Məzunların arzusu
Sosial həyat

Məzunların arzusu

Əslən Qərbi Azərbaycanın Ağbaba mahalından olan 1957-ci il təvəllüdlü Bəybaba Nuriyev 1974-1978-ci illər arasında Xankəndi Pedaqoji İnstitutunun riyaziyyat fakültəsində təhsil alıb. Xatirələrini bizimlə bölüşən Bəybaba Nuriyev ermənilərin azərbaycanlılara qarşı təzyiqlərini belə xatırlayır:

"Uşaqlıqdan ermənilərin bizə qarşı xoş olmayan münasibətlərinin şahidi olmuşam. Bunu tək mən yox, bütün Ağbabadan, Qərbi Azərbaycandan olanlar deyir. İnstituta qəbul olduqdan sonra Xankəndiyə gəldim. İlk vaxtlarda yad münasibət hiss etdim. Qərbi Azərbaycandan, ermənilər olan ərazidən çıxıb yenə onların arasına düşmüşdüm. Xankəndidə yaşayan və ya orada təhsil alan ermənilərin azərbaycanlılara qarşı ayrı-seçkiliyi, kin-küdurətli davranışları özünü açıq şəkildə büruzə verirdi. İrəvanda yerləşən universitetdə təhsil alıb Xankəndiyə gələn müəllimlər buradakı erməni tələbələrə "xüsusi dərslər" keçirdilər.

Artıq Xankəndidə bütün yazılar, reklamlar, müxtəlif idarə adları, afişaların hamısı erməni dilində yazılırdı. Azərbaycanlılarla ermənilər şəhərdə sıx yaşayırdılar. Mən institutun yaxınlığında yerləşən tələbə yataqxanasında qalan zaman da eyni vəziyyət hökm sürürdü. Bizimlə birgə qalan ermənilər tərəfindən daim təzyiqlər görürdük. 1978-ci ildə təhsilimi başa vurduqdan sonra Ağdaşda, Qəbələdə müəllimlik fəaliyyəti ilə məşğul oldum. Lakin Xankəndi Pedaqoji İnstitutunda qalıb işləyən tələbə yoldaşlarımla daim ünsiyyət qurmağa çalışırdım. Onlar vəziyyətin getdikcə pisləşdiyini, ermənilərin buradan azərbaycanlıları qovmaq istədiyini bildirirdilər. Təəssüf ki, 1988-ci ildən sonra artıq azərbaycanlıların Pedaqoji İnstitutda təhsil almaları qeyri-mümkün idi".

Bu gün sahibkarlıqla məşğul olan Bəybaba Nuriyev Xankəndi  ilə bağlı yeni arzularından söz açıb: "Şəhər ermənilər tərəfindən işğal olunduğu gündən etibarən hər an o yerlərin həsrətini çəkmişik. Tələbə yoldaşlarımızla  əlaqələrimizin itməməsi üçün hətta "facebook" sosial şəbəkəsində "Xankəndi məzunları" adlı qrup da yaratmışıq. Onlar da mənim kimi Xankəndidə yaşamağa, Qarabağ Universitetində dərs deməyə can atırlar. Uca Yaradan Prezidentimizi qorusun, ordumuzun uğurlarını artırsın. Bizim bugünkü xoş növrağımızın  əsas səbəbi onlardır".

Tacir SADIQOV,

"Respublika".