MEDİA - yeni fəaliyyət modeli
Digər xəbərlər

MEDİA - yeni fəaliyyət modeli

Bu, milli mətbuatın müasir çağırışlara adekvat reaksiyasına stimul verir

Bu gün elektron informasiya resurslarına sürətli keçid cəmiyyətin digər sahələrində olduğu kimi, qlobal informasiya məkanında da tamamilə yeni, fərqli rəqabət mühitini, fəaliyyət prinsiplərini formalaşdırmışdır. Müasir çağırışlar media subyektlərinin işində köklü dəyişiklikləri diktə edir. Medianın İnkişafı Agentliyi (MEDİA) bütövlükdə medianın fəaliyyətinin təkmilləşməsinə, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılmasına, onların sosial müdafiəsinin gücləndirilməsinə, media sahəsində mütəxəssislərin hazırlanması və onların əlavə təhsilinin təşkilinə stimul verəcək bir sıra vacib və səmərəli layihələr həyata keçirməkdədir.

Belə ki, agentlik özünün məqsəd və fəaliyyət istiqamətləri barədə müntəzəm məlumat verilməsi işini önə çıxarıb. Bununla bağlı geniş informasiya verilir. Eyni zamanda müxtəlif sayt və mətbuat orqanlarında birgə müzakirələr, fikir mübadiləsi aparılır. Agentlik bununla media mənsublarının təkliflərini öyrənməyə çalışır. Bu təkliflər, əldə olunan nəticələr ümumi işin xeyrinədir, təqdir olunmalıdır. Onu da qeyd etmək lazımdır ki, belə yanaşma indiyə qədər olmayıb. Agentliyin təşəbbüsləri sayəsində yeniliklər medianın şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına şərait yaradacaq. Medianın inkişafı dövlətin daim diqqət mərkəzindədir. Bununla əlaqədar medianın bütün seqmentlərinə dövlət dəstəyinin həyata keçirilməsi əsas fəaliyyət istiqaməti olan agentlik bu önəmli işin icrasına da başlayıb. Bu sahədə onlayn mediaya da dövlət dəstəyinin göstərilməsi uğurlu addım kimi qiymətləndirilməlidir. Belə ki, perspektivli media resurslarının inkişafının stimullaşdırılması məqsədilə keçirilən müsabiqənin davamlı olması nəzərdə tutulur. Nəticə olaraq medianın iqtisadi müstəqilliyinə zəmin yaradılır.

Bu gün daha çox səslənən fikirlər jurnalistikanın inkişafı, peşəkarlığın artırılması ilə bağlıdır ki, agentlik bununla əlaqədar media sahəsində idarəçilik, menecment və başqa sahələr üzrə treninqlərin təşkili yönündə uğurlu addımlar atır. Medianın İnkişafı Agentliyinin tamamilə yeni inkişaf meylini reallaşdıran möhtəşəm layihəsi aparıcı kütləvi informasiya vasitələrində rezonans yaratdı. Qurum Azərbaycanın nüfuzlu universiteti — ADA Universitetində ixtisasartırma proqramlarının birgə təşkilatçılığı ilə “Mediada islahatlara doğru” mövzusunda seminarlar təşkil etdi. Media rəhbərləri və menecerləri üçün nəzərdə tutulan seminarlar həm onlayn, həm çap, həm də audiovizual medianı əhatə edirdi. Məqsəd media mühitinə birgə nəzər salmaq, bu sahədə innovativ təcrübələri araşdırmaq və media nəzəriyyələrinə uyğun ölkədə islahatlara təkan vermək idi. Onu da vurğulamaq lazımdır ki, bir ay davam edən seminarlar özünün fərqli təqdimat forması ilə həm yerli, həm də xarici mətbuatda geniş təhlil və müzakirələrə səbəb olmuşdur.

“Biz Azərbaycan mediasında mövcud problemlərin xarakteri və məzmununun müəyyənləşdirilməsi məqsədilə təhlillər aparmış və onların aradan qaldırılmasının optimal həlli yolları üzərində işləmişik. Gəldiyimiz nəticələr və mövzuya dair ətraflı fikirlərimiz yaxın müddətdə media ictimaiyyətinə açıqlanacaq”, – deyən agentliyin icraçı direktoru Əhməd İsmayılov bildirib ki, media subyektlərinin infrastrukturunun modernləşdirilməsi, müvafiq sahədə yeni iqtisadi modelin yaradılmasına dəstək göstərilməsi istiqamətində tədbirlərin həyata keçirilməsini də nəzərdə tutur. Bundan sonrakı dövrdə agentliyin səlahiyyət dairəsinə müvafiq olaraq istər çap mediası, istər onlayn, istərsə də  audiovizual media sahəsində daha əhatəli, müasir dövrün çağırışlarına cavab verən, məzmun və forma baxımından yenilənmiş, daha uzunmüddətli hədəflərin əldə olunmasına yönələn layihələrin işlənib hazırlanması və həyata keçirilməsi də daxil olacaq.

Agentliyin nikbin perspektivlərə əminlik yaradan layihələri mərhələli şəkildə, mediaya açıq həyata keçirilir. Yaxın gələcəkdə mətbuat orqanları və eləcə də hər bir jurnalist yeniliyin şahidi olacaq, bununla da MEDİA-nın yeni fəaliyyət modeli ölkəmizin hazırkı sosial-iqtisadi gücünə, qüdrətli ordusuna, davamlı inkişafına cavab verən yüksəliş tempini artıracaqdır.

Mustafa KAMAL,

“Respublika”.