Müasir Azərbaycanın intibah dövrü
Siyasət

Müasir Azərbaycanın intibah dövrü

Azərbaycanın dünəni, bu günü, sabahı, işıqlı gələcəyi ulu öndər, dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimizin siyasi fəaliyyətinin bütün dövrlərində gördüyü işlərin əsasında demokratiyaya sadiqlik, müasirlik və yenilik kimi ülvi prinsiplər dayanır.

Ulu öndər Heydər Əliyevin böyük dövlət xadimi, təcrübəli siyasətçi, Azərbaycan dövlətçiliyinin güclü təməlini yaradan və onu daim möhkəmləndirən, davamlı inkişaf yoluna çıxaran qüdrətli şəxsiyyət kimi həyat və fəaliyyəti müasir tariximizin mühüm mərhələsini təşkil edir. Xalqımız tarix boyu əxz etdiyi dövlətçilik ənənələrini, milli dəyərləri, nailiyyətləri, ali keyfiyyətləri məhz Heydər Əliyev epoxasında təkmilləşdirərək dayanıqlı müstəqil Azərbaycan dövlətini qurmuş, azərbaycanlıların bir millət kimi mövcudluğunu, özünü idarə etmək bacarığını yüksək səviyyədə nümayiş etdirmişdir.

Bu gün Azərbaycanda hüquqi dövlət quruculuğu sahəsində və onun tərkib hissəsi olan məhkəmə-hüquq islahatlarında ümummilli liderimiz Heydər Əliyevin rolundan danışılanda bəzən bu islahatların 12 noyabr 1995-ci ildə qəbul edilmiş Konstitusiya ilə başlanılması vurğulanır. Halbuki həmin islahatlar çox-çox əvvəl, hələ Heydər Əliyevin Sovet Azərbaycanına 1969-1982-ci illərdə rəhbərlik etdiyi vaxtlarda başlamışdır.

1981-ci ildə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə respublikada "Məhkəmə Quruluşu haqqında" yeni qanunun qəbul edilməsi məhkəmə orqanlarının inkişafı və möhkəmlənməsi üçün şərait yaratmışdır. Bu qanun 1960-cı ildə qəbul edilmiş qanuna nisbətən geniş və mütərəqqi sənəd olmaqla Azərbaycan SSR Ali Məhkəməsindən, Naxçıvan MSSR Ali Məhkəməsindən, Bakı Şəhər Məhkəməsindən, DQMV-nin Vilayət Məhkəməsindən, rayon (şəhər) xalq məhkəmələrindən ibarət məhkəmə sistemini formalaşdırmışdır.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra həyatımızın bütün sahələrində olduğu kimi, hüquq sahəsində də islahatların həyata keçirilməsi, tamamilə yeni hüquq və məhkəmə sisteminin formalaşması, daha mütərəqqi və demokratik dəyərlərə əsaslanan qanunvericilik bazasının yaradılması günün tələbinə uyğun meydana çıxdı. Ancaq müstəqilliyimizin bərpasının ilk dövründə Azərbaycana rəhbərlik edənlərin səriştəsizliyi üzündən ölkədə heç bir islahat aparılmadı, sovet dövründən miras qalmış əski Konstitusiya saxlanıldı. Bu istiqamətdə sistemli işlərə 1993-cü ildə ümummilli lider Heydər Əliyev xalqın xahişi ilə respublika rəhbərliyinə yenidən  qayıtdıqdan sonra başlanmışdır.

Müstəqil dövlətin həyatında Konstitusiyanın oynadığı rolu yüksək qiymətləndirən Heydər Əliyev səlahiyyətli tərkibdə Konstitusiya Komissiyası yaratdı və layihə ulu öndərin rəhbərliyi ilə geniş ictimaiyyətin müzakirəsinə verildi. 12 noyabr 1995-ci ildə Azərbaycanda çoxpartiyalı əsaslarla parlament seçkiləri keçirildi və eyni vaxtda referendum yolu ilə müstəqil Azərbaycanın  Əsas Qanunu - Konstitusiyası qəbul olundu. Əsas Qanunda Azərbaycan dövlətinin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması; Konstitusiya çərçivəsində demokratik quruluşa təminat verilməsi; vətəndaş cəmiyyətinin qurulması; xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən dünyəvi-hüquqi dövlətin bərqərar olunması, ədalətli sosial nizamın yaradılması və ən əsası, hakimiyyətin üç müstəqil qola - qanunvericilik, icra və məhkəmə hakimiyyətinə bölünməsi öz əksini tapmışdır. Qəbul edilmiş bu Konstitusiya köklü məhkəmə-hüquq  islahatlarının aparılmasının da əsasını qoydu.

Hüquq islahatlarının həyata keçirilməsi, demokratik təsisatların və qanunun aliliyi prinsipinin möhkəmləndirilməsi məqsədilə 1996-cı ildə Prezident Heydər Əliyevin  sərəncamı ilə Hüquq İslahat Komissiyası, 1998-ci ildə isə dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə Dövlət Komissiyası yaradıldı. Hüquq İslahat Komissiyası tərəfindən hazırlanmış və 1997-ci ildə Milli Məclis tərəfindən qəbul olunmuş "Məhkəmə və hakimlər haqqında" Azərbaycan Respublikası Qanunu ölkəmizdə məhkəmə-hüquq islahatları sahəsində atılan ilk, lakin çox vacib addım olmaqla hakimiyyətin üç müstəqil qolundan biri olan məhkəmə hakimiyyətinin müstəqil, yalnız qanun çərçivəsində fəaliyyət göstərməsinə imkan yaratdı. Hüquq İslahat Komissiyası tərəfindən hazırlanmış vacib qanunlardan biri də Azərbaycan Konstitusiyasının aliliyinin təmin edilməsinə yönəlmiş "Konstitusiya Məhkəməsi haqqında" qanunun qəbul edilməsi oldu. Konstitusiya Məhkəməsinin təşkil olunması isə hüquqi-demokratik dövlət qurmaq amalı ilə yaşayan Azərbaycan xalqının müasir tarixində mühüm bir hadisə sayılmalıdır. Komissiya tərəfindən hazırlanmış "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Prokurorluq haqqında", "Polis haqqında", "Notariat haqqında" və sairə qanunların qəbulu xüsusi əhəmiyyətə malikdir.

"Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və "məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər barədə" 1 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə məhkəmələrin təşkil edilməsi, hakim vəzifələrinə namizədlərin seçilməsi, habelə məhkəmələr və hakimlərlə bağlı digər məsələləri səlahiyyətləri dairəsində həyata keçirən məşvərətçi orqan kimi Məhkəmə-Hüquq Şurası yaradılmışdır. Eyni zamanda ölkə tarixində ilk dəfə olaraq hakim vəzifəsinə namizədin peşə hazırlığını, bilik səviyyəsini, hakim vəzifəsinə layiq olduğunu müəyyən etmək məqsədilə test üsulu ilə imtahan və müsahibə aparılması yolu ilə təyin edilməsi qərara alınmışdır. Təcrübədə sınanmış bu qaydaların nə dərəcədə effektiv olması özünü sübut etdi və 2000-ci ildə keçirilmiş test imtahanları zamanı hakim korpusunun 60 faizə qədəri təzələndi. Təkcə bu fakt seçkinin ədalətli, şəffaf, demokratik prinsiplərə uyğun keçirildiyinə əmin olmaq üçün kifayətdir.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə yeni dünya düzənində aparıcı güc mərkəzləri arasında gedən mübarizənin mahiyyətinə uyğun xarici siyasət yürüdən müstəqil Azərbaycan Cənubi Qafqazın aparıcı dövlətinə çevrilmiş və ölkəmizin regionda gerçəkləşdirilən bütün transmilli layihələrdə iştirakı təmin olunmuşdur. Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna önəm verməsi, beynəlxalq miqyasda rezonans doğuran qətiyyətli addımlar atması, milli məqsədlər naminə nüfuzlu tribunalardan böyük, diplomatik məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur. Məhz bütün bunların nəticəsidir ki, Azərbaycan cəmiyyəti Heydər Əliyevin əsasını qoyduğu unikal liderlik institutunu və dövlətçilik sistemini ölkənin beynəlxalq təhlükəsizliyinin, iqtisadi maraqlarının, siyasi sistemin sabitliyinin təmin edilməsinə yönələn fəlsəfi dünyagörüşü kimi qəbul edir. Qlobal miqyasda aparıcı dövlətlər, o cümlədən Qərbin demokratik dairələri Azərbaycanın perspektivini bu kursdan kənarda təsəvvür etmirlər. Heydər Əliyevin xarici siyasət doktrinası bu fəlsəfi dünyagörüşün mahiyyəti barədə real təsəvvürlərin ortaya çıxmasını şərtləndirir.

Siyasətdə və dövlət idarəçiliyində mütərəqqi ənənələrin, irs-varislik əlaqələrinin qorunub saxlanılması hər bir xalqın sabit və davamlı inkişafı baxımından vacibdir və böyük əhəmiyyət daşıyır. İrs-varislik əlaqəsi Azərbaycan xalqının milli düşüncə sistemində də möhkəm intişar tapmış, xalqımız tarix boyu inandığı, etibar etdiyi siyasəti ürəkdən dəstəkləyərək öz təminatlı gələcəyinə doğru inamla addımlamışdır. Ümummilli lider Heydər Əliyev bu mənada həm də böyük müdrikliklə müəyyənləşdirdiyi milli inkişaf kursunu özündən sonra inamla davam etdirə biləcək layiqli siyasi varis yetişdirmişdir.

Ölkədə həyata keçirilən effektiv iqtisadi islahatlar kursunu uğurla davam etdirərək dövrün tələblərinə uyğun yeni çalarlarla zənginləşdirən dövlət başçısı cənab İlham Əliyev hələ 2003-cü ildə prezident seçkiləri ərəfəsində verdiyi bütün vədləri böyük səylə, ardıcıl və sistemli surətdə yerinə yetirmişdir. Dövlət başçısı qısa dövr ərzində imzaladığı məqsədyönlü fərman və sərəncamlarla, habelə obyektiv reallıqdan irəli gələn addımları ilə ölkəmizin dinamik yüksəlişini təmin etmiş, dövrün tələbi kimi qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş, həyata keçirdiyi islahatlarla inkişaf mexanizminin daha da çevikliyinə, işləkliyinə nail olmuşdur. Azərbaycanın sosial-iqtisadi yüksəlişi bu gün ilk növbədə, insanların gündəlik həyatında özünü qabarıq büruzə verir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasətin məqsədyönlülüyü, ardıcıllığı, obyektiv gerçəkliyə adekvatlığı, bu siyasətin ölkənin milli mənafelərini əks etdirməsi respublikanın hər bir vətəndaşında gələcəyə böyük inam və əminlik yaradır.

Cənab İlham Əliyevin inamla davam etdirdiyi sosial-iqtisadi inkişaf strategiyası, böyük şövqlə həyata keçirdiyi islahatlar həm də onun yüksək idarəçilik qabiliyyətinə və mükəmməl iş təcrübəsinə dəlalət edir. Dövlət başçısı praqmatik və rasional addımları ilə respublikada demokratik proseslərə yeni nəfəs vermiş, ölkənin iqtisadi resurslarının bu yöndə səfərbər olunmasına şərait yaratmışdır. 2003-2023-cü illərdə respublikada elmi əsaslara söykənməklə həyata keçirilən siyasət sabit iqtisadi və siyasi sistemin yaradılması, sosial vəzifələrin həlli, əhalinin sosial rifah halının, alıcılıq qabiliyyətinin yüksəldilməsinə, cəmiyyətdə ictimai konsensusun əldə edilməsinə yönəlmişdir. Qazanılan uğurlar Azərbaycanın davamlı surətdə demokratiya yolunda uğurla irəliləməsinə, dünya miqyasında nüfuzunu yüksəlməsinə, özünüifadəsinə geniş imkanlar yaratmışdır.

Prezidentimiz təcrübəli siyasətçi, müdrik rəhbər kimi keçmiş Dağlıq Qarabağ münaqişəsini də uğurla həll etdi.  Sentyabrın 27-də təcavüzkar Ermənistanın silahlı qüvvələrinin uzun illərdən bəri işğal altında saxladıqları Azərbaycan torpaqlarında, qoşunların təmas xəttində ölkəmizə qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlaması dövlətimizin və xalqımızın Vətən uğrunda mübarizəyə qalxmasına, zəruri tədbirlər görməsinə rəvac verdi.

Buna görə də Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə Azərbaycan Ordusunun düşmənin təcavüzünü qəhrəmancasına dəf etməsi və əks-hücum əməliyyatlarına başlayaraq erməni hərbi qüvvələrə sarsıdıcı zərbələr endirməsi nəticəsində işğal altında olan torpaqlarımız azad olundu.

10 noyabr gecəsi isə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev doğma xalqını böyük zəfər xəbəri ilə müjdələdi: "Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli Bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır". Bəli, o gün Qarabağ münaqişəsinə nöqtə qoyulduğu gün oldu. 30 illik münaqişə 44 gündə Azərbaycanın qələbəsi ilə bitdi. 

Ümumilikdə, hər addımda ulu öndər Heydər Əliyevin yüksək ideallarına sadiqlik nümayiş etdirən dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətin ali məqsədi Azərbaycanın hər bir vətəndaşı üçün layiqli və firavan həyat tərzinin təmin olunması, ölkədə azad və demokratik cəmiyyətin qurulmasıdır. Bütün bu proseslərdə Azərbaycan Prezidentinə ən böyük dəstək xalqdan, öz taleyini İlham Əliyevə etibar etmiş Azərbaycan vətəndaşlarından gəlir. Bu gün Azərbaycan xalqı İlham Əliyevi ölkədə baş verən intibahın, siyasi sabitliyin, əmin-amanlığın və sülhün qarantı hesab edir, ona tam güvənir. Çünki xalq öz həyatında, taleyində baş vermiş böyük dəyişikliklərin, Azərbaycanı parlaq sabahına doğru yaxınlaşdıran siyasi kursun əhəmiyyətini yaxşı dərk edir və bu siyasəti birmənalı şəkildə dəstəkləyir.

Məhəmmədəli RZAYEV,

Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi.