Müdriklik, qətiyyət və ədalət rəmzi
Digər xəbərlər

Müdriklik, qətiyyət və ədalət rəmzi

Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 100 ili tamam olub. Xalqımızın, dövlətimizin və bütövlükdə dövlətçiliyimizin bir əsrlik uğur tarixi şəksiz və şəriksiz olaraq  ulu öndərin adı ilə bağlıdır. Bu dahi insan barədə danışanda gözlərimiz önünə, ilk növbədə, sözün bütün mənalarında Azərbaycan dövlətinin qurucusunun siması gəlir. Əgər qonşu gürcü xalqı üçün Qurucu David daha çox təxəyyül və əfsanə timsalıdırsa, Azərbaycan xalqı üçün Heydər Əliyev quruculuğu yaşanmış möhtəşəm bir tarixi gerçəklikdir.

Quruculuq istəyi və istedadı Heydər Əliyev təbiətinin və fitrətinin ən parlaq əlaməti idi. Elə bu səbəbdəndir ki, hələ uşaqlıqdan qurmaq, yaratmaq eşqi Onun ürəyində memar olmaq arzusu oyatmışdı. Lakin tale və tarix bu dahi şəxsiyyətin nadir potensialından müasir Azərbaycan dövlətinin qurucusunu yetişdirdi. Hələ xüsusi xidmət orqanlarında fəaliyyət göstərdiyi dönəmdə O, bu sahədə xeyli sayda milli kadrlar yetişdirdi və onların vasitəsilə respublikanın milli təhlükəsizliyini təmin etdi. Heydər Əliyev memar ixtisası ala bilməsə də respublikamızda yaratdıqları ilə istedadlı və zövqlü memara çevrildi.

Bu gün respublikamızın, xüsusilə paytaxtımızın hüsnünü bəzəyən yüzlərlə binalar əvəzsiz memarlıq inciləri kimi Heydər Əliyevin yadigarlarıdır. Ümummilli liderin hakimiyyətdə olduğu təqribən otuz il ərzində hər üç ailədən biri mənzillə təmin edilmişdir. Həmin dövrdə respublikanın bütün bölgələrində sənaye və kənd təsərrüfatı təyinatlı tikililər, müxtəlif təşkilatlara məxsus inzibati binalar inşa olunmuşdur. Xalq arasında formalaşmış "Azərbaycanda Heydər Əliyevin tikdiklərini söksən yerində Hacı Zeynalabdin Tağıyevin tikdikləri qalar" deyimi Heydər Əliyev memarlığının və quruculuğunun gerçək miqyasından xəbər verir.

1969-cu ildə Azərbaycan dövlətinə rəhbərliyə gələn Heydər Əliyev, sözün həqiqi mənasında, dövlətin düşünən başı, yaradan əli vəzifəsini fenomen enerjisi və istedadı ilə müvəffəqiyyətlə icra etdi.

Təqribən yarım əsrdir ki, biz azərbaycanlıları ətrafında birləşdirən, yenilməz edən və uğura hədəfləyən bir məfkurə var. Bu, Heydər Əliyevin hər bir azərbaycanlıya təlqin etdiyi azərbaycançılıq məfkurəsidir. "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" sözləri azərbaycançılıq ideologiyasına əsl sədaqət nümunəsidir. Bu ideologiya bizi bir xalq olaraq milli özünüdərk məqamına çatdırdı, milli mənliyimizi bizə qaytardı, milli mənsəbiyyətimizi qürur mənbəyimizə çevirdi.

Milli kimliyimizin təsdiqi olan dilimizin konstitusiya səviyyəsində tanınması sahəsində Ümummilli Liderin cəsarətli addımlarını xatırlamaq hər bir azərbaycanlıya qürur verir. Heydər Əliyev elmimizin, mədəniyyətimizin və incəsənətimizin yarım əsri əhatə edən bir intibah dövrünün qurucusu və böyük hamisi idi. Onun himayəsi ilə ümumittifaq və ümumdünya səviyyəsində şöhrət qazanmış yüzlərlə elm və mədəniyyət xadimlərimiz tarixi sərvətlərimizdir.

Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycan geridə qalmış aqrar ölkədən nəhəng sənaye potensialına malik respublikaya çevrildi. Respublikamızın müxtəlif regionlarını əhatə edən sənaye müəssisələri, böyük elektrik stansiyaları, çəkilən yeni dəmir yolları hələ uzun illər iqtisadiyyatımızın inkişafına xidmət edəcəkdir. Heç şübhəsiz ki, Heydər Əliyevin fəaliyyətinin ən mühüm və önəmli hissələrindən biri də müasir, müstəqil Azərbaycanın yaradılması və möhkəmləndirilməsi ilə bağlıdır.

1993-cü ilin qanlı iyun günlərində sinəsi qardaş qırğınına meydan olan, günbəgün yeni torpaqları erməni qəsbkarları tərəfindən işğal edilən Azərbaycan ayağa qalxdı və təkidlə Heydər Əliyevi respublika rəhbərliyinə dəvət etdi. Heydər Əliyevin ikinci dəfə rəhbərliyə qayıdışı ilə hər bir vətən oğluna inam və güc gəldi. Amansız düşmən geri oturduldu və atəşkəs barədə saziş imzalamağa məcbur edildi.

Bundan sonra ulu öndər hələ sovet dönəmində Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılması ilə əsasını qoyduğu milli ordu quruculuğunu ciddi tələbkarlıqla və nizamla davam etdirməyə başladı. Tezliklə düşmənə göz dağı olan milli ordumuz formalaşdırıldı.

Heydər Əliyev hakimiyyətə qayıdışından sonra Azərbaycanda iqtisadi-mədəni və mənəvi tənəzzülün qarşısını aldı, inkişaf dövrü başladı.

Hər şeydən əvvəl, müstəqil Azərbaycanda formalaşmış ictimai münasibətləri özündə əks etdirən yeni konstitusiyamızın layihəsi hazırlandı və ümumxalq səsverməsi ilə qəbul edildi. Konstitusiya yeni ictimai-iqtisadi münasibətləri tənzimləyəcək normaların yaradılması üçün əsas rəhbər baza oldu. Bütün dünyəvi dəyərləri özündə əks etdirən Konstitusiyamız sayəsində müasir Azərbaycanın hazırkı mükəmməl qanunvericilik sistemi formalaşdırıldı.

Heydər Əliyev əvəzsiz təbii sərvətimiz olan neftimizin imkanlarını hazırladığı xüsusi strategiya əsasında tam həcmdə dövlətimizin inkişafına yönəltdi. Onun qətiyyəti və siyasəti sayəsində bir sıra fövqəldövlətlərin Azərbaycan nefti ilə bağlı toqquşan maraqları neytrallaşdırıldı. 1994-cü ildə Azərbaycanın neft yataqlarının istismarı ilə bağlı bir sıra xarici şirkətlərlə imzalanmış "Əsrin müqaviləsi" xalqımızın rifahına, iqtisadi dirçəlişə xidmət etməyə başladı. Hazırda həmin müqavilə sayəsində Azərbaycan Cənubi Qafqazda yenilməz iqtisadi gücə çevrilmişdir. Azərbaycanda hər il yeni-yeni iri sənaye müəssisələri açılır, kənd təsərrüfatı inkişaf edir. Elə bunun nəticəsidir ki, son illərdə Azərbaycan iqtisadiyyatın artım tempinə görə bütün dünya ölkələri arasında liderlik edir.

Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan elminə və mədəniyyətinə yeni nəfəs gəldi. Müxtəlif cərəyanların təsiri altına düşən mədəniyyətimiz Onun qayıdışından sonra milli mentalitetimizdən, vətənpərvərlik duyğularımızdan mayalanan əzəli mövqeyinə qayıtdı.

Mühafizəkarlıq Heydər Əliyevin təbiətinə yad idi. O, sözün həqiqi mənasında böyük islahatçı idi. Bu baxımdan demək olar ki, Heydər Əliyevin fəaliyyətinin çox mühüm əhəmiyyət daşıyan istiqamətlərindən biri də məhkəmə-hüquq islahatları ilə bağlıdır. Azərbaycanda üçpilləli məhkəmə sisteminin yaradılması, məhkəmələrin müstəqilliyinin möhkəmləndirilməsini təmin edən qanunvericilik bazasının hazırlanması, hakimlərin maddi təminatının yaxşılaşdırılması, hakim vəzifəsinə namizədlərin seçilməsinin və təyin edilməsinin şəffaf prosedurunun müəyyən edilməsi Heydər Əliyevin islahatçı ruhundan qaynaqlanırdı. Ümummilli lider tərəfindən müəyyən olunmuş düzgün strategiya ilə davamlı olaraq həyata keçirilmiş məhkəmə-hüquq islahatlarının bugünkü nəticələri isə qürurvericidir.

Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının qiymətləndirməsinə və Avropa İttifaqının birgə həyata keçirdiyi "Şərq Tərəfdaşlığı Ölkələrində Məhkəmə-Hüquq İslahatlarının Genişləndirilməsi" layihəsi üzrə hesabata, həmçinin Avropanın bir sıra nüfuzlu ekspertlərinin rəylərinə görə Azərbaycanda hakim vəzifəsinə namizədlərin seçim sistemi (modus operandi) Avropada bu sahədə istifadə edilən ən mükəmməl təcrübə kimi qiymətləndirilmiş, Azərbaycanın kifayət qədər qısa müddət ərzində məhkəmə sistemini bütövlükdə yenidən qura bildiyi qeyd olunmuşdur. Bütün bunların nəticəsidir ki, Azərbaycan öz məhkəmə-hüquq sistemindəki islahatları ilə Avropada fəaliyyəti qiymətləndirilən ölkədən digər ölkələrin bu sahədə fəaliyyətini qiymətləndirən ölkəyə çevrilmişdir. Azərbaycan məhkəmə sistemində qurduğu ən müasir elektron məhkəmə informasiya sistemi ilə nüfuzlu Avropa ölkələri arasında keçirilən müsabiqədə "Avropada Ədalət Mühakiməsinin Büllur Tərəzisi" mükafatına layiq görülmüşdür. Bu sistemin tətbiqi ilə Azərbaycanda insanların ədalət mühakiməsinə əlçatanlığı, proseslərin tezliyi və prosessual qənaət prinsipləri tam təmin olunmuşdur.

Heydər Əliyevin əsasını qoyduğu siyasət məhkəmə sistemini nəinki məzmunca, həm də formaca təkmilləşdirdi. Bu gün Azərbaycanda tikilən, müasir tələblərə cavab verən məhkəmə binaları, məhkəmə orqanlarının maddi-texniki bazasının daima inkişaf etdirilməsi buna əyani sübutdur. Respublika ərazisində məhkəmələrin yüksək zövqlə inşa olunmuş inzibati binalarla təmin edilməsi ulu öndərin bu barədə müvafiq sərəncamının respublika rəhbərliyi tərəfindən yüksək məsuliyyətlə yerinə yetirilməsinin nəticəsidir.

Heydər Əliyev həm də böyük mərhəmət, ədalət və insanpərvərlik rəmzi idi. O, Azərbaycanda ikinci dəfə hakimiyyətdə olduğu müddətdə minlərlə insan barəsində amnistiya aktlarının verilməsi təşəbbüsü ilə çıxış etmiş, yüzlərlə məhkumun əfv edilməsi barədə fərmanlar imzalamışdı. Məhz onun təşəbbüsü ilə müsəlman ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda ölüm cəzası ləğv edilmişdir.

Ümummilli lider fenomen rəhbərlik istedadı ilə azərbaycanlıların müstəqil dövlət qurmaq və onu bacarıqla idarə etmək qabiliyyətində olduqlarına şəxsi nümunə idi. O, nəinki dövləti idarə edirdi, həm də ondan sonra Azərbaycanı hələ onilliklər boyu  uğurla idarə etmək qabiliyyətində olan siyasətçiləri yetişdirmək barədə düşünürdü. Heydər Əliyev siyasi məktəbinin layiqli davamçılarından biri də Azərbaycan Respublikasının hazırkı Prezidenti möhtərəm cənab İlham Əliyevdir. Azərbaycan xalqı Heydər Əliyevin cismani yoxluğundan sonra öz taleyini və dövlətçiliyini böyük inamla İlham Əliyevə etibar etmişdir və bu gücü, dayağı hər an hiss edir. Məhz davam etdirilən Heydər Əliyev  siyasəti el gücü ilə yumruq kimi birləşərək erməni işğalçılarının başında ildırım kimi çaxdı, 2020-ci ilin sentyabrında zəfərə doğru qoşdu, torpaqlarımızın 30 illik işğalına son qoydu.

Yorulmaz fəaliyyəti və əməyi sayəsində qurub yaratdıqları ilə Heydər Əliyev hər bir azərbaycanlının qəlbində özünə abidə ucaldaraq Azərbaycan xalqının ümummilli liderinə çevrilmiş və ürəklərdə əbədiyaşarlıq qazanmışdır.

Ümummilli liderimizin uğur formulunda onun fitri idarəçilik qabiliyyəti və xalqın inamının, məhəbbətinin və dəstəyinin gücü ilə yanaşı, başqa bir element də çox mühüm yer tutur. Bu elementin adı ağır, keşməkeşli həyat yollarında zərif çiyinlərini onun kürəyinə söykəyib, gücünə güc qatan həyat yoldaşıdır.

Heydər Əliyevin ön cəbhədəki döyüşlərinin və qələbələrinin təminatçısı bir qədər arxa planda gərgin əmək sərf edən, fədakarlıq göstərən Zərifə xanım idi. Zərifə xanım dünyada çox nadir insanlardandır ki, öz şəxsiyyəti ətrafında üç mühüm statusu birləşdirmiş və hər üç statusu ləyaqətlə təmsil etmişdir. O, hər şeydən əvvəl mühüm dövlət vəzifəsi tutan bir şəxsin qızı idi və mərhum atası Əziz Əliyevi qüsursuz davranışı ilə vüqarla təmsil edirdi.

Mühüm dövlət xadiminin, ölkə başçısının ömür-gün yoldaşı, onun yenilməzlik simvolu, dayağı və nəhayət, Sevil və İlham Əliyevlər kimi övladları tərbiyə edib yetişdirən, bizə dövlət başçısı, müzəffər Ali Baş Komandan bəxş edən bir ana idi Zərifə xanım.

Zərifə xanım həm də istedadlı həkim və ictimai-siyasi xadim idi. Onun bir həkim kimi Azərbaycanda oftalmologiya elminə verdiyi töhfələri, o vaxtkı SSRİ Sülh Komitəsində fəaliyyətini unutmaq olarmı?

Ümummilli liderlə yanaşı, bu il Zərifə xanım Əliyevanın da anadan olmasının 100 ili tamam oldu. Azərbaycan xalqı bu vəfalı həyat yoldaşını, ləyaqətli övladı və mehriban, qayğıkeş ananı sonsuz hörmət və məhəbbətlə xatırlayır.

Vəli ABDULLAYEV,

Şirvan Apellyasiya Məhkəməsinin sədri.