Bakıda ilk dəfə MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının növbəti iclası keçirilib
Türk dünyası

Bakıda ilk dəfə MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının növbəti iclası keçirilib

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev dövlətimizin başçısı İlham Əliyevin iclas iştirakçılarına müraciətini səsləndirib.

Sonra çıxış edən Azərbaycanın Baş prokuroru təşkilat tarixində ilk dəfə olaraq yüksək səviyyəli tədbirin Bakıda təşkilindən məmnunluğunu ifadə edərək mötəbər iclasın iştirakçı ölkələrin prokurorluq orqanları arasında cinayətkarlıqla mübarizə, asayişin təmini, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində əməkdaşlığın inkişafına əlavə təkan verəcəyini vurğulayıb.

MDB İcraiyyə Komitəsinin məsul əməkdaşı çıxış edərək təşkilati məsələlərlə bağlı məlumat verib.

İclasda Belarusun Baş prokuroru Andrey Şved narkotik alverçilərinin göstərişi ilə vətəndaşlara qarşı zorakılıq xarakterli cinayətlər törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, Qazaxıstanın Baş prokuroru Berik Asılov cinayət prosesində vətəndaşların konstitusiya hüquqlarının müdafiəsi, Qırğızıstanın Baş prokuroru Kurmankul Zuluşev yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi sahəsində təmsil etdikləri ölkələrin təcrübəsini bölüşüblər. Rusiyanın Baş prokuroru İqor Krasnov dövlət əmlakının mühafizəsində prokurorluğun rolu, Tacikistanın Baş prokuroru Yusuf Raxmon isə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində təmsil etdikləri qurumların fəaliyyətindən danışıblar, Özbəkistanın Baş prokuroru Niqmatılla Yuldaşev isə "Sahibkarlıq subyektləri və özəl investorlar üçün yaradılan geniş imkanlar" mövzusunda fikirlərini bildirib.

Baş prokuror Kamran Əliyev beynəlxalq tədbirdə "Beynəlxalq hüquqi əməkdaşlıq - Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin mühüm istiqamətlərindən biri kimi" mövzusunda çıxış edib.

Daha sonra MDB-yə üzv dövlətləri arasında əməkdaşlığın genişləndirilməsində müstəsna xidmətlərinə görə Azərbaycanın Baş prokuroru Kamran Əliyevə "MDB ölkələrinin fəxri prokuroru" döş nişanı və təşkilat çərçivəsində fəaliyyəti qiymətləndirilən digər şəxslərə müvafiq mükafatlar təqdim edilib.

Tədbirdə Əlaqələndirmə Şurasının 33-cü iclasının gündəliyində duran aktual məsələlər, o cümlədən növbəti iclasın keçirilmə yeri və vaxtı, habelə digər təşkilati məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilərək iştirakçılar tərəfindən imzalanıb.