Milli mənafelərə xidmət edən əməli fəaliyyət
Digər xəbərlər

Milli mənafelərə xidmət edən əməli fəaliyyət

Hər bir ölkənin inkişafı, tərəqqisi yalnız onun iqtisadi göstəricilərindən deyil, eyni zamanda ölkəyə rəhbərlik edən dövlət başçısından asılıdır. Geniş dünyagörüşə, yüksək intellektə və möhkəm iradəyə sahib olan Prezident İlham Əliyevin gələcəyə hesablanmış və milli məqsədlərə, xalqın mənafeyinə xidmət edən düşünülmüş siyasəti bu gün Azərbaycanı qüdrətli dövlətlər sırasında bərqərar edib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ müharibəsində qazandığımız qələbə ərazi bütövlüyümüzün təmin olunması ilə yanaşı, eyni zamanda xalqımızın qürurunu, mənliyini özünə qaytardı. Min illərə söykənən qədim tariximizə sahib çıxmağa çalışan, bu tarixə əl uzadan mənfur qüvvələrə qarşı qətiyyətlə mübarizə aparan ölkə başçımız Azərbaycan xalqını bütün dünyada yenilməz, vətənpərvər, qəhrəman xalq, dövlətimizi müstəqil, suveren dövlət olaraq tanıtdı.

Tarixdən bəllidir ki, soyu, kökü bilinməyən ermənilər zaman-zaman məqsədyönlü şəkildə ölkəmizə gətirilərək Qərbi Azərbaycan torpaqlarında məskunlaşdırılmış və öz xislətlərinə uyğun şəkildə tədricən bu yerləri özününküləşdirərək işğalçı dövlətlərini qurmuşlar. Lakin onlar bir şeyi unutmuşlar ki, bu torpaqları zəbt edib "mənimdir" deməklə ona sahiblənmək, sözün əsl mənasında qəhrəmanlar, alimlər, dövlət xadimləri yetişdirən bir xalqın tarixini dəyişdirmək bir o qədər də asan məsələ deyil. Çünki Azərbaycanın qədim tarixi və əsrlər boyu bu tarixi göz bəbəyi kimi qoruyan qəhrəman oğulları, dövlət rəhbərləri olub...

1988-1991-ci illərdə ermənilər tərəfindən doğma evlərindən zorla çıxarılıb deportasiya edilən azərbaycanlılar barədə düzgün faktların və sənədlərin toplandığı və saxlandığı yeganə ictimai qurum olan Qərbi Azərbaycan İcmasında 1988-1991-ci illərdə Qərbi Azərbaycandan qovulmuş 50 mindən çox ailənin 20 minə qədərinə dəymiş ziyan hesablanmış və bu istiqamətdə işlər bu gün də davam etdirilir. Təşkilatda Qərbi Azərbaycanda tarixi və mədəni irsimizin bütün nümunələrinin dəqiq siyahısı hazırlanır.

Hər bir millətin, xalqın özünəməxsus xüsusiyyətləri var ki, qərinələr, əsrlər keçsə belə, onu nə dəyişmək, nə də silmək olur. Tarixdə öz qəhrəmanlığı, mübarizliyi ilə tanınan xalqlar yetərincə olub. Bu qəhrəmanlar öz xalqlarının tarixində, onun istər şifahi, istər yazılı ədəbiyyatında əbədiləşib. Hünərləri, rəşadətləri dastanlara, rəvayətlərə çevrilib. Lakin elə toplumlar da var ki, hər zaman oğurluğu, işğalçılığı, vandallığı ilə özünə ad qazanıb. Mənfur qonşularımız kimi. Vaxtilə Qərbi Azərbaycan torpaqlarına köçürülən bu üzdəniraq xalq tarixi sənədlərin, xəritələrin təsdiqlədiyi ərazilərimizdə yerləşərkən xalqımıza məxsus tarixi abidələri, mədəni irsimizi darmadağın etmiş, yer üzündən silməyə çalışmışlar. 200 il ərzində müxtəlif illərdə xalqımıza qarşı soyqırımları, terrorçuluq əməlləri, işğalçılıq siyasəti həyata keçirərək qədim tariximizi saxtalaşdırmağa çalışmışlar.

İkinci Qarabağ müharibəsində dövlət başçımızın qətiyyəti, prinsipiallığı sayəsində ərazi bütövlüyümüz təmin olundu. Qalib Azərbaycan, məğlub Ermənistan deyimi dillərdə əzbər oldu. Vaxtilə erməni silahlıları tərəfindən yurdundan, yuvasından zorla çıxarılaraq məcburi köçkünə çevrilmiş soydaşlarımızın doğma yerlərinə qayıtmaları üçün Böyük Qayıdışa start verildi. 30 il el-obasından ayrı düşmüş vətəndaşlarımızın yurd həsrətinə son qoyan Azərbaycan Prezidenti işğaldan azad olunmuş bütün ərazilərimizə Böyük Qayıdışın reallaşması, insanların əzəli yurd yerlərində əbədi, rahat yaşamaları üçün bütün imkanları səfərbər edib.

Dekabr ayının 24-də Azərbaycan Prezidenti İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü zamanı bu barədə demişdir: "...Əsas səbəb o idi ki, burada vaxtilə yerləşmiş Qarabağın məcburi köçkünlər icması artıq öz torpaqlarına qayıdır. Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar".

Əsl rəhbər kimi cənab İlham Əliyev dərin zəkası, ensiklopedik biliyi, müdrik siyasəti, əməli fəaliyyəti ilə müasir Azərbaycanın bugünkü reallıqlarını yaratmış, "Əsl siyasət - konkret, real iş görməkdən ibarətdir" deyərək ölkəmizin gələcəyə aparan yollarını müəyyənləşdirmiş, müstəqil Azərbaycanın tərəqqisini təmin etmişdir.

1989-cu ildən fəaliyyət göstərən "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İctimai Birliyinin hüquqi varisi olan Qərbi Azərbaycan İcmasının yaradılması da bu istiqamətdə həyata keçirilən məqsədyönlü siyasətin tərkib hissəsidir. Ölkə başçısının dediyi kimi: "Hesab edirəm ki, Qərbi Azərbaycan İcmasının bundan sonra daha mütəşəkkil formada fəaliyyət göstərməsi hamımız üçün çox önəmlidir - həm Qərbi Azərbaycandan olan insanlar üçün, həm də bütün Azərbaycan xalqı üçün. Hesab edirəm ki, biz bu işi bundan sonra daha məqsədyönlü şəkildə aparmalıyıq".

Mehparə ƏLİYEVA,

"Respublika".