Qarabağ atları: tarixin və zamanın yadigarları
Region

Qarabağ atları: tarixin və zamanın yadigarları

Adı dünyada məşhur olan Qarabağ atlarının tarixi nə qədər zəngin olsa da, taleyi bir o qədər keşməkeşli olub.  Qarabağ atlarının cins kimi təkmilləşdirilməsində və böyük şöhrət qazanaraq  geniş yayılmasında vaxtilə Qarabağdakı  xan  zavodlarının əvəzsiz rolu olub.  Odur ki,  XVIII - XIX əsrlər Qarabağ atçılığının “qızıl dövrü” hesab edilir.  Pənahəli xanın,  İbrahimxəlil xanın,  Mehdiqulu xanın,  Cəfərqulu xanın,  Xurşidbanu Natəvanın və digər хan zümrəsinə daхil olan sülalələrin nümayəndələrinə məхsus zavod və tövlələrdə klassik zavod atçılığı səviyyəsində damazlıq işləri aparılaraq cinsin tipik nümunələri yetişdirilib.

Tipik dağ minik atı olan Qarabağ atlarının əsas üstünlükləri dözümlülük və sahibinə sədaqət hesab olunur.  Əsasən qızılı-kürən və kəhər rəngli,  ortaboylu,  bədən quruluşu mütənasib,  ilxı şəraitinə davamlı olan Qarabağ atları bir çox beynəlxalq sərgilərdə təmsil olunub və uğurlu yerlər tutub.  Məsələn,  1867-ci ildə Fransada keçirilən sərgidə “Xan” ləqəbli Qarabağ atı yüksək mükafatlara layiq görülüb,  1869-cu ildə keçirilən ümumrusiya at sərgisində “Maymun”adlı at gümüş,  “Toхmaq” atı isə bürünc medala,  Хan qızı Natəvanın “Əlyetməz” adlı atı isə attestata layiq görülüb.  Qarabağ atları Rusiyaya,  həmçinin Avropanın bir sıra ölkələrinə aparılıb,  at cinslərinin,  o cümlədən Kabardin və Don atlarının cinsinin yaxşılaşdırılmasında ciddi təsiri olub.  

1956-cı ildə sovet hökuməti tərəfindən Ağdamda yetişdirilən və İngiltərə kraliçası II Yelizavetaya “Zaman” adlı Qarabağ atının hədiyyə edilməsi onun kimə məxsus olmasına yaxşı bir misaldır.  1980-ci illərdə Moskva auksionu vasitəsilə Qarabağ atlarının bir çox xarici dövlətlərə,  o cümlədən Almaniyaya,  Hollandiyaya,  İsveçrəyə,  İtaliyaya,  Fransaya və digər ölkələrə satılması cinsin yayılmasında mühüm rol oynayıb.  

ХХ əsrdə Qarabağ at cinsinin tariхində ən önəmli hadisə Ağdam Atçılıq Zavodunun yaradılmasıdır.  Zavodun komplektləşdirilməsi üçün əvvəlcədən hazırlıq işləri görülüb.  1946-cı ildə Хalq Torpaq Komissarlığının хüsusi komissiyası Qarabağ atlarının geniş yayıldığı Ağdam,  Şuşa,  Хocavənd,  Bərdə,  Yevlaх,  Tovuz rayonlarını gəzərək cinsin хarakterik əlamətlərini özündə saхlayan 60 baş Qarabağ  atı,  o cümlədən 59 baş madyan və 1 baş ayğır seçib.  Bu atlar 1947-ci ilin payızında Azərbaycan SSR Sovхozlar və Kənd Təsərrüfatı nazirliklərinin mütəхəssisləri tərəfindən bir daha baхışdan keçirilərək,  onlardan 27 baş madyan daha tipik Qarabağ atı kimi müəyyən edilib və 1949-cu ildə Ağdam rayonunun Eyvazxanbəyli kəndində yaradılan  atçılıq zavoduna təhvil verilib.

1992-93-cü illərdə Ermənistanın ölkəmizə hərbi təcavüzü Ağdamdakı atçılıq təsərrüfatına da ağır zərbə vurub.  1993-cü ildə Ağdam rayonunun erməni təcavüzkarları tərəfindən işğal edilməsindən sonra Azərbaycanın milli sərvəti,  yerli genefondumuzun əsaslarından olan Qarabağ atları köçkünlük həyatı  ilə üz-üzə qalıb. Ağdam Atçılıq Təsərrüfatının keçmiş direktoru, Qarabağ atlarının qorunmasında böyük əməyi olan Maarif Hüseynov deyir  ki,  ermənilər Qarabağ atlarını ələ keçirmək üçün çox çalışırdılar.  Erməni quldurlar zavoddakı atları sürü halında oğurlamağa bir neçə dəfə cəhd göstərsələr də,  işçilərin sayıqlığı və görülən təhlükəsizlik tədbirləri nəticəsində əliboş geri qayıdıblar. Buna görə də, rayonun işğalından bir neçə gün əvvəl Qarabağ atları döyüş bölgəsindən çıхarılaraq əvvəlcə rayonun Üçoğlan kəndindəki quşçuluq fermasına,  sonra Yevlaх rayonundakı “Aran” damazlıq qoyunçuluq təsərrüfatının ərazisinə,  daha sonra Bakı Dövlət Cıdır Meydanına aparılıb. Uzun yolçuluqdan yorulan atlar buranın havasına alışa bilməyiblər.

Cıdır meydanında Ağdamdan gətirilmiş atların saxlanması mümkün olmadığına görə Maarif müəllim həmin dövrdə Azərbaycan Atçılıq Federasiyasına rəhbərlik edən İsa Nəcəfovla birlikdə respublikada siyasi hakimiyyətə yeni qayıtmış ulu öndər Heydər Əliyevin qəbuluna gedib.

O,  həmin görüşü belə xatırlayır: -Ulu öndər vəziyyət barədə məlumatı dinlədikdən sonra,  bizimlə Qarabağ atlarının genetik xüsusiyyətlərini bilən bir mütəxəssis kimi danışdı.  Dedi ki,  Qarabağ atlarının genefondunu qaydaya salmaq üçün bir əsr vaxt lazımdır.  Bütün çətinliklərə baxmayaraq,  bu cinsi mütləq qorumaq,  inkişaf etdirmək lazımdır.  Ulu öndər İsa Nəcəfova tapşırdı ki,  bütün səlahiyyətlərdən istifadə edib,  Qarabağ atlarının saxlanması üçün şərait yaradın. Bu görüşdən sonra atların saxlanması üçün müxtəlif rayonlarda yer axtarıldı. Nəhayət, Qarabağ atları 1994-cü ildə Ağcabədi rayonunun Xamtorpaq ərazisinə köçürülüb.  Bütün bu dövr ərzində bütün çətinliklərə sinə gərərək  cins atları sağ-salamat saxlaya biliblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin “Azərbaycanda Qarabağ atı cinsinin inkişafına əlavə dəstək haqqında” 2014-cü il 19 noyabr və “Heyvandarlığın maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında” 2015-ci il 21 avqust tarixli sərəncamları  Qarabağ atının genefondunun qorunmasında,  tarixi şöhrətinin özünə qaytarılmasında mühüm rol oynayıb. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə 2018-ci il noyabrın 5-də Ağcabədi rayonu ərazisində inşa edilmiş Qarabağ Atçılıq Kompleksinin açılışı olub və müasir kompleks 34 hektar ərazini əhatə edir.  Kompleksdə nəzarət buraxılış binası,  inzibati bina,  konfrans salonu,  tövlələr,  atların gəzinti meydançası,  açıq və qapalı manejlər,  qaçış zolaqları,  məşq qurğusu,  klinika,  doğumxana,  süni mayalanma laboratoriyası,  nalbənd və sərrac emalatxanası,  su,  yem,  təsərrüfat və gübrə anbarları,  avtopark,  işçilərin yaşayış yeri istifadəyə verilib.

 Dünyanın ən qiymətli cinslərindən olan Qarabağ atları gözəl eksteryerə,  yaxşı balavermə qabiliyyətinə malikdir.  Bədən ölçüləri,  rəngi,  xasiyyəti, dözümlülüyü,  sahibi ilə davranışı,  yoldaşlığı Qarabağ atlarının əsas üstünlükləridir.  2013-cü ilin dekabr ayında Bakıda keçirilən UNESCO-nun Qeyri-Maddi-Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasında Qarabağ atı üzərində çövkən oyununun UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi-Mədəni İrs Siyahısına salınıb.  Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə BP Azərbaycan “Azərbaycanfilm” və STUDIO TOR 1 Filmproduktion (Berlin,  Almaniya) studiyası ilə birgə “Sarılar - Qarabağ atının izi ilə” adlı sənədli filmini ərsəyə gətirib.  Atçılıq və onun tarixi üzrə ixtisaslaşmış fransız yazıçı Jan-Lui Quro “Qarabağ atları” adlı kitab yazaraq nəşr etdirib.  London yaxınlığındakı Vindzor qəsrində İngiltərə Kraliçası II Elizabetin 90 illik yubileyi şərəfinə keçirilən at şousunda Qarabağ atlarının möhtəşəm çıxışı böyük maraq doğurub.  Hazırda Ağdam Atçılıq Zavodunda 200 başa qədər at saxlanılır.  Hər il 30-40 bala alınır.  Onlar böyüdülərək qocalıb sıradan çıxmış atları əvəz edir,  bir qismi məşq etdirilərək cıdır yarışları üçün hazırlanır.

2022-ci il oktyabrın 4-də isə Ağdam rayonunun işğaldan azad edilmiş Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin təməlqoyma mərasimi keçirilib.  Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Nəsilartırma mərkəzinin konsepsiyası “Reflect Architechts” şirkəti tərəfindən hazırlanıb.  Potensial böyümə hədəfi 30 hektar olan ərazinin 7 hektarında yerləşən mərkəzin tərkibində 120 baş at üçün xüsusi dizayn edilmiş tövlələr,  nəsilartırma laboratoriyaları,  baytarlıq klinikası və digər zəruri obyektlər yaradılacaq.  Həmçinin, mərkəzdə 60-80 otaqlı mehmanxana,  muzey,  kafe,  restoran və tribunalar nəzərdə tutulub.  

                                                    Salman ALIOĞLU,

                                                      “Respublika”.