Mina qurbanlarının hüquqları təmin edilməlidir
Sosial həyat

Mina qurbanlarının hüquqları təmin edilməlidir

Dünyada mina təhlükəsindən ən çox əziyyət çəkən ölkələr sırasında yer tutan Azərbaycanda istər işğaldan azad olunan ərazilərdə, istərsə də, Ermənistanla sərhəd bölgələrində mina terrorunun qurbanları gün keçdikcə daha da artır. Ölkəmizi mina ilə zəhərləyən Ermənistan dəqiq mina xəritələri və təzminat barədə hələ də susur. Bu məsələdə Avropanın "Ermənistan"ı olan Fransa və bəzi riyakar dövlətlərin rəsmi İrəvana təzyiq göstərməməsi isə əsaslı narahatlıq doğurur.

Noyabrın 13-də BMT-nin Cenevrə Mərkəzində, təşkilatın İnsan Hüquqları Şurasının (İHŞ) Universal Dövri İcmal (UDİ) mexanizminin 31-ci sessiyası çərçivəsində keçirilmiş tədbirdə "Mina qurbanları həssas təbəqə kimi tanınmalı və onların hüquqları təmin edilməlidir" mövzusu  müzakirələrin əsas  xəttini təşkil edib.

Tədbirdə "Cənubi Qafqazda minaların insan haqlarına dağıdıcı təsiri" haqqında hesabatı təqdim edən İtaliya İnsan Haqları Federasiyasının prezidenti Antonio Stanqo Qarabağın minalarla çirkləndirilməsinin humanitar faciə olduğunu  qeyd edib. Azərbaycanın Avropada ikinci ən çox mina ilə çirkləndirilmiş ölkə olduğu diqqətə çatdırılıb.

Azad edilmiş ərazilərdə ötən həftə 141 mina, 317 partlamamış sursat aşkarlanıb. Məhz noyabrın 13-də Gədəbəydə baş vermiş yanğın zamanı mina partlaması da Ermənistanın mina terrorunun açıq təzahürüdür. 30 il boyunca Azərbaycanın işğal altında olan və sərhəd zonasında yerləşən ərazilərində gecə-gündüz minalama işləri görən Ermənistan və separatçı rejim terrorçu fəaliyyətini işğaldan azad olunan əraziləri tərk edərkən də davam etdirib. Nəticədə Azərbaycanda mina qurbanlarının sayı demək olar ki, hər gün artır.

Tədbirdə məruzə ilə çıxış edən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov da bu məsələyə toxunaraq 30 ilə yaxın davam edən işğal nəticəsində ölkəmizin ərazisinin onda bir hissəsinin Ermənistan tərəfindən məqsədyönlü şəkildə minalarla çirkləndirildiyini, bu ərazilərdə 1,5 milyondan çox minanın basdırıldığını diqqətə çatdırıb. Ermənistanın apardığı 30 illik mina terroru nəticəsində beynəlxalq və humanitar hüququn, həmçinin təməl insan hüquqlarının kobud şəkildə pozulduğu bildirilib. 700 mindən artıq azərbaycanlı keçmiş məcburi köçkünün vətənlərinə qayıtmasının ləngiməsi, onların səhhət, iş və təhsil hüququnun kütləvi şəkildə pozulması qeyd edilməklə beynəlxalq insan hüquqları mexanizminin işə salınmasının, minalardan zərər çəkmiş Azərbaycan vətəndaşlarına təzminatın ödənilməsinin vacibliyi vurğulanıb.

Vicdan Azadlığı Assosiasiyasının sədri Tyeri Valle azad edilmiş Ağdam şəhərində qəbiristanlıq və dini abidələrin belə minalandığını, bunun nəticəsində qurbanların əsasən mülki əhali olduğunu vurğulayıb. Fransanın nümayəndə heyəti hazırkı postmünaqişə dövründə Ermənistanı humanitar minatəmizləmə sahəsində Azərbaycanla əməkdaşlıq etməyə çağırıb.

Ölkəmizin 2020-ci ildə tarixi Zəfərindən sonra öz hesabına icra etdiyi Böyük Qayıdışın reallaşmasına əsas maneə mina terrorudur. Ermənistanın hələ də dəqiq mina xəritələrini verməməsi azərbaycanlıların tez bir zamanda öz doğma torpaqlarına qayıtmasına əngəl törədir. Minatəmizləmə Agentliyi (ANAMA) təkcə ötən həftə işğaldan azad edilmiş ərazilərdə 527,6 hektar ərazini mina və partlamamış sursatdan təmizlədiyini bildirib. Ümumilikdə isə müharibədən sonrakı dövrdə Minatəmizləmə Agentliyi tərəfindən 106,9 min hektar ərazi minalardan təmizlənib. Təmizlənmiş ərazilərdən isə 105 488 olmaqla, piyada əleyhinə 30 min 539 mina, tank əleyhinə 18 min 303 mina və 56 min 646 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Bu rəqəmlər qarşısında özünü demokratiya beşiyi adlandıran Qərbin hələ də Ermənistana təzyiq göstərmək istəməməsi ikili yanaşmanın təzahürüdür. Bununla yanaşı reinteqrasiya və birgəyaşayış daxil olmaqla, qarşılıqlı əlaqələrin qurulması baxımından öz öhdəliklərini icra etməyən rəsmi İrəvan regionda sülhü təhdid edir.

Tacir SADIQOV,

"Respublika".