Medianın müstəqilliyi mühüm məsələdir
Digər xəbərlər

Medianın müstəqilliyi mühüm məsələdir

"Əkinçi" qəzetinin nəşrə başladığı gün - 22 iyul Milli Mətbuat Günü kimi qeyd olunur. Dövlət müstəqilliyimiz bərpa edildikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü büruzə verib. Müasir dövrdə ölkəmizdə yüzlərlə mətbu orqanı fəaliyyət göstərir.

Mövzu ilə bağlı danışan görkəmli jurnalist, professor Cahangir Məmmədli mətbuat azadlığının bütün dünya dövlətləri üçün ən vacib məsələlərdən olduğunu qeyd edib. Təsadüfi deyil ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən dərhal sonra "Kütləvi informasiya vasitələri haqqında" qanun qəbul edildi. Çünki KİV haqqında qanun və azad mətbuat olmadan dövlət quruculuğu mümkün deyil. Bunu Ümummilli Liderimiz Heydər Əliyev dəfələrlə qeyd edib. Prezident İlham Əliyev də bu məqamı daim vurğulayır. Bizim klassik mətbuatımızın gücü hər kəsə məlumdur. Bu gün də lazımi məlumat əldə etmək üçün həmin mətbuata üz tuturuq. Azərbaycanın müasir mətbuatı isə özünün inkişaf mərhələsini yaşayır. Təsəvvür edin ki, 1992-ci ildə qəbul olunan KİV haqqında qanundan sonra 1998-ci ildə Ümummilli Liderimizin 6 avqust tarixli Fərmanı ilə Azərbaycanda söz və mətbuat azadlığına mane olan senzura aradan qaldırıldı. KİV haqqında qanun da Heydər Əliyevin rəhbərliyi dövründə yenidən qəbul olundu. Çünki bundan öncəki qanunda mətbuat azadlığına mane olan bir sıra nüanslar var idi. Bu gün Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda "Medianın İnkişafı Agentliyi" yaranıb. Bu, həqiqətən də medianın inkişafına təkan verdi. Məhz Medianın İnkişafı Agentliyinin və onun yaradıcı heyətinin gücü ilə media qanunu yenidən işləndi. Sonuncu qəbul edilmiş "Media haqqında" qanun mətbuat azadlığını təmin edən ən mühüm qanunlardan biridir. Bu gün Azərbaycan mediası həmin qanuna müvafiq olaraq fəaliyyət göstərir. Ölkəmizdəki radioların, televiziyaların özünəməxsus ayrıca qanunu var ki, bu da məsələyə çox diqqətlə yanaşıldığını təsdiqləyir. Məsələn, İctimai Televiziyanın özünün qanunu var. Ümummilli Lider Heydər Əliyev jurnalistlərlə görüşəndə öz nəzəri fikilərini də bildirirdi. Ulu Öndər jurnalistlərə sensasiya xəbərlər hazırlayanda belə onun fakta söykənməsinin vacib olduğunu daim qeyd edirdi. Bir dəfə jurnalistlər "Biz İsraildən tank almışıq" deyə məlumat yaymışdılar. Heydər Əliyev jurnalistlərlə görüşü zamanı bu yanlışın üzərində dayanaraq onlara öz məsləhətini verdi. Ulu Öndər bildirdi ki, ilk olaraq biz İsraildən tank almamışıq, ikincisi isə belə bir şey olubsa da, bu cür xəbərləri mətbuatda yayımlamaq dövlət sirlərini ortaya qoymaq deməkdir.

Mənim isə bir ağsaqqal kimi jurnalist məzunlarımıza, bütövlükdə Azərbaycan jurnalistlərinə məsləhətim var: Əvvəla mətbuatımızın başlıca vəzifəsi bu gün milli maraqlarımızı qorumaqdır. İctimai maraqlar müəyyən dərəcədə ikinci plana keçə bilər, amma milli maraqları qorumaq bizim borcumuzdur. Mən inanıram ki, bütün mətbuat işçiləri sözügedən reallığı dərk edir. Əminəm ki, bununla Azərbaycan mətbuatı özünün yüksək inkişaf modelinə gəlib çıxacaq.

 Nurlan ABDALOV,

"Respublika".