Mötəbər dialoq və əməkdaşlıq platforması
Siyasət

Mötəbər dialoq və əməkdaşlıq platforması

Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi ilə özünün ən uğurlu dövrünü yaşayıb

Yanvarın 19-da Uqandanın paytaxtı Kampala şəhərində keçirilən Qoşulmama Hərəkatının Dövlət və Hökumət Başçılarının 19-cu Zirvə görüşündə Hərəkata sədrlik Uqanda tərəfindən qəbul olunub. Səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı (QH) məhz Azərbaycanın sədrliyi dövründə özünün ən uğurlu dövrünü yaşayıb.

Qeyd edək ki, 2011-ci ildən Qoşulmama Hərəkatının tamhüquqlu üzvü olan Azərbaycan Hərəkatın fəaliyyətinə önəmli töhfələr verir. Buna görə də 2016-cı ildə Qoşulmama Hərəkatının Venesuelada keçirilmiş Zirvə Toplantısında üzv dövlətlər yekdilliklə Azərbaycanın təşkilatın növbəti sədr ölkəsi seçilməsinə razılıq vermişdilər. BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan və 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik etməsi üzv dövlətlərin Azərbaycana olan etimadının və ölkəmizin beynəlxalq nüfuzunun artmasının, eləcə də qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin parlaq nümunəsidir. 2019-cu ildən etibarən üzv ölkələrin yekdil qərarı ilə üç il müddətinə təsisata sədrlik edən ölkəmizin Hərəkata sədrlik müddəti 2022-ci ildə daha bir il uzadılmışdı.

Azərbaycanın sədrliyinin koronavirus (COVID-19) pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq, ölkəmiz çevik və səmərəli şəkildə öz gündəliyini yeni reallığa uyğunlaşdırdı. Pandemiyanın misli görünməmiş fəsadları qarşısında dünya ölkələrinin əksəriyyətinin özünə qapandığı dövrdə Azərbaycan liderlik rolunu üzərinə götürdü, qlobal problemin öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdən oldu. Belə ki, məhz Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatı dünya ictimaiyyətini pandemiya ilə mübarizəyə səfərbər etdi. Ölkəmizin təşəbbüsü ilə 2020-ci ilin mayında QH-nin COVID-19-a qarşı mübarizəyə həsr edilən onlayn sammiti keçirildi. Sammitdə BMT Baş Assambleyasının pandemiya ilə mübarizəyə həsr edilən Xüsusi Sessiyasının keçirilməsi təklif edildi. Bu təklif dünya ictimaiyyəti tərəfindən dəstəkləndi və 2020-ci ilin dekabrında Xüsusi Sessiya uğurla baş tutdu. Eyni zamanda QH sədri kimi ölkəmiz "peyvənd millətçiliyi"nə qarşı uğurla mübarizə apardı. Azərbaycanın təşəbbüsü ilə həm BMT Baş Assambleyasında, həm də BMT-nin İnsan Hüquqları Şurasında vaksinlərin ədalətli bölüşdürülməsinə dair qətnamələr qəbul edildi. Azərbaycan koronavirusa qarşı qlobal mübarizəyə dəstək olaraq Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar könüllü maliyyə yardımı ayırdı ki, bunun 5 milyonu zəruri ehtiyacların qarşılanması üçün koronavirusdan ən çox zərərçəkmiş Hərəkat üzvlərinə yönəldildi. Habelə Azərbaycan tərəfindən bir sıra ölkələrə də yardım göstərilmişdir. Azərbaycan dörd ölkəyə təmənnasız olaraq 150 min doza vaksin göndərdi.

Hərəkata üzvlük beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlığa dair proseslərə ölkəmizin daha yaxından cəlb olunması və çoxsaylı dövlətlərlə ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə münasib şərait yaradıb. Ölkəmizin keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı mövqeyi Qoşulmama Hərəkatının sənədlərində daim dəstəklənib. Quruma üzvlük və sədrlik Azərbaycana Ermənistanın təcavüzünə qarşı mübarizədə güclü beynəlxalq dəstək qazandırıb. Hərəkat Azərbaycana dəstəyini 44 günlük Vətən müharibəsi dövründə də davam etdirib. Qurum Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən xüsusi sənəd qəbul etdi. Qoşulmama Hərəkatı ölkələrinin belə qətiyyətli mövqeyi onların "Bandunq prinsipləri"nə və Hərəkatın dəyərlərinə sadiqliyini nümayiş etdirdi.

Təşkilata sədrliyi dövründə görülən işlər və ortaya qoyduğu iradə ilə beynəlxalq miqyasda öz nüfuzunu gücləndirən ölkəmizin fəal surətdə çoxtərəfli diplomatiyanı və multilateralizmi təşviq etməsi dünya birliyi tərəfindən təqdir olunur. Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində bir sıra qlobal təşəbbüslərlə də çıxış edib. Hərəkatın 2020-ci ilin may ayında təşkil edilmiş Zirvə toplantısını və həmin ilin dekabr ayında 150-dən artıq dövlətin dəstəyi ilə keçirilmiş BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasını ayrıca qeyd etmək lazımdır. Azərbaycanın sədrliyinin ən böyük uğurlarından biri də QH-nin təsisatlanması məsələsidir. Sədrliyimiz dönəmində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Gənclər Təşkilatı təsis olunub. Bakıda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin "Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi" mövzusunda konfransı keçirildi. Konfransdan az sonra - iyulun 25-29-da ölkəmizdə keçirilən Gənclər Sammiti çərçivəsində Hərəkatın 61 illik tarixində ilk dəfə olaraq Şuşada üzv ölkələrin gənclərini birləşdirən Gənclər Təşkilatı yaradıldı. Tarixə Şuşa Akkordu (Şuşa razılaşması) kimi düşən Qoşulmama Hərəkatı Gənclər Təşkilatının yaradılmasına dair sənədin məhz Şuşada qəbul edilməsi bizim üçün xüsusi məna kəsb edirdi.

Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi dövründə dünyada gedən iqtisadi-siyasi proseslərdə aktiv rol oynamaqla yanaşı, beynəlxalq hüququ, sülhü və sabitliyi daim təşviq edib, eyni zamanda ölkələrarası sağlam münasibətlərin formalaşmasına mühüm töhfələr verib. Uqandanın paytaxtı Kampala şəhərində keçirilən Qoşulmama Hərəkatının (QH) Dövlət və Hökumət Başçılarının 19-cu Zirvə Görüşündə açılış nitqi ilə çıxış edən xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın beynəlxalq münasibətlər sistemi üçün olduqca mürəkkəb bir dövrdə QH-yə uğurla sədrlik etdiyini, Hərəkatın mövcud çağırışlarla mübarizədə effektivliyinin artırılması üçün substantiv və institusional tədbirlər gördüyünü diqqətə çatdırıb. Hərəkatın üzvlərinin sayının artırılması, QH-nin digər beynəlxalq təşkilatlarla əməkdaşlığının genişləndirilməsi, Hərəkata üzv dövlətlərin beynəlxalq təşkilatların seçkili orqanlarında namizədliklərinin dəstəklənməsi, QH üzvlərinin inkişafına istiqamətlənən təşəbbüslərin həyata keçirilməsinin də sədrliyimizin uğurları sıralarında olduğu vurğulanıb. Ölkəmizin bundan sonra da Hərəkatın inkişafı istiqamətində səylərini əsirgəməyəcəyi, xüsusilə Hərəkatın fəaliyyətinə töhfə verməkdə davam edəcəyi diqqətə çatdırılıb.

Tədbirdə iştirak edən QH üzv dövlətləri Azərbaycanın Hərəkata uğurlu sədrliyini təqdir edərək, xüsusilə də təsisatın institutlaşdırılması istiqamətində atdığı addımları və COVID-19 ilə mübarizə sahəsində gördüyü işləri yüksək qiymətləndirib. Zirvə Görüşündə qəbul edilən Yekun Sənəddə ölkəmizin maraqlarına uyğun müddəalar əks olunub, Azərbaycanın İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyanın növbəti Tərəflər Konfransına (COP29) ev sahibliyi etməsi qərar QH üzv ölkələri tərəfindən yekdilliklə alqışlanıb.

Mustafa KAMAL,

"Respublika".