Milli hava platformalarının səmadakı uğurlu izləri
Türk dünyası

Milli hava platformalarının səmadakı uğurlu izləri

Türkiyə

Türkiyə son zamanlar müdafiə və aviasiya sənayesindəki təhlükəsizlik qüvvələrinin ehtiyaclarını təmin etmək üçün intensiv şəkildə çalışır. Bu fonda milli hava platformaları mühüm yer tutur. Belə ki, Türkiyə müdafiə sənayesi təxminən 2013-cü ildən bu günə kimi 9 milli platformanın ilk uçuşunu uğurla həyata keçirib. Əsas təlim təyyarəsi "Hürkuş"la başlayan pilotlu və pilotsuz uçuş aparatlarının sınağı milli döyüş təyyarəsi "Kaan" ilə zirvəyə çatıb. Türkiyə Müdafiə Sənayesi Komitəsinin (MSK) sədri Haluk Görgün sosial media hesabında bu prosesə diqqət çəkərək "Səmaya bir daha bax" mesajı ilə Türkiyə müdafiə sənayesinin son dövrdə həyata keçirdiyi ilk uçuşla bağlı məlumat paylaşıb.

Bildirib ki, əsas təlim təyyarəsi "Hürkuş"la bu sahədə yeni bir səhifə açılıb. Türkiyə Aviasiya və Kosmos Sənayesi tərəfindən hazırlanan "Hürkuş" ilk uçuşunu 2013-cü il avqustun 29-da həyata keçirib və uğur qazanıb.

"Baykar" tərəfindən hazırlanan və bir çox ölkəyə ixrac edilən "Bayraktar TB2" 2014-cü il aprelin 29-da səmaya qalxıb. "Bayraktar TB2" ölkə daxilində və xaricdə təhlükəsizlik əməliyyatlarında səmərəli istifadə edilib, bu sahədə xarici asılılığa son qoyulub.

"Bayraktar TB2" xüsusilə Qarabağ Zəfəri və Ukrayna-Rusiya müharibəsində xüsusi fəallıq nümayiş etdirib. Hətta haqqında mahnılar da bəstələnib.

Türkiyə Aviasiya və Kosmos Sənayesi tərəfindən 18 ay ərzində "Anka" platformasının bazası əsasında hazırlanan, yüksək daşıma qabiliyyəti ilə çoxfunksiyalı kəşfiyyat, müşahidə, aşkarlama və hücum missiyalarını fasiləsiz yerinə yetirmək qabiliyyətinə malik olan "Aksungur" ilk dəfə 2019-cu il martın 20-də uçub, hərbi qüvvələrin inventarına daxil olub və ixrac olunmağa başlayıb.

"Bayraktar Akıncı" PUA-sı ilk dəfə 2019-cu il dekabrın 6-da havaya qalxıb. Türkiyə aviasiya tarixində rekordlar qıran və ilk uçuşlara imza atan "Bayraktar Akıncı" PUA-sı indi bir çox ölkələrə ixrac olunur. O, Səudiyyə Ərəbistanı Krallığının Hava və Dəniz Qüvvələri Komandanlığının inventarına daxil edilib.

"Baykar"ın daha bir pilotsuz döyüş təyyarəsi "Bayraktar Kızılelma" ilk dəfə 2022-ci il dekabrın 14-də səmada olub. "Bayraktar Kızılelma"nın bu il kütləvi istehsalına başlanılması planlaşdırılır. "Bayraktar Kızılelma" hava-yer missiyaları ilə yanaşı, Süni Zəka (SZ) qabiliyyəti ilə "hava-hava" döyüşü icra edəcək. "Bayraktar Kızılelma" pilotsuz döyüş təyyarəsi aşağı radara görünmə sahəsi sayəsində Türkiyə üçün güc multiplikatoru olacaq.

Türkiyə Aviasiya və Kosmos Sənayesi tərəfindən hazırlanan "Hürjet" ilk uçuşunu 2023-cü il aprelin 25-də edib. Uçuş sınaqlarını davam etdirən "Hürjet"in nümunələri arasında Yüngül Hücum Təyyarəsi, Reaktiv Təlim Təyyarəsi, Aerobatika Komandası Nümayiş Təyyarəsi, Döyüş Hazırlığı Təyyarəsi, "Red Aircraft" və Aviadaşıyıcı Gəmi versiyaları da var. 45 min fut yuxarı hündürlük həddinə sahib olan "Hürjet", səsdən 1,4 dəfə sürətlə uçma qabiliyyəti ilə fəaliyyət göstərəcək.

"Baykar"ın son istehsalı olan "Bayraktar TB3" ilk uçuşunu 2023-cü il oktyabrın 27-də edib. "TUSAŞ Motor Sanayi AŞ" (TEI) tərəfindən yerli istehsal edilən PD-170 mühərriki ilə havaya qalxan "Bayraktar TB3" zərbə PUA-sı qatlana bilən qanad quruluşu ilə TCG "Anadolu" kimi qısa uçuş-enmə zolaqlı gəmilərindən qalxma və enmə qabiliyyətinə sahib PUA olacaq.

Türkiyə Aviasiya və Kosmos Sənayesi tərəfindən hazırlanan pilotsuz döyüş təyyarəsi "Anka III" ilk dəfə 2023-cü il dekabrın 28-də səmada olub. Türkiyənin ilk şaquli quyruqsuz turbofan mühərrikli PUA-sı olan "Anka III" bu gün də təkmilləşdirilir. Yeni nəsil PUA sistemi olan "Anka III" aşkarlama, müşahidə və kəşfiyyat, müxtəlif "hava-yer" sursatları ilə hücum, "hava-hava" sursatları ilə düşmən helikopterlərini, pərli təyyarələrini və PUA-larını nişanaalma və s. kimi bir çox missiyanı yerinə yetirə biləcək.

Türkiyə Aviasiya və Kosmos Sənayesi tərəfindən həyata keçirilən, Türkiyənin ən əhəmiyyətli texnologiya layihələrindən biri olan milli döyüş təyyarəsi "Kaan" isə ilk uçuşunu 2024-cü il fevralın 21-də həyata keçirib. "Kaan" ilə Türkiyə adını 5-ci nəsil təyyarə istehsal edə biləcək məhdud sayda ölkələr sırasına daxil edəcək.

Hələ "KAAN"-ın 6-cı nəsil döyüş təyyarəsinə çevrilməsi layihəsi də ortadadır. Bu layihə ilə bağlı "Turkish Aerospace" şirkətinin rəhbərlərindən biri olan prof. Temel Kotil belə deyib: "6-cı nəsil bir az daha güclüdür və pilotsuz təyyarələr sinfinə daxildir. Əvvəlcə KAAN-ı bitirək, sonra yerdə qalanları həyata keçirərik".

6-cı nəsil döyüş təyyarəsinin yaranması ilə Türkiyənin hərbi sənayesi və Hərbi Qüvvələri görünməmiş ucalığa yüksələcək.

Esmira YAZKAN ASLANOVA,

"Respublika" qəzetinin

Türkiyə üzrə müxbiri.