Ənənələr yaşadılır: Ağalı sakinlərinə gündəlik
Sosial həyat

Ənənələr yaşadılır: Ağalı sakinlərinə gündəlik "Respublika" qəzeti göndəriləcək

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Azərbaycan Ordusu tərəfindən azad edilən Zəngilan rayonunun Ağalı kəndinin sakinlərinə gündəlik "Respublika" qəzeti göndəriləcək.

Bu barədə AZƏRTAC-a "Respublika" qəzetindən məlumat verilib. Bildirilib ki, müasir mətbuat tarixində öz yeri olan "Respublika" qəzeti fəaliyyətə başladığı ilk gündən aktual mövzulara həmişə öz səhifələrində geniş yer ayırıb. Qəzetdə dərc edilən yazılarda müstəqillik dövrünün ictimai-siyasi mənzərəsi, xalqımızın soyqırımı faciəsi, soydaşlarımızın yurd-torpaq itkisi, qaçqınlıq, didərginlik acısı, həmçinin azadlıq, müstəqillik uğrunda mübarizəsi gerçəklik prizmasında ifadəsini tapıb.

Bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin inkişafında yeni və irimiqyaslı layihələr uğurla həyata keçirilir. Bütün bunlar xalqın maariflənməsi ideyası ilə qəzetdə öz əksini tapır.

Müstəqil dövlətimizin möhkəmlənməsi, azərbaycançılıq ideyalarının, milli-mənəvi dəyərlərin yeni ənənələr zəminində inkişaf etdirilməsi, zaman-zaman tarixi həqiqətlərin işıqlandırılması və s. onun oxucu auditoriyasını ildən-ilə artırmış, dövrün nüfuzlu siyasi mətbuat orqanı statusunu təmin etmişdir.

Otuz il işğal altında qalan torpaqlarımızın azad edilməsi, həmin ərazilərdə aparılan abadlıq və quruculuq işləri, Azərbaycan Ordusunun qəhrəmanlığı, şəhid ailələrinə, qazilərimizə dövlət qayğısı, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında, informasiya mübarizəsində qazanılan qələbə, ölkəmizin beynəlxalq aləmdə artan nüfuzu, Cənubi Qafqazın lider dövlətinə çevrilməsi, bölgədə daimi sülhün təmin edilməsi istiqamətində atdığı uğurlu addımlar və s. bu gün qəzetin aparıcı mövzuları arasında aktuallığı ilə seçilir, zamanın çağırışlarına cavab verir.

Ötən illərdə "Respublika" qəzetinin öz ənənələri formalaşıb. Müxtəlif mövzulara həsr olunmuş xüsusi buraxılışların ictimaiyyət arasında geniş yayılması, qəzetimizin nüsxələrinin bəzi qurumlara təmənnasız olaraq çatdırılması da belə ənənələrdəndir. Dövlət himayəsində olan insanların yaşadığı sosial-müdafiə yönümlü müəssisələrə, hərbi hissələrə, vaxtilə çadır şəhərciklərində yaşayan qaçqın, məcburi köçkün soydaşlarımıza qəzetimizin mütəmadi şəkildə təmənnasız çatdırılması indi də çoxlarının minnətdarlıqla xatırladığı xeyriyyəçilik missiyasının bir nümunəsidir.

Vətən müharibəsindən sonra dərhal bərpa-quruculuq işlərinə başlayan dövlətimizin ali məqsədlərindən biri Böyük Qayıdışı ən qısa zamanda reallaşdırmaqdan ibarətdir. İndi Böyük Qayıdışın ilk, möhtəşəm addımları atılıb, "ağıllı kənd" konsepsiyası çərçivəsində Zəngilan rayonu Ağalı kəndinin sakinlərinin bir hissəsi doğma yurd yerlərinə qayıdıb. Orada həyat yavaş-yavaş öz məcrasına düşür. İlkin mərhələdə 41 ailə köçürülüb. Normal yaşamaq üçün hər cür şərait yaradılan Ağalı kəndinin sakinlərinin hər birinin qapısını indi səhərlər şərəfli peşə sahibləri, poçtalyonlarımız da qürurla döyəcək. Avqustun 1-dən etibarən bu sakinlərin hər səhəri "Respublika" qəzetinin yeni sayı ilə başlayacaq. Belə ki, ənənəyə sadiq qalaraq redaksiyanın təşəbbüsü ilə 41 nüsxə "Respublika" qəzeti hər gün Ağalıya göndəriləcək. Sonrakı mərhələlərdə sakinlərin sayına mütənasib olaraq qəzetin sayının artırılacağı nəzərdə tutulur.

Əziz ağalılar, "Respublika" ilə başlayan günləriniz uğurlu olsun!

AZƏRTAC