Milli Mətbuat Günü münasibətilə təntənəli mərasim
Digər xəbərlər

Milli Mətbuat Günü münasibətilə təntənəli mərasim

"Heydər Əliyev İli"  və Milli Mətbuat Günü münasibətilə iyulun 20-də Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Azərbaycan Dövlət Akademik Musiqili Teatrında təntənəli mərasim keçirilib.

Mərasimdə Baş prokuror Kamran Əliyev və Baş Prokurorluğun rəhbərliyi, Medianın İnkişafı Agentliyi və Mətbuat Şurasından qonaqlar, bir sıra media qurumlarının rəhbərləri, müxtəlif ali təhsil ocaqlarında jurnalistika ixtisası üzrə tədris keçən professor-müəllim heyəti və jurnalistlər iştirak edib.

Tədbir zamanı açılış nitqi ilə çıxış edən Baş prokuror Kamran Əliyev əsası 148 il əvvəl - 1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin ilk nömrəsinin nəşri ilə qoyulan milli mətbuatımızın keçdiyi çətin və şərəfli yoldan bəhs edib.

Həsən bəy Zərdabinin banisi olduğu "Əkinçi"nin maarifçi və demokratik ideyalarının  təbliğindəki rolunu vurğulayan Baş prokuror mürəkkəb və şərəfli yol keçən Azərbaycan mətbuatının daim cəmiyyətin proseslərə baxışını formalaşdıran əsaslardan biri olduğunu qeyd edib. Bununla yanaşı, Kamran Əliyev milli mətbuatımızın inkişafının Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olmasını bir daha diqqətə çatdırıb. 1998-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən Azərbaycan mətbuatının üzərindən dövlət senzurasının ləğv edilməsi ilə ölkəmizdə söz və mətbuat azadlığının əsasının qoyulduğunu qeyd edən Baş prokuror bu gün ölkəmizdə müstəqil, güclü, fəaliyyətini günümüzün tələbləri səviyyəsində qurmağı bacaran, habelə dövlətçilik ənənələrinə bağlı və xalqımızın milli maraqlarını rəhbər tutan medianın inkişafının prioritet vəzifələrdən biri kimi daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gündəlik qayğısı sayəsində ölkəmizdə azad və peşəkar jurnalistikanın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən kompleks tədbirlərdən söz açan Baş prokuror milli mətbuatın inkişafında əməyi olanları təbrik edib, gələcək fəaliyyətlərində media işçilərinə uğurlar arzulayıb.

Tədbir iştirakçıları Azərbaycan Dövlət Akademik Musiqili Teatrının təqdimatında Ulu Öndər Heydər Əliyevin 100 illik, peşəkar milli teatrımızın 150 illik yubileyi ilə əlaqədar "Sən elə bir zirvəsən!.." musiqili-tarixi essesini izləyiblər.

Nurlan ABDALOV,

"Respublika".