Müasirliklə keçmişin tarixi vəhdəti
Siyasət

Müasirliklə keçmişin tarixi vəhdəti

Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan şəhərsalma modeli təqdir olunur

BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurasının Keniyada keçirilən 3-cü sessiyasında 13-cü Ümumdünya Şəhərsalma Forumunun 2026-cı ildə Bakı şəhərində keçiriləcəyi barədə qərar qəbul olunub. Daha öncə müxtəlif illərdə Forum Barselona, Rio-de-Janeyro, Vankuver, Əbu-Dabi, Kuala-Lumpur və bir sıra digər şəhərlərdə təşkil edilib. Bu mühüm tədbirin Bakıda keçirilməsi şəhərsalma sahəsində dərin islahatlar, ölkədə uğurla həyata keçirilən irimiqyaslı layihələr, eləcə də Azərbaycanın bu sahədə qlobal gündəliyə verdiyi töhfələr sayəsində əldə edilmiş beynəlxalq nüfuzun daha parlaq nümunəsidir.

Hazırda Azərbaycanın postmüharibə dövrünün strateji istiqaməti Böyük Qayıdışa dair Dövlət Proqramının icrasıdır. Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra Azərbaycan regionda yeni geostrateji reallıqlar yaradaraq bütün dünyada heyrətlə qarşılanan yeniliklərə imza atır. Hazırda Böyük Qayıdışın uğurla təmin olunması üçün bütün işlər mərhələli və planlı şəkildə həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə görülən işlər, icra edilən layihələr, həyata keçirilən tədbirlər deməyə əsas verir ki, hər iki bölgədə böyük inkişafın təməlləri atılır. Məqsəd yalnız ölkə səviyyəsində deyil, həm də uğurlu inteqrasiyaya nail olmaqla, regional və beynəlxalq səviyyədə inkişafı təmin etməkdir. Qarşıda duran əsas məsələ Azərbaycanın tarixi qələbəsinin nəticələrinin möhkəmləndirilməsi üçün işğaldan azad olunan Qarabağ bölgəsində əhalinin dayanıqlı məskunlaşması, həmin ərazilərin müasir və abad yaşayış mühitinə çevrilməsidir.

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur yenidən dirçəlir və bölgələrdə keçmiş məcburi köçkünlərin firavan yaşayışı üçün infrastruktur layihələri icra edilir. Prezident İlham Əliyevin müəllifi olduğu Böyük Qayıdış Azərbaycanın çoxəsrlik tarixində ən böyük və hərtərəfli Dövlət Proqramıdır. Ölkə başçısının Qarabağa tez-tez səfərləri quruculuq işlərinə yeni stimul verir.

Azərbaycan 10 min kvadratkilometr ərazinin yenidən qurulması kimi genişmiqyaslı vəzifəni praktiki olaraq təkbaşına icra etdiyi bir vaxtda Prezident İlham Əliyev BMT-nin müvafiq qurumu ilə qarşılıqlı əlaqələrin gücləndirilməsi kursunu müəyyən edib.

Şəhərsalma məsələsinin ölkəmiz üçün prioritet olduğunu nəzərə alaraq, hökumətin BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) ilə əməkdaşlığı nəticəsində 2022-ci il oktyabrın 5-6-da ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdam və Bakı şəhərlərində "Dayanıqlı İnkişaf Məqsədləri" və "Yeni Şəhər Gündəliyi" - postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi" mövzusunda ilk Azərbaycan Milli Şəhərsalma Forumu keçirilib.

Foruma 45 ölkədən yerli və xarici hökumət rəsmiləri, müvafiq beynəlxalq təşkilatların nümayəndələri, sahə mütəxəssisləri, elm adamları, habelə Azərbaycanın müvafiq şəhər və rayonları ilə qardaşlıq əlaqələri olan xarici tərəfdaşlar və digər maraqlı tərəflər daxil olmaqla, ümumilikdə 400-dən çox iştirakçı qatılıb. Prezident cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak ediblər. Dövlət başçısı Forumda çıxışı zamanı işğaldan azad edilmiş ərazilərdə törədilmiş urbisiddən, burada aparılan geniş bərpa-quruculuq işlərindən, insanların doğma topraqlarına geri qayıdışından danışaraq davamlı sülhün əldə edilməsi istiqamətində mühüm məsələlərə toxunub. Dövlət başçısı bildirib ki, azad edilmiş bütün şəhərlərin Baş planları hazırlanıb və təsdiqlənib: "Biz bütün gücümüzü və potensialımızı səfərbər edirik ki, keçmiş məcburi köçkünlər öz yurdlarına tezliklə qayıtsınlar". Ona görə də azad olunmuş ərazilərdə irimiqyaslı infrastruktur layihələr sürətlə icra edilir. 2022-ci ilin iyun ayında BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru Maimunah Mohd Şərif işğaldan azad edilmiş əraziləri ziyarət edən ilk rəhbər kimi yadda qalıb. O, ermənilərin dağıtdığı şəhər və kəndləri yenidən yaratmaq üçün görülən işlərin miqyası ilə şəxsən yerindəcə tanış olub. Forumu dayanıqlı şəhərsalma sahəsində təcrübə mübadiləsi və dayanıqlı inkişafın təmin edilməsi üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından unikal və uğurlu platforma olaraq dəyərləndirib. Rəhbərlik etdiyi təşkilatın sülh və əmin-amanlığın təmin edilməsi məqsədilə Azərbaycan ərazilərində bərpa və yenidənqurma işlərinin aparılmasına, bu ərazilərə həyatın qaytarılmasına dəstək verməyə hazır olduğunu bildirib.

2023-cü il sentyabrın 29-da BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən "Şəhərsalma Həftəsi 2023" tədbirləri çərçivəsində Zəngilanda "Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi" mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun işğaldan azad edilmiş ərazilərdə keçirilməsi mühüm və tarixi əhəmiyyət kəsb edir. Forumun açılış mərasimində çıxış edən Prezident cənab İlham Əliyev tədbir iştirakçılarına Vətən müharibəsinin başa çatmasından sonra keçən üç il ərzində görülmüş işlər və gələcək planlar barədə ətraflı məlumatlar verib. Dünyanın 53 ölkəsindən ümumilikdə 400 iştirakçının qatıldığı bu tədbir Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda gördüyü möhtəşəm işləri, erməni işğalı nəticəsində tamamilə dağıdılaraq viran qoyulmuş şəhər və kəndlərimizin sıfırdan necə yenidən qurulduğunu dünya ictimaiyyətinə bir daha nümayiş etdirmək üçün böyük platformadır. Ölkəmiz ilə UN-HABITAT arasında əlaqələr intensivləşdikcə 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumuna (WUF13) ev sahibliyi etmək üçün Bakı şəhərinin namizədliyi irəli sürüldü. Xatırladaq ki, BMT-nin 2001-ci ildə qəbul edilmiş müvafiq qətnaməsinə əsasən, bu Forum iki ildən bir dünyanın şəhərsalma sahəsində ən nüfuzlu şəhərlərindən birində keçirilir. Yəni söhbət urbanizasiya və şəhər inkişafının öyrənilməsi üçün ən böyük platformadan gedir.

Bu gün Azərbaycan yaratdığı tarixi reallıqların məntiqi nəticəsi olaraq yeni mərhələ yaşayır. Suverenliyin tam bərpası, Qarabağın və Şərqi Zəngəzurun azad olunması, eləcə də torpaqlarımızdan separatizmin təmizlənməsi yeni imkanlar yaradıb. Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu Cənubi Qafqazda ən böyük tədbirlərdən birinə çevriləcək. Tədbir çərçivəsində həm Azərbaycandan, həm də xarici ölkələrdən maraqlı tərəflər - dövlət rəsmiləri, QHT-lər, bu sahədə çalışan mütəxəssis və ekspertlər, özəl sektorun nümayəndələri bir araya gələcək, fikir mübadiləsi aparacaq, yeni bilik və təcrübə qazanmaq imkanı əldə edəcəklər. 2026-cı ildə Azərbaycan öz nailiyyətləri ilə xarici qonaqları heyran edəcək və həmin vaxta qədər 140 minə yaxın keçmiş məcburi köçkünün Qarabağa və Şərqi Zəngəzura qaytarılması nəzərdə tutulub.

İşğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı yenidənqurma, bərpa-quruculuq işləri davam etdirilir. Burada müasir texnologiyalar, "ağıllı şəhər" və "ağıllı kənd"lər inşa olunur və ən müasir şəhərsalma nümunələrindən istifadə edilir. Ölkə başçısı Qarabağı nəinki regionun, bütün dünyanın müasir, əsrarəngiz və təhlükəsiz bölgəsinə çevirməkdə qərarlıdır. Bunu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpa və yenidənqurulmasına dövlət büdcəsindən ayrılan vəsaitlərin həcminin ildən-ilə artırılması da aydın göstərir. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın uğurla icrası bu baxımdan böyük önəm daşıyır. Qarabağ və Şərqi Zəngəzur müasir dünyanın ahəngində qurulur, ona yeni həyat verilir. Sıfırdan başlayan quruculuq prosesində müasir şəhərsalma tendensiyaları ilə hərəkət edilir, yeni şəhərsalma modelləri tətbiq olunur. Bir qisim ərazilərdə keçmişlə müasirlik bir arada olacaq, tarixi memarlıq abidələri qorunacaq, bərpa ediləcək, bir sözlə, yeniliklər keçmişi sıradan çıxarmayacaq. Yenidənqurma işləri ilə yanaşı, həmin ərazilərdə ötən əsrlərdən yadigar qalan, tariximizi yaşadan və 30 illik işğal dövründə düşmən tərəfindən məhv edilən, saxtalaşdırılan memarlıq abidələrimizin bərpası, memarlıq və şəhərsalma irsinin mühafizəsi bu gün qarşıda duran ən mühüm vəzifələrdən biridir.

Göründüyü kimi, Dövlət Proqramında 2026-cı ilədək görüləcək işlərin miqyası kifayət qədər böyükdür. Bütün bu işlər ona görədir ki, Böyük Qayıdış planı uğurla yerinə yetirilsin və keçmiş məcburi köçkünlərin öz ata-baba torpaqlarında məskunlaşması dayanıqlı və əbədi olsun.

Mustafa KAMAL,

"Respublika".