Siyasət

"Mən xoşbəxt adamam ki..."

Prezident İlham Əliyev xalqa ləyaqətlə xidmət edəcəyinə, milli-mənəvi dəyərlərə sadiq olacağına and içdi

14 fevral 2024-cü il. Milli Məclis. Təntənəli marşın sədaları salonu bürüyür. Silahlı Qüvvələrimizin əsgərləri Azərbaycanın Dövlət Bayrağını və Prezidentin ştandartını (bayrağını) bu marşın sədaları altında səhnəyə gətirir. Ürəklər riqqətə gəlir, həyəcan artır, gözlədiyimiz an yaxınlaşır.

Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 2024-cü il 13 fevral tarixli qərarı ilə növbədənkənar prezident seçkilərinə dair Mərkəzi Seçki Komissiyasının nəticələrini təsdiq edərək İlham Əliyevi Prezident elan etdiyini bildirir. Azərbaycan Respublikası Konstitusiyasının 103-cü maddəsinə uyğun olaraq İlham Əliyev Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə and içməyə dəvət olunur. İlk olaraq əlini Azərbaycan Respublikası Konstitusiyasının üzərinə qoyaraq and içən dövlət başçısı deyir: "Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm!".

Sonra dövlət başçısı müqəddəs "Qurani-Şərif"ə əl basaraq and içir: "Əlimi "Qurani-Şərif"ə basaraq and içirəm: Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli-mənəvi dəyərlərə və ənənələrə sadiq olacağam, onları daim uca tutacağam".

Dövlət Himni səslənir, Prezident İlham Əliyev təzim edərək Dövlət Bayrağını öpür. O tarixi anları yaddaşınızda yaxşı saxlayın.

Bəli, 14 fevral qızıl hərflərlə yazıldı tarixə. Dövlət başçısının sayca beşinci andiçməsinin sevincini, həyəcanını yaşadıq biz də o gün.

Həmin gün İlham Əliyev ümummilli liderin məzarını ziyarət etdi. O anda İlham Əliyevi hər şeydən əvvəl layiqli bir övlad kimi gördük. Çünki mənalı həyatının 60 ilini xalqının bu günü və sabahına həsr edən ulu öndərin təqdimatı, xeyir-duası ilə gəlmişdi prezidentlik kürsüsünə: "O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir", - deyib prezidentliyə öz namizədliyini də geri götürmüşdü. Ulu öndər deyirdi ki, onun axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Yanılmadı ulu öndər, belə də oldu.

Xəyal düz 20 il əvvələ apardı məni. 2003-cü ilin 31 oktyabrına. İlham Əliyevin Prezident kimi ilk andiçmə mərasimindəki çıxışını xatırlayıram: "Mən bu gün bu yüksək kürsüdən əziz Prezidentimiz cənab Heydər Əliyevə müraciət edərək deyirəm: "Əziz Prezident, əsərin olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik".

Bəli, 21 il sonra dövlət başçısı yenə də Fəxri xiyabanda müstəqil Azərbaycanın memarı ümummilli liderin məzarı qarşısında hesabat verirdi... Azərbaycan Ordusu baş tacımız Şuşanı azad edəndə 2020-ci il noyabrın 8-də də gəlmişdi Fəxri Xiyabana, özü demişkən, ulu öndərə hesabat verməyə. O zaman dediklərini isə sonradan etiraf etmişdi, dövlət başçısı. Mən ürəyimdə ulu öndərə dedim: xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşa azaddır! Raport verdi Ali Baş Komandan.

Dövlət başçısı fevralın 14-də Fəxri xiyabanda ulu öndərin məzarı önündə həm də and içirdi sanki. O həyəcanlı anları izlədikcə arxada qoyub gəldiyimiz mübarizə dolu 20 illik prezidentlik dövrü kino lenti kimi göz önündən gəlib keçirdi. Bugünkü uğurları əldə etmək, qalib xalq adını qazanmaq o qədər də asan olmamışdı. Bütün dünya ilə savaşmışdı təkbaşına. Haqlıykən bizi haqsız duruma salanların cavabını vermişdi.

2003-cü ildə keçirilən prezident seçkilərində seçicilərin 76,84 faiz səsini qazanaraq dövlət başçısı seçilən İlham Əliyev fəaliyyəti dövründə "hər bir vətəndaşın prezidenti olmaq" üçün vəd verdi. Elə bu amalla fəaliyyətə başladı: atdığı hər bir addımın, həyata keçirdiyi hər bir proqramın, layihənin əsasında Azərbaycan vətəndaşı dayandı, onun problemləri önə çəkildi. Bu illərdə ordu quruculuğu prosesini daim diqqətdə saxladı. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə güclü dövlət quruculuğu strategiyasının uğurla reallaşdırılması, güclü iqtisadi potensialın və böyük maliyyə imkanlarının yaradılması müasir ordu quruculuğu və hərbi məsələlərin yüksək səviyyədə həll edilməsinə də imkan yaratdı. Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasına çıxdı. Bu ordu 2016-cı ildə Aprel döyüşlərində, 2018-ci ildə Günnüt əməliyyatında öz gücünü, qüdrətini göstərdi. Əslində bunların hər biri xəbərdarlıq idi ermənilərə.

Vətən müharibəsi dövründə səfərbərlik xidməti orqanlarının qarşısında ordu sıralarına yazılmaq üçün uzun növbələrin yaranması, hamının cəbhədən xoş müjdələri səbirsizliklə gözləməsi, kənd və qəsəbələrin azad olunmasının küçələrdə bayram kimi qeyd edilməsi Vətən müharibəsinin tarixi əhəmiyyətinin və xalqın öz ordusuna inamının, sevgisinin nümayişi idi. Onu bu xalqa isə Prezident, Ali Baş Komandan yaşadırdı...

Həmin gün Şəhidlər xiyabanına da gəldi, şəhidlərimizə ehtiram əlaməti olaraq "Əbədi məşəl"in önünə əklil də qoydu Prezident. Sonra Birinci vitse-prezident Mehriban Əliyeva ilə birlikdə yüksəklikdən Bakını seyr etdi. Gözəl bir tablosunu seyr edən, ondan qürurlanan bir rəssam, sənətkar kimi. Dövlət başçısı müasir Bakının o gözəl panoramına da qürurla baxırdı, çünki son 20 ildə rəhbərliyi ilə həyata keçirilən layihələr bu qədim şəhəri daha da gözəlləşdirmişdi.

O anda nə düşündüm, bilirsinizmi? Düşündüm ki, dövlət başçımızın özünə "xoşbəxt adam" deməyə haqqı var. Çünki ötən bu illərdə ilk əvvəl atdığı addımların arxasında Qarabağ Zəfəri məsələsi dayanırdısa, müharibə dövründə qarşılaşdığı təzyiqlərə təmkinlə sinə gərə bilirdisə, sonra ən böyük amalı ölkəmizin suverenliyini tam təmin etmək oldu. "Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm" mesajını verməsi də dövlət başçısının xalqın milli maraqlarını prioritet olaraq görməsindən xəbər verirdi. Bütün bunları təmin edən Prezidentə isə qarşılığında xalqımız onu növbəti dəfə özünə rəhbər seçməklə cavab verdi: 92,12 faiz səslə. Bu, milyonlar deməkdir. Milyonların sevgisini qazanmaq isə əsl xoşbəxtlikdir!..

Zümrüd QURBANQIZI,

"Respublika".