2600 gəncə peşə və sosial reabilitasiya xidmətləri göstərilib
Sosial həyat

2600 gəncə peşə və sosial reabilitasiya xidmətləri göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiya Mərkəzində ötən il 603 gəncə peşə və sosial reabilitasiya xidmətləri göstərilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, onlardan əlilliyi olan 420 gənc kompüter istifadəçisi, kompüter dizayneri, dərzi, bərbər, toxuculuq, ağac üzərində oyma, aşpaz köməkçisi, xalçaçılıq, rəssamlıq, kulinariya və başqa peşə hazırlığı kurslarında olub. Digərləri isə sosial reabilitasiya xidmətləri ilə təmin edilib. Qeyd edək ki, mərkəzə qəbul olunanlar burada dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə də təmin olunurlar.

Hazırda Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində 212 nəfərin peşə və sosial reabilitasiya kursu davam edir. İndiyədək ölkəmizin bütün bölgələri üzrə 2600 gənc həmin mərkəzdə peşə və sosial reabilitasiya kursu keçib.

"Respublika".