Mədəniyyətlərarası dialoqu təşviq edən “Bakı Prosesi
Gündəm

Mədəniyyətlərarası dialoqu təşviq edən “Bakı Prosesi"

Mədəniyyətlərarası Dialoq Forumu çox mühüm və nüfuzlu beynəlxalq platformadır. Mayın 1-də Bakıda keçirilən "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda 110 ölkənin nümayəndəsi iştirak etdi.

Forumda çıxış edən Prezident İlham Əliyev vurğuladı ki, "Bakı Prosesi" mədəniyyətlərarası dialoqu təşviq edir. Tədbir ziyalıları, siyasətçiləri, media nümayəndələrini, vətəndaş cəmiyyətini bir araya gətirir. Əfsuslar olsun ki, dünyada yeni münaqişə ocaqları yaranır. Ölkə başçısı çıxışında bu məsələlərin həllində Azərbaycanın öz təcrübəsi olduğunu diqqətə çatdırdı.

Əsrlər boyu Azərbaycan mədəniyyətlərin qovuşduğu məkan olub. Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti hər zaman ən mühüm dəyərləri - qarşılıqlı hörmət, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub. Forumda Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanda müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar. Onlar Azərbaycanın dəyərli vətəndaşlarıdırlar. Ölkə daxilində hər zaman müsbət mədəniyyətlərarası dialoq olub. Xalqımız bunu gündəlik həyatında nümayiş etdirib.

"Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda ölkə başçısı onu da qeyd etdi ki, Azərbaycan müstəqilliyinin ilk illərində çox çətinliklər yaşadı, ölkəmizi parçalamaq cəhdləri, aqressiv separatçılıq var idi, ancaq bu vəziyyətdən çıxa bildi. Bütün bunlar Azərbaycan xalqının məhz həmrəyliyini, birliyini sınağa çəkdi. Buna görə milli maraqların qorunması çox vacib amil idi.

Mədəniyyətlərarası dialoq Azərbaycanda güclü şəkildə təşviq edilir. Ölkəmizdə çoxsaylı tədbirlər təşkil olunur. Bu tədbirlər dinlərarası dialoqla bağlıdır. Azərbaycan qəti şəkildə çoxtərəfliliyə sadiqdir. Ölkəmiz çoxtərəflilik dəyərlərini 120 ölkənin üzv olduğu Qoşulmama Hərəkatında 2019-cu ildən bu ilin əvvəlinə qədər fəal şəkildə təşviq edib.

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Prezident İlham Əliyev bəzi ölkələrin çox ağrılı-acılı müstəmləkə tarixçəsi olduğuna diqqət çəkərək bildirdi ki, həmin ölkələrin səsi dinlənilməli və onlar yaddan çıxarılmamalıdırlar. Həmçinin yeni müstəmləkə tendensiyalarına qarşı mübarizə aparılmalıdır. XXI əsrdə bəzi Avropa ölkələrinin digər xalqlara müstəmləkə kimi yanaşmasına əsla imkan verilməməlidir. Dünya məcburi assimilyasiyaya aparan iyrənc neokolonializm təcrübəsinə göz yummamalıdır. Forumda Prezident İlham Əliyev bəyan etdi ki, Avropa təsisatları bəzən çalışırlar ki, Avropada olmayan ölkələrin daxili işlərinə müdaxilə etsinlər. Amma Avropa Parlamenti və AŞPA bununla bağlı səsini çıxarmır. Çünki yeni müstəmləkə tendensiyaları davam edir.

"Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Azərbaycan həqiqətlərini növbəti dəfə diqqətə çatdıran Prezident İlham Əliyev ölkəmizdə keçiriləcək COP29-a hazırlıq prosesindən və bu istiqamətdə planlardan da geniş bəhs etdi.                                                                     

Cavid OSMANOV,

Milli Məclisin deputatı.