Sülh, sabitlik və inkişafa yol açan yeni reallıq
Siyasət

Sülh, sabitlik və inkişafa yol açan yeni reallıq

"Sentyabrın 20-dən sonra artıq zaman yetişib ki, bizim nümayəndələr əyləşsinlər və artıq sülh sazişinin layihəsi üzərində işləsinlər. Sentyabrın 20-də biz suverenliyimizi artıq bərpa etmişik. Bundan sonra sülh sazişinin tezliklə imzalanması daha asan olacaq". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev ötən il sentyabrın 29-da Zəngilanda keçirilən "Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi" mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində bildirib.

İlk Milli Şəhərsalma Forumunda 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan şəhərsalma, bərpa və quruculuq işlərinin, burada tətbiq olunan texnologiyaların, unikal təcrübənin və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına xüsusi diqqət yetirilib. Forum şəhərlərin bərpası ilə bağlı beynəlxalq və çoxtərəfli əməkdaşlıq üçün unikal imkan yaradan şəhər ərazilərində böhranların aradan qaldırılmasına dair çətinliklərin müəyyən edilməsi və həllərin müzakirəsi ilə bağlı bilik və təcrübə mübadiləsi üçün bir  platformadır.

Azərbaycan Vətən müharibəsindən sonra regionda yeni reallıqlar yaradıb. Ölkəmiz qalib tərəf kimi, bu gün də sülhün tərəfdarıdır və bu istiqamətdə cəsarətli addımlar atılır.  Amma xoş niyyət, humanistlik birtərəfli olmalı deyil. Yaxşı nəticələr yalnız o halda mümkündür ki, bu addımlara qarşılıq verilsin. Lakin Ermənistan Azərbaycan tərəfindən düşmənçiliyin aradan qaldırılması, inamın gücləndirilməsi istiqamətində atılan addımlara qarşılıq vermir. Ölkəmizin yürütdüyü siyasət regionda sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin formalaşdırılmasını nəzərdə tutur. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində siyasi iradə nümayiş etdirib, çoxsaylı təşəbbüs və təkliflərlə çıxış edib. Lakin Ermənistan tərəfi müxtəlif manevrlərlə prosesi ləngitməyə çalışır.

Azərbaycan dövləti öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Uğurlu daxili siyasətin fonunda beynəlxalq münasibətlər sistemində artan rolu, möhkəmlənən mövqeyi, etibarlı və arzuolunan tərəfdaş kimi nüfuz qazanması, ən əsası qalib ölkə olaraq yaratdığı yeni reallıqlar qürurvericidir. Bu uğurlar böyük səylərin, qətiyyətin, düzgün qurulan siyasətin təzahürüdür. Ötən il sentyabrın 19-20-də lokal antiterror tədbirlərinin həyata keçirilməsi nəticəsində Azərbaycanın suverenliyi tam təmin olundu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin oktyabrın 15-də Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə Azərbaycan Bayrağını ucaltması, Zəfərimizin üçüncü ildönümündə Xankəndi şəhərində keçirilən hərbi parad tariximizin qürur səhifələrini daha da zənginləşdirib.

Qarabağ yenidən qurulur, Cənubi Qafqazda sülh gündəliyi təşviq edilir. Bütün istiqamətlərdə təşəbbüs bizim əlimizdədir. Həmin təşəbbüs sülhə xidmət edir.

Ötən il Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində Prezident İlham Əliyev bildirib ki, ərazi bütövlüyümüzü bərpaetmə təcrübəmiz çox misilsiz və unikal bir hadisədir. Münaqişəyə son qoyduq. O münaqişənin həll edilməsi nəticəsində ləyaqətimizi qoruduq, beynəlxalq hüququ bərpa etdik. Bu gün Cənubi Qafqazda sülh dövrünə qədəm qoya bilərik. Bu bizim fikrimizdir. Əməkdaşlıq, birgə mənfəət götürülməsi, qarşılıqlı fayda - bu gün biz bunların hamısını nümayiş etdiririk. Prezident İlham Əliyevin gələcəyə aydın baxışı və qətiyyəti sayəsində Azərbaycan Avrasiyanın yeni nəqliyyat xəritəsini formalaşdırıb. Qeyd edək ki, Avrasiyanın yeni nəqliyyat xəritəsini yaradan ölkəmizin təşəbbüsü və fəal iştirakı ilə reallaşan strateji əhəmiyyətli layihələr regional və beynəlxalq əməkdaşlığın dərinləşməsinə stimul verir. Azərbaycanın regionda yeni nəqliyyat-kommunikasiya xəritəsini yaratması və bölgənin geostrateji vəziyyətinin dəyişilməsində aparıcı rolu xüsusi əhəmiyyətə malikdir.

Avrasiyanın strateji yollarının kəsişdiyi Azərbaycanda yüklərin istər Şimal-Cənub, istərsə də Şərq-Qərb istiqamətləri üzrə daşınmasına imkan verən müasir nəqliyyat infrastrukturu yaradılıb. Orta Dəhlizə maraq artır. Bu səbəbdən, Orta Dəhlizin əsas arteriyalarından biri olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürmə qabiliyyətinin 5 milyon tona çatdırılması üçün Türkiyə və Gürcüstanla birlikdə səylər göstərilir. Ən qısa və təhlükəsiz tranzit dəhlizi olan Zəngəzur dəhlizinin tikintisi Çinlə Mərkəzi Asiya ölkələri arasında Avropa istiqamətində nəqliyyat əlaqələrinin şaxələndirilməsini təmin edəcək və regionun bütün ölkələri üçün yeni iqtisadi imkanlar yaradacaq.

Hazırda Azərbaycan neft-qazdan sonra bərpaolunan enerji təchizatçısına çevrilmək, bu enerjinin də Avropaya nəql etmək üçün nəhəng "yaşıl enerji" dəhlizini həyata keçirmək istiqamətində mühüm addımlar atır. 2022-ci il dekabrın 17-də Rumıniyanın Buxarest şəhərində "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in imzalanması ölkəmizin dünyanın enerji bazarında əhəmiyyətli rolunu daha da yüksəldir.

Göründüyü kimi, ərazilərini işğaldan azad edən Azərbaycan ədaləti bərpa etməklə Cənubi Qafqazda sülh, sabitlik və inkişafa geniş yol açan yeni reallıq yaradıb. Digər tərəfdən, mühüm bir məsələ də regionda davamlı sülhün bərqərar olması üçün beynəlxalq ictimaiyyət Ermənistana təzyiq göstərməlidir.

Mustafa KAMAL,

Respublika".