MİNGƏÇEVİR: SƏYYAR GÖRÜŞLƏR MƏMNUNLUQLA QARŞILANIR
Bölgələr

MİNGƏÇEVİR: SƏYYAR GÖRÜŞLƏR MƏMNUNLUQLA QARŞILANIR

Ölkə başçısı cənab  İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq  vətəndaşlarla görüşmək, onların müraciətlərini dinləmək, problemlərinin vaxtında həll olunması üçün Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun şəhər sakinləri ilə görüşləri, səyyar qəbulları, problemlərinin yerində öyrənilməsi vətəndaşları razı salır. Vətəndaş hiss edir ki, onun müraciəti dərhal diqqətə alınır, qəbulda iştirak edən müvafiq təşkilatların rəhbərlərinə tapşırıqlar verilir, problem öz həllini tapır.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısının növbəti səyyar görüşü şəhər 11 nömrəli tam orta məktəbin iclas zalında keçirilib. Görüşdə məktəbə yaxın olan ərazilərdəki yaşayış binalarının sakinləri iştirak ediblər. Başçı İlham İsmayılov respublikada və şəhərdə 2022-ci ildə aparılan abadlıq-quruculuq işləri haqqında ətraflı məlumat verib.

“Açıq mikrofon”la təşkil olunmuş görüşdə ilk olaraq Adil Nəsibov söz alaraq şəhərdə görülən işlərə münasibətini bildirib. Ölkə Prezidentinin diqqət və qayğısı sayəsində bu gün Mingəçevir respublikamızın ən gözəl və təmiz şəhərlərindən birinə çevrilib. Sonra sakinlərdən Durna Əliyeva, Arif Qafarov, Salman İmanov, Niyazi Bəkirov, Solmaz Əliyeva, şəhid anası Durna Əliyeva və başqaları çıxış edərək görülən işlərə münasibətlərini bildirməklə yanaşı, qarşılaşdıqları problemlər haqqında da söz açıblar. Mənzillərə telefon çəkilməsi, binaların xeyir-şər mağarının təmirə ehtiyacı olması, qazıntıların küçələrdə natəmizlik yaratdığı və s. mövzular səsləndirilib.

Şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov qaldırılan məsələləri diqqətlə dinləyərək onlara aydınlıq gətirib və görüşdə iştirak edən şəhər icra hakimiyyətinin başçısı aparatının məsul şəxslərinə, idarə, müəssisə və təşkilat rəhbərlərinə problemlərin həlli istiqamətində öz konkret tapşırıqlarını verib. Sakinlərə tam  əminliklə bildirib ki, qısa müddətdə məsələlər nəzarətə götürülərək öz həllini tapacaqdır.

Zabit XƏLİLOV,

“Respublika”.