Məkrli niyyətlər kül oldu...
Siyasət

Məkrli niyyətlər kül oldu...

Torpaqlarımızın işğaldan azad olunmasının sevincini və qürurunu yaşayırıq. Azərbaycan xalqı Qalib xalq, ordumuz Müzəffər ordudur... 44 günlük Vətən müharibəsi və lokal antiterror tədbirləri ilə ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdik. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmənin hərbi birləşmələri darmadağın olundu. İşğalçı Ermənistan 2 dəfə kapitulyasiya aktına imza atmaq məcburiyyətində qaldı. Hayların "böyük Ermənistan", "yeni ərazilər üçün, yeni müharibələr" ideologiyası tarixin tozlu arxivinə göndərildi. Bunun nəticəsidir ki, doğma yurdumuz əsl sahiblərinə qovuşur, bütün dünya artıq qurub-yaradanların hünərinə şahidlik edir.

Bayramlarımızın xoş ovqatı bütöv Azərbaycanı bürüyüb. Artıq Novruz tonqalları Qarabağımızda alovlanır. Ümummilli lider Heydər Əliyev Novruz bayramını xalqımızı tarixən bütövləşdirən, onun varlığını birlik, böyüklük və yaşam gücü ilə qidalandıran qədim ənənə kimi qiymətləndirərək bildirmişdir: "Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm". Prezident İlham Əliyev bu arzunu, missiyanı, ata vəsiyyətini yerinə yetirdi. Tarixi ədalət bərpa olundu, qisasımız döyüş meydanında alındı, bir milyona yaxın soydaşlarımızın, bütün insanların qəlbindəki yurd həsrəti vüsala yetdi.

Hazırda əsas vəzifəmiz azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işlərinin həyata keçirilməsidir. Bu baxımdan, Prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlara mütəmadi səfərləri xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Martın 18-də dövlətimizin başçısı Xankəndi şəhərində Novruz tonqalını alovlandırdı. Qeyd edək ki, ölkə başçımız dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağ torpağında alovlandırır, bayram sevincini Azərbaycan xalqı ilə bölüşür.

Prezident İlham Əliyev Xankəndidə təkcə Novruz tonqalını deyil, necə deyərlər, düşməni də "alovlandırdı". Nitq söylədiyi meydanı "Zəfər meydanı" adlandıran ölkə başçımız bildirdi ki, məhz bu meydanda xalqımıza qarşı çirkin planlar hazırlanırdı. Bu gün isə biz bu meydanda dayanmışıq. Bildiyiniz kimi, Xankəndi işğal altında olan zaman keçmiş separatçı xunta rejimi burada tarixi saxtalaşdırmış, Azərbaycanın və onun sənətkarlarının imzasını daşıyan tikililəri təhrif etmişdi. Bu terrorun müəllifləri - Gəncəyə, Bərdəyə və digər ərazilərimizə raketlər yağdıran, bizimlə hədə-qorxu dili ilə danışan "lider"lər artıq təcridxanalardadırlar.

Hələ sovet dönəmində Ulu Öndərin rəhbərliyi ilə inşa edilən bütün binalar şəhərin Baş planına uyğun olaraq təsdiqlənmişdi. Şəhərdə aparılan tikinti işləri məhz Azərbaycan Respublikasına ayrılan büdcə vəsaiti hesabına maliyyələşib. Lakin qəsbkarlar yurdumuzu zəbt etdikdən sonra öz xislətlərinə xas olaraq bu tikililəri erməniləşdirməyə çalışıblar. Baş plana uyğun olmayan erməni arxitekturası üslubunda, şəhərin ümumi mənzərəsinə xələl gətirən binaların tikintisi də məhz bu qəbildəndir. Bununla yanaşı, separatizmi simvollaşdırmaq məqsədilə bu binalara qondarma adlar verilib. Xankəndimizi bu yolla əbədi özününküləşdirə biləcəklərini düşünənlər bu gün söküntü işlərini də dəmir barmaqlıqlar arxasında izləyirlər. Qeyd edək ki, separatçıların "parlament" adlandırdıqları şeytan yuvası da sökülən binalar arasındadır. Azərbaycana qarşı işğal, etnik təmizləmə və soyqırımı planlarının cızıldığı bu bina da artıq hayların puç olmuş ideologiyası kimi yerlə-yeksan edilib.

Digər tərəfdən, sökülən daha bir bina da var ki, "Arsaxı azad etmiş döyüşçülər"ə həsr olunub. Əllərində yüzlərlə soydaşımızın qanı olan YERKRAPA terrorçularının "xatirəsinə" görə ucaldılan bu bina da artıq yer üzündən silinib.

Cənab Prezident İlham Əliyev şəhərdəki tikililər haqqında məlumat verərək, bir daha Xankəndidəki binaların əksəriyyətinin Azərbaycan memarları tərəfindən inşa edildiyini bəyan etdi: "Bax, arxadakı bina Vilayət Partiya Komitəsinin binası idi. Bu binanın müəllifi Azərbaycan memarı Həsən Məcidov idi. Onun yanındakı bina 1970-ci illərdə inşa edilmişdir, Vilayət İcraiyyə Komitəsinin binası idi. Bu binanın müəllifi Azərbaycan memarı Nəsrullah Kəngərli idi. Bu bina isə o vaxt mehmanxana kimi inşa edilmişdir. Ondan sonra ermənilər onun xarici görünüşünü dəyişdirmişdilər. İndi bu binanın əzəli siması ona qaytarılır və bu mehmanxananın müəllifi Azərbaycan memarı Ənvər Qasımzadə idi". Bununla yanaşı, xain düşmən Şuşada da "Dağlıq Qarabağ respublikası"nın "parlament" binasını ucaltmağa çalışırdı. Lakin bu, baş tutmadı. Tikintisi yarımçıq qalan həmin bina bünövrəsinə qədər sökülərək onun yerində Şuşa Otel-Konqres Mərkəzi Kompleksinin gözəl binası inşa edildi.

Nurlan ABDALOV,

"Respublika".