“Minatəmizləmə sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalı haqqında ƏSASNAMƏ
Hüquqi aktlar

“Minatəmizləmə sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalı haqqında ƏSASNAMƏ

Azərbaycan Respublikasının

2023-cü il 30 may tarixli

Qanunu ilə təsdiq edilmişdir

Maddə 1. Təltif edilən şəxslər

1.1. “Minatəmizləmə sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı xidmətlərinə görə təltif edilirlər:

1.1.1. minatəmizləmə sahəsinin inkişafında fəal iştiraka görə;

1.1.2. minatəmizləmə sahəsində səmərəli əməkdaşlığa verilən əhəmiyyətli töhfəyə görə;

1.1.3. minatəmizləmə sahəsində Azərbaycan Respublikasının beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində və möhkəmləndirilməsində göstərilən xidmətlərə görə.

Maddə 2. Təltif edən orqan

“Minatəmizləmə sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.

Maddə 3. Taxılma qaydası

“Minatəmizləmə sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.