Məkrli planlar su üzünə çıxır
Siyasət

Məkrli planlar su üzünə çıxır

Amerika Birləşmiş Ştatları dövlət departamenti Antoni Blinkenin tapşırığı ilə Azərbaycana qarşı geniş bir hesabat hazırlayır. Bu hesabatın mahiyyəti nədən ibarətdir?

ABŞ-ın dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn Amerika Birləşmiş Ştatları İnkişaf Agentliyinin Avropa və Avrasiya üzrə köməkçisinin müavini Aleksandr Sokolovskinin ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələr zamanı səsləndirdiyi fikirlərə aydınlıq gətirib. Ceyms O’Brayn açıq şəkildə söyləyib ki, ölkəsi Cənubi Qafqazda baş verən proseslərdən, xüsusilə də Azərbaycan Silahlı Qüvvələrinin 19-20 sentyabr tarixlərində Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri və onun nəticələrindən narahatdır. Onu da bildirirlər ki, bu reallıq fonunda ABŞ Azərbaycanla münasibətlərinə yenidən baxmaq məcburiyyətindədir. Bunun qarşılığında Azərbaycana qarşı 907-ci maddənin fəaliyyətini dayandırmayacaqlarını bildirirlər.

907-ci maddə 1992-ci ildə qəbul edilib və Azərbaycana qarşı dövlət səviyyəsində iqtisadi qadağa mahiyyəti daşıyır. 2001-ci il 11 sentyabr hadisələrindən sonra ABŞ-ın formalaşdırdığı antiterror koalisiyasında Azərbaycanın fəal iştirak etdiyinə görə bu maddənin fəaliyyəti hər il dayandırılırdı. İndi daha dayandırmayacaqları ilə bizi hədələyir. Ermənistana hərtərəfli yardım göstərəcəklərini və bu prosesə Avropa İttifaqını da cəlb edəcəklərini gizlətmirlər. Bu həm də hərbi dəstəyi özündə ehtiva edir. Azərbaycanla hərbi əməkdaşlığın dayandırılacağı ilə bağlı mövqe ortaya qoyurlar. Açıq şəkildə söyləyirlər ki, münasibətlərimiz 19 sentyabra qədərki səviyyədə olmayacaq. Fransa artıq hərbi dəstəyini ifadə edib və Ermənistana ilk hərbi yüklər daxil olub. Birləşmiş Ştatlar da Fransanın yanında yer alıb, Ermənistanı silahlandırma xəttini seçəcəyini bəyan edib. Bu prosesdə Kanada iştirak etməyə çoxdan hazırdır. Bütün bunlar nə deməkdir?

Yəni doğrudanmı ABŞ Dövlət Departamentinin dövlət katibi Cənubi Qafqazda üçüncü Qarabağ müharibəsini istəyir? Bu silahlandırma xəttinin, Azərbaycanla təzyiq dili ilə danışmağın arxasında nə dayanır? Dövlət Departamenti anti-Azərbaycan hesabatı hazırlamaqla demək istəyir ki, 30 il ərzində bütün tarixi və mədəni abidələrimizi yerlə-yeksan edib, məscidlərimizi məhv eləyib, orada heyvanlar, donuzlar, inəklər saxlayan Ermənistan düz edib.

Bunu sübut etmək istəyirlər. Hesab edirəm ki, əslində Ukraynada Birləşmiş Ştatlar və onun Qərb müttəfiqlərinin atdığı addımlar lazımi effekti verməyib. Onlar istəyirlər ki, bu uğursuzluğu Cənubi Qafqazda kompensasiya etsinlər. Rusiya ilə açıq müstəvidə apardıqları mübarizəni Cənubi Qafqaza transfer etsinlər. İstəyirlər ki, Ermənistandan istifadə etməklə Cənubi Qafqazı fəlakətə sürükləsinlər və faciə üzərində strateji niyyətlərini həyata keçirsinlər. Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq üçün istənilən cinayəti törətməyə hazır olduqlarını ifadə etmiş olurlar. Hesab edirəm ki, bu çox təhlükəli bir oyundur. Belə addımların atılması Cənubi Qafqazda heç bir halda sülhə xidmət eləmir. Birləşmiş Ştatların konqresmenləri, Dövlət Departamenti əslində bu davranışı ilə regiona sülh gətirmir, əksinə, müharibə gətirir. Bu, xalqların faciəsi deməkdir. Birləşmiş Ştatlar yenə də faciələr üzərində öz siyasi, iqtisadi və strateji dividendlərini qazanmaq istəyir. Azərbaycan xalqı, ictimaiyyətimiz bütün bu prosesləri diqqətlə izləyir. Birləşmiş Ştatların və onun müttəfiqlərinin anti-Azərbaycan siyasəti heç bir real nəticə verməyəcək. Azərbaycan güclü dövlətdir, güclü müttəfiqləri, xalq-hakimiyyət birliyi var. Xalq öz Prezidenti ətrafında monolit birlik nümayiş etdirir və Prezidentimiz də hər zaman məhz öz xalqının milli mənafeyindən irəli gələn müstəqil siyasət həyata keçirir. Bax, bu müstəqil siyasəti Birləşmiş Ştatlardakı müəyyən siyasi dairələr və onların müttəfiqləri sadəcə həzm edə bilmirlər. Həzm edə bilmirlərsə, onda gedib öz siyasi mədələrini həkimə göstərsinlər.         

Elman NƏSİROV,

Milli Məclisin deputatı.