Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Şəkidə vətəndaşlarla görüşüb
Sosial həyat

Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Şəkidə vətəndaşlarla görüşüb

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi  icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər.

Tərtib edilən qəbul cədvəlinə müvafiq olaraq Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov oktyabrın 7-də  Şəki Suvarma Sistemləri İdarəsinin inzibati binasında Şəki, Qax və digər rayonlardan olan vətəndaşları qəbul edib.

Qəbuldan öncə sədr Zaur Mikayılov və Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov şəhərin mərkəzində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Qəbulda Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov hər bir vətəndaşın müraciətini dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Nəriman CAVADOV,

"Respublika".