Üçrəngli bayrağınla məsud yaşa...
Mədəniyyət

Üçrəngli bayrağınla məsud yaşa...

O, dünyanın harasında olsa da, hər zaman Azərbaycan sevgisi ilə yaşamışdır. "Səndən ötrü can verməyə cümlə hazırız" deyən şair bütün ömrü boyu azadlıq mübarizinə çevrilmişdir.

İstiqlal şairi, ruhu, qəlbi hər an Böyük Azərbaycan uğrunda döyüşən Əhməd Cavadın yaradıcılığı da taleyi kimi keşməkeşli, məşəqqətli olmuşdur. Şair uğrunda canını qurban verməyə hazır olduğu Vətənini daim azad, müstəqil görmək arzusu ilə yaşamışdır. Bütün mücadilələrində bir məqsədi olmuşdur: türkçülük. Qələmini süngüyə çevirən Əhməd Cavad nicat yolunu yalnız Türk dünyasının birliyində görürdü.

"Çırpınırdı qara dəniz", "Yol ver türkün bayrağına", "Al bayrağa" adlı şeirlərində şair əzəmətlə dalğalanan türk bayrağını vəsf edərək mükəmməl poeziya inciləri yaratmışdır. Həmin şeirlər bu gün də öz aktuallığını qoruyaraq millətin, xalqın bayrağına olan sevgisini izhar edir.

Azərbaycan, Azərbaycan!

Ey qəhrəman övladın şanlı Vətəni!

Səndən ötrü can verməyə cümlə hazırız!

Səndən ötrü qan tökməyə cümlə qadiriz!

Üçrəngli bayrağınla məsud yaşa!

Cümhuriyyət şairi, türkçülük aşiqi Əhməd Cavadın şeirlərinin əsas mövzularından biri də Bayraq və o Bayrağın ucaldılması yolunda şəhid olan qəhrəmanlardır. XX əsr Azərbaycan ədəbiyyatında Şəhid obrazını ilk dəfə poeziyaya gətirəndə məhz Ə.Cavad olmuşdur. Şairin "Azərbaycan marşı" şeiri o qədər mükəmməl yazılmışdır ki, nəinki, o dövrdə, bu gün də hər bir azərbaycanlının qəlbinin səsinə çevrilmişdir. Şeir 1919-cu ildə "Azərbaycan" qəzetində çap olunandan az müddət sonra böyük bəstəkar Üzeyir Hacıbəyovun diqqətini cəlb edir. Bəstəkarın Əhməd Cavadın "Azərbaycan marşı" şeirinə yazdığı mükəmməl musiqi bu gün hər birimizin uğur sədasına çevrilən Dövlət Himnidir.

Əhməd Cavad 1892-ci il mayın 5-də Gəncə qəzasının Şəmkir dairəsi Seyfəli kəndinin Mehrili tirəsində ruhani ailəsində dünyaya gəlib. Atası Axund Məhəmmədəli Gəncəbasar bölgəsində hörmətli şəxs olub. Əhməd Cavad ilk təhsilini üç il kənd mollasının yanında alıb. Ərəb və fars dillərini mükəmməl bilən Əhməd artıq yeddi yaşı olanda "Qurani-Kərim"i sərbəst oxuyur və bir çox surələri əzbər bilirdi. O, atasının ölümündən sonra anası ilə birlikdə Gəncəyə gəlir. Kirayə ev tutan anası Yaxşı xanım xalça sexində işə düzəlir. Ögey qardaşları Məsim və Qulunun köməyi ilə balaca Cavad 1906-cı ildə Gəncədə Şah Abbas məscidi nəzdində fəaliyyət göstərən Yelizavetpol Müsəlman-Ruhani Seminariyasında oxumağa başlayır. Hətta əla qiymətlərlə oxuduğuna görə, ona hər ay yeddi dinar qızıl pul məbləğində təqaüd verilir. Ə.Cavad burada Abdulla Şaiq, Hüseyn Cavid, İdris Axundzadə kimi ziyalılardan dərs alır. Lakin onun həyatında ən böyük rolu Türkiyədən Gəncəyə gəlmiş Savad Cavad oynayır. Seminariyada oxuduğu illərdə ilk şeirlərini yazan şair müəllimlərinin diqqətini özünə cəlb edir. Onun lirik şeirləri, tənqidi məqalələri bir sıra qəzet və jurnallarda dərc olunur. "Utan", "Müəllim" şeirləri şairin ilk qələm təcrübələrindəndir. 1910-cu ildə müəllimi A.Tofiq dostu A.Şaiqə göndərdiyi məktubda yazırdı: "Tələbələr içində Cavad adlı gənc bir şair var. Mənə oxuduğu ilk mənzumələri gələcəyə böyük ümidlər verir. Lisanı sadə və gözəldir".

Altı il seminariyada təhsil alan Əhməd Cavad 1912-ci ildə təhsilini başa vurur. 1913-cü ildə isə Gəncədə Qafqaz Şeyxülislamı Məhəmməd Pişnamazzadəyə imtahan verərək "şərəfli türk və fars dilləri müəllimi" adını alır və Gəncədə ilk rəsmi müəllim kimi 1 nömrəli Qız məktəbində pedaqoji fəaliyyətə başlayır. Ədəbiyyata əsasən ərəb-fars sözləri və tərkibləri ilə gələn şair bir neçə ildən sonra şeir dilini sadələşdirir. Buna misal olaraq, 1913-cü ildə yazdığı "Dilimiz" şeirini göstərmək olar. Əhməd Cavad dilini, millətini, vətənini sevdiyi üçün türkçülüyü təbliğ edirdi. Hələ 1912-ci ildə 20 yaşı olarkən Balkan yarımadası ətrafında gedən müharibədə azərbaycanlılardan ibarət könüllü dəstənin tərkibində Türkiyə tərəfdən döyüşlərə qatılır. Onun bu müharibədəki iştirakı ilə bağlı Hüseyn Baykara "Azərbaycan istiqlal mübarizəsi tarixi" kitabında yazırdı: "Əhməd Cavad...türk xalqının dərdlərilə dərdlənmiş, sevinclərilə də sevinmişdir".

Əsasən "İqbal", "Açıq söz", "Azərbaycan", "Maarif və mədəniyət", "Arı" və digər mətbu orqanlarla əməkdaşlıq etmiş, "Açıq söz" qəzetində yazılarının mütəmadi nəşr edilməsinə Məhəmməd Əmin Rəsulzadə köməklik göstərmişdir. 1914-1917-ci illərdə Əhməd Cavad Acarıstanı qarış-qarış dolaşaraq müxbir kimi burada baş verən ictimai-siyasi vəziyyət haqqında "İqbal", "Yeni İqbal" və "Açıq söz" qəzetlərində geniş məqalələrlə çıxış etmişdir. Lakin şairin həyat və fəaliyyətinin ən gözəl, ən məhsuldar dövrü Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və inkişafı illərinə təsadüf edir. Əhməd Cavad yaradıcılıqla bərabər, pedaqoji fəaliyyətlə də məşğul olmuşdur.

Əhməd Cavadın istər bədii yaradıcılığında, istərsə də siyasi fəaliyyətində bir amalı olmuşdur: bütöv Azərbaycanın və onun vətəndaşının azadlığı. Bu mənada, azadlıq mövzusu şairin yaradıcılığının ana xəttini təşkil etmişdir. 1918-ci ildə qələmə aldığı "Bismillah" adlı şeirində həmin ilin 15 sentyabrında Bakının Qafqaz İslam Ordusu tərəfindən rus və erməni daşnaklardan, ingilis əsgərlərindən tamamilə azad edilməsindən söhbət açılır. Şair xilaskar türk ordusunun Azərbaycana gəlişini yüksək qiymətləndirərək alqışlayırdı. "Ey əsgər" adlı şeirində də xilaskar Türk ordusuna olan məhəbbətini izhar etmişdir. Şairin, həmçinin, canından çox sevdiyi Vətəninə, Bayrağına həsr etdiyi bir çox şeirləri var. Vətəninin azadlığı, müstəqilliyi və azad ölkəsində üçrəngli bayrağının daim dalğalanması onun ən ümdə arzusu idi.

Azərbaycan Demokratik Cümhuriyyətinin yaradılmasında yaxından iştirak edən Əhməd Cavad həm də onun fəal üzvlərindən biri olmuşdur. Ömrünün 29 ilini müəllimlik kimi şərəfli, müqəddəs bir peşəyə bağlamış, "Azərbaycan dilinin sərfi və nəhvi" adlı ilk dərsliyi yazmışdır.

Ötən əsrin repressiya dalğası Əhməd Cavaddan da yan keçmir. 1937-ci ildə şair H.Cavid, M.Müşfiq və V.Xuluflu ilə eyni vaxtda həbs edilir. Oktyabr ayının 12-dən 13-nə keçən gecə 15 dəqiqəlik məhkəmənin qərarı ilə şairə güllələnmə kəsilir. Lakin hökm yerinə yetirilənə kimi Əhməd Cavad aldığı işgəncələrə dözə bilməyib dünyasını dəyişir.

Ramidə YAQUBQIZI,

"Respublika".