədəbiyyat dərnəyinin üzvlüyündən başlayıb.

İlk tənqidi, publisistik məqalələrini, hekayə və oçerklərini ötən əsrin 30-cu illərində yazıb. "Qazılan buruq" adlı ilk şeiri 1930-cu ildə "Aprel alovları" məcmuəsində dərc olunub. Ədibin ilk irihəcmli əsəri 1935-ci ildə qələmə aldığı o dövrlərdə kolxoz quruluşunun möhkəmlənməsini özündə əks etdirən "Həyat" pyesi idi. İlk hekayələrində ölkəmizdə gedən mübarizə və toqquşmaları, qadın azadlığı problemini, quruculuq işlərini əks etdirən gənc Mirzə İbrahimov tez bir zamanda həyatın ahəngini tuta bilir.  1932-ci ildə sosialist sənayesinin inkişaf sürətini öyrənmək üçün Ukraynanın Donbas şaxtalarında, Dnepropetrovsk sənaye müəssisələrində olub, "Giqantlar ölkəsi" oçerklər kitabını yazıb. Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun ikiillik hazırlıq şöbəsində təhsil aldıqdan sonra Naxçıvan MTS siyasi şöbəsində "Sürət" qəzetinin redaktoru (1933) vəzifəsinə göndərilib.

1942-ci ildə Azərbaycan Xalq Maarif Komissarı, 1942-1946-cı illərdə Azərbaycan SSR Maarif naziri və M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru, sonra isə Xalq Komissarları Sovetinin İncəsənət İşləri İdarəsinin rəisi kimi ölkədə təhsilin və mədəniyyətin inkişafına səy göstərib. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təsis olunduqda Mirzə İbrahimov Akademiyanın ilk seçilən 15 həqiqi üzvündən biri kimi daim elmi fəaliyyətlə məşğul olub.

Görkəmli yazıçının yaradıcılığı başdan-başa Azərbaycan ədəbiyyatının təbliğinə həsr olunub. Azərbaycan milli dramaturgiyasının ənənələrini davam etdirən sənətkar digər ədiblərimiz kimi ədəbiyyatımızın inkişafına orijinal töhfələrini verib. "Həyat", "Madrid", "Məhəbbət", "Kəndçi qızı", "Közərən ocaqlar" kimi əsərləri teatrımızın bəzəyi olub.

Sənətkar bütün yaradıcılığı ilə XX əsr Azərbaycanını təmsil edirdi. Əgər həmin dövrdə ölkəmizin mənəvi-əxlaqı, sosial-siyasi mənzərəsi haqqında dolğun məlumat əldə etmək istəyiriksə, yazıçı Mirzə İbrahimovun əsərləri ilə yaxından tanış olmalıyıq. Sənətkarın "Gələcək gün" romanı ümumən Azərbaycan milli-mənəvi fikrinin gerçəkliyini ifadə edir və gənc nəsli azərbaycançılıq ruhunda tərbiyələndirirdi. Əsərin "zülmdən qurtuluşun yeganə yolu mübarizədir". İdeyası bu gün də öz əksini tapır. Mübarizə yolu ilə biz öz haqq işimizdə qələbə çaldıq.

Müəllifin "Cənub hekayələri", "Gələcək gün" kimi şah əsərləri bu günün özündə də vətənpərvərlik missiyasını uğurla yerinə yetirir. Yazıçının "Pərvanə" romanı klassik Azərbaycan ədəbiyyatının ən möhtəşəm nümunələrindəndir. Xalqımızın mədəni-əxlaqi mənzərəsini "Pərvanə" əsərində əks etdirən dramaturq, "Böyük dayaq"da da xalq və şəxsiyyət probleminin bədii həllini verib. Həyatı, insanları necə təsvir etməyi onun bu üç əsərindən öyrənmək olar.

Universal yaradıcılıq diapazonlu Mirzə İbrahimovun ədəbi-bədii yaradıcılığının digər mühüm səhifəsini onun mütərcimlik fəaliyyəti təşkil edirdi. M.İbrahimov Şekspirin "Kral Lir", "On ikinci gecə, yaxud hər nə istəsəniz", J.B.Molyerin "Don Juan", A.N.Ostrovsikinin "Müdrik olan hər kəsə kifayətdir sadəlik" və "Quduz pullar", A.P.Çexovun "Üç bacı", A.Satramovun "Kişilərə inanmayın", N.Q.Çernışevskinin "Nə etməli" və s. kimi əsərlərini dilimizə tərcümə edib.

M.İbrahimov bütün canı, qanı, qəlbi, nəfəsi, hissi və duyğusu ilə Azərbaycan xalqına bağlı böyük vətəndaş idi. O, yazıçı, siyasi xadim, Azərbaycan Yazıçılar Birliyinin sədri kimi (qeyd edək ki, o, bu vəzifəyə 6 dəfə ardıcıl seçilmiş yeganə şəxs idi) son dərəcə böyük işlər həyata keçirirdi. M.İbrahimov bütün dövrlərdə xalq, vətən, torpaq, mədəniyyət, ədəbiyyat uğrunda mübarizə aparan fədakar insanlardan idi.

Azərbaycan Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutunun direktoru işlədiyi dövrdə o, Azərbaycan dilçiliyinin və ədəbiyyatşünaslığının inkişafına, bu sahədə aparılan elmi-tədqiqat işlərinin daha da dərinləşdirilməsinə, milli elmi kadr potensialının yüksəldilməsinə, burada hazırlanan "Azərbaycan ədəbiyyatı tarixi" fundamental əsərinin ərsəyə gəlməsinə böyük qüvvə sərf edib. Özünün təşəbbüsü ilə yaradılmış və bu gün də uğurla fəaliyyət göstərən "Cənubi Azərbaycan ədəbiyyatı şöbəsi"ndə Arazın o tayındakı soydaşlarımızın bədii irsinin ən kiçik detalları ümumi ədəbi prosesimizin tərkib hissəsinə daxil edilib.

Mirzə İbrahimov 1946-1954-cü illərdə Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin sədri, 1954-1958-ci illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri, 1981-ci ildə Sosialist Əməyi Qəhrəmanı, 1937-1991-ci illərdə SSRİ Ali Sovetinin deputatı (fasilələrlə), Azərbaycan SSR Ali Sovetinin (3-4-cü, 6-7-ci və 9-cu çağırış) deputatı olmuşdur.

Mirzə İbrahimov vətənimizin bütövlüyünü ustad bədii söz təəssübkeşi kimi daim qorumağa çalışıb. Böyük ədibin ana dilimizə hörməti, dilimizin keşiyində durması, onun bu yöndə gördüyü işlər əvəzsizdir. M.İbrahimov yaradıcılığından, fəaliyyətindən öyrənəcəyimiz çox şeylər var.

Röya RÜSTƏMLİ,

"Respublika".