AĞDƏRƏNİN AĞ GÜNLƏRİ
Region

AĞDƏRƏNİN AĞ GÜNLƏRİ

Son zamanlar Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə respublikamızda baş verən mühüm hadisələr vətəndaşlarımıza sevinc dolu günlər yaşadır.

2020-ci il sentyabr ayının 27-də əks-hücum başlanıldı, cəmi 44 gün ərzində Müzəffər Azərbaycan Ordusu mənfur düşmənə sarsıdıcı zərbələr endirərək möhtəşəm Qələbə əldə etdi. Torpaqlarımız 30 illik işğaldan azad olundu. Elə həmin andan düşmənin viran qoyduğu yerlərdə abadlıq-quruculuq işlərinə başlandı. 30 il Vətən həsrəti ilə qovrulan həmyerlilərimizin doğma torpaqlarına qayıdışına start verildi.

Keçmiş məcburi köçkünlər əmindirlər ki, bir neçə ilə öz doğma yurd yerlərində hər cür şəraiti olan mənzillərlə təmin olunacaqlar. 2023-cü il 19-20 sentyabr tarixlərində Ali Baş Komandanın əmri ilə lokal xarakterli antiterror tədbirləri həyata keçirməklə daha möhtəşəm bir qələbəyə imza atıldı. Bir sutkadan da az müddət ərzində düşmən təslim oldu.

Beləliklə, Azərbaycanımızın ərazi bütövlüyü, suverenliyi bərpa olundu. Oktyabr ayının 15-də hər bir azərbaycanlının səbirsizliklə gözlədiyi an yetişdi. Qalib ölkənin Prezidenti İlham Əliyev üçrəngli bayrağımızı Xankəndi, Ağdərə, Xocalı, Xocavənd və Sərsəng Su Anbarında ucaltdı. Bu məqam əsrlər boyu xalqın yaddaşından silinməyəcəkdir. Ancaq bir məsələni xüsusilə vurğulamaq yerinə düşər ki, bu yerlərə bayrağın sancılması həmin torpaqların sakinlərini daha çox sevindirir. Çünki 30 il bu insanlar ulularının məzarını ziyarət etmək, doğma yurdlarına qayıtmaq arzusu ilə yaşamışlar.

90-cı illərin əvvəllərində ermənilərin törətdikləri təxribatlar nəticəsində yurdlarından didərgin salınmış ağdərəlilərlə söhbət etdikdə deyilənlərin şahidi oluruq. Kiçikdən-böyüyə hər bir Ağdərə sakini doğma Vətəninə dönməyə qərarlıdır. Ağdərə sakinlərinin böyük əksəriyyəti Tərtər şəhərində ictimai binalarda, yataqxanalarda və başqa yerlərdə müvəqqəti məskunlaşmışdılar. 2018-ci ildə dövlət başçısı İlham Əliyev Tərtər rayonunun Şıxarx qəsəbəsində yeni salınmış yaşayış massivinin açılışını etmiş, Ağdərədən və digər yerlərdən olan keçmiş məcburi köçkünlər adıçəkilən qəsəbədə evlə təmin olunmuşlar.

Qəsəbədə rahat yaşayış üçün hər cür şərait var. Biz əslən Ağdərədən olan insanlarla söhbət etdik. Ağdərənin Umudlu kəndinin sakini İlqar Qasımov deyir ki, oktyabr ayının 15-də Ali Baş Komandan İlham Əliyev üçrəngli bayrağımızı Ağdərədə ucaldan zaman hər birimizin gözləri sevinc yaşları ilə doldu. Artıq 60 yaşı keçmişəm. Gənc yaşlarımı Umudlu kəndində keçirmişəm. Dövlətimiz bizə çox gözəl şərait yaratmışdır. Ancaq doğma yurd yerlərimiz bizi daim özünə çəkir.

Ağdərənin 11 kəndi yalnız azərbaycanlılardan ibarət olmuşdur. Təəssüf hissilə qeyd etmək lazımdır ki, ermənilər kəndlərin 9-nu tamamilə yer üzündən silmişdir. Cəmi 2 kənd Sırxavənd və Umudlu kəndləri (azərbaycanlıların yaşadıqları) qalmışdır. Qəbiristanlıq və tarixi abidələr tamamilə məhv edilmişdir.

Azərbaycanlılara məxsus digər məscidlər, xalqın inanc yerləri, eləcə də qəbiristanlıqlar vəhşicəsinə yer üzündən silinmişdir. 1992-ci il fevral ayının sonlarında, qışın oğlan çağında uşaqlar, qadınlar, qocalar, ümumiyyətlə, bütün ağdərəlilər yalnız əyin paltarları ilə yaşayış yerlərini tərk etmək məcburiyyətində qalıblar.

Müsahibim yaşadığı Umudlu kəndinin tarixi haqqında da danışaraq dedi ki, Umudlu kəndi ilk dəfə 1905-ci il 26 fevral tarixində ermənilərin hücumuna məruz qalmışdır. Ermənilər Heyvalı kəndi yaxınlığında Şahbaz dərəsi adlanan yerdə bir gecə ərzində 360 nəfəri diri-diri yandırmışdılar. Bu qətliamın başında Dro adlı erməni generalı durmuşdur. Əsl faciə budur ki, həmin kəndin ərazisində erməni faşistin abidəsi ucaldılmış, sovetlər birliyi dönəmində Heyvalı kəndinin adı dəyişdirilərək Drombom adlandırılmışdır.

Hazırda kəndin adı bərpa olunaraq Heyvalı qoyulmuşdur. İkinci dəfə 1918-ci ildə ermənilər kəndə hücum etmiş, kəndi yandırmış, məscidi tamamilə dağıtmışdılar. İnsanlar kəndi tərk etmək məcburiyyətində qalmışdılar. Lakin bir neçə aydan sonra Umudlu kəndinin sakinləri yenə də öz evlərinə qayıtmışlar.

Üçüncü dəfə isə 1992-ci ildə Xocalı soyqırımından bir gün sonra hər tərəfdən ermənilər kəndə hücum etmişlər. Kəndin müdafiəsi zamanı 5 nəfər şəhid olmuşdur. Ermənilər bu iyrənc əməllərini azərbaycanlılar yaşayan bütün kəndlərdə həyata keçiriblər.

1992-ci il fevral ayının sonlarında Ağdərə rayonunda yaşayan azərbaycanlılar rayonu tamamilə tərk etmişlər. Ağdərəlilərə məxsus ev əşyaları, mal-qara, bir sözlə, bütün əmlakları ermənilərə qalmışdı. Artıq Ağdərənin inzibati rayon kimi fəaliyyətə başlaması qərarı verilmişdir ki, bu da biz ağdərəlilərin sonsuz sevincinə səbəb olmuşdur. Hazırda bütün qurumlar Ağdərədə öz işini davam etdirir.

Umudlunun digər sakini Fidurə Niftalıyeva hazırda Tərtər Rayon Mərkəzi Xəstəxanasında təcili yardım şöbəsində baş tibb bacısı kimi çalışır. O, bizimlə söhbət zamanı bildirdi ki, 1990-cı ildə ermənilər onların ailəsini girov götürmüş, bir gün əsirlikdə qaldıqdan sonra azad edilmişlər. Ağdərədən çıxanda onun 17 yaşı olmuşdur.

Həmsöhbətim qeyd etdi ki, onların həm Umudluda, həm də Ağdərə rayonunun mərkəzində şəxsi evləri olub. O, Ağdərədə RMX-də tibb bacısı vəzifəsində işləmişdir. Nəcib peşə sahibi 3 övladı ilə birlikdə səbirsizliklə doğma yurduna qayıdaraq fəaliyyətini Ağdərədə davam etdirmək arzusundadır.

Bir sözlə, ağdərəliləri öz doğma yurdlarında firavan həyat gözləyir. Onlar əmindirlər ki, digər yerlərdə olduğu kimi, Ağdərədə də dövlətimiz sakinlərin rahat yaşaması üçün hər cür şərait yaradacaqdır.

Vəli VƏLİYEV,

"Respublika".