MÜKƏMMƏL MÜRƏKKƏB MAMRLIQ
Maraqlı

MÜKƏMMƏL MÜRƏKKƏB MAMRLIQ

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

"Drujba" pansionatı

1980-ci ildə keçmiş SSRİ və Çexoslovakiya Həmkarlar İttifaqlarının rəhbərləri Krımda hər iki ölkənin işçiləri üçün "Drujba" pansionatını tikmək qərarına gəlmişlər. Çexlər bu pansionatı çimərlik ətrafında inşa etmək istəsələr də, yolla dəniz arasında 40 dərəcə yamac olduğu üçün həmin tikinti sahəsi çox uğursuz hesab olunmuşdu. Həmçinin ərazidə sürüşmə ilə yanaşı, tektonik qırılma və 8 ballıq seysmik aktivlik də aşkar edilmişdi. Təbii ki, burada adi qaydada tikinti aparmaq mümkün deyildi.

Layihənin müəllifi memar İqor Vasilevski və mühəndis Nodar Kançeli maili əraziyə uyğun xüsusi sistemdən istifadə edərək ortaya unikal bir görüntü çıxarmağı bacardılar və beləliklə "Drujba" pansionatı Krımın ən gözəl binalarından biri elan olundu.  

Qeyri-adi quruluşa malik konstruksiyada bütün elementlər halqalı dayaqlar üzərində dayanır. 400 yaşayış otağından ibarət ikihissəli halqanın diametri 76 metrdir. Kompleksin yükdaşıyan elementləri isə qalınlığı 15 santimetr olan döşəmə disklər, həmçinin müvafiq olaraq 15 və 30 santimetr qalınlığında radial və halqa divarlardan ibarətdir. Binanın hər tərəfi mişar şəklində olduğu üçün bütün otaqlardan dənizə möhtəşəm panorama açılır.

 

Amerika Hindularının Milli Muzeyi

Qərb yarımkürəsinin yerli xalqının həyatına, dillərinə, ədəbiyyatına, tarixinə və incəsənətinə həsr olunmuş muzey 1989-cu ildə ABŞ Konqresi tərəfindən qəbul edilmiş qanun əsasında yaradılıb. Smitsonian İnstitutunun rəhbərliyi altında fəaliyyət göstərən "Amerika Hindularının Milli Muzeyi" kanadalı memar Duqlas Kardinal və Finlandiyanın "GBQC Architects" bürosunun memarı Djonpol Djons tərəfindən layihələndirilib. Tikinti zamanı yaranan fikir ayrılıqları səbəbindən Kardinal layihəni tərk etməli olub, lakin onun yaratdığı konsepsiyaya toxunulmayıb. Muzeyin yaradılmasında müxtəlif hind tayfalarından olan görkəmli mədəniyyət xadimləri də iştirak edib. Onlar öz milli adət-ənənələrini muzeyin görünüşündə əks etdirməyə çalışıblar. Kompleksin rəsmi açılışı 2004-cü ilin sentyabrında baş tutub.

Muzeyin kolleksiyasına Amerika hindularının 800 mindən çox məişət əşyası, sənət əsərləri, həmçinin 125 min fotoşəkli daxildir. Amerika Hindularının Milli Muzeyində yerli amerikan xalqlarının həyatından bəhs edən kostyumlar, video və audio yazılar və mədəniyyət abidələri ilə yanaşı, Corc Qustavus Hayın 54 il ərzində topladığı kolleksiya da sərgilənir. Burada Cənubi Amerika, Sakit Okeanın Şimal-Qərbi, Mezoamerika və Böyük Düzənliklər kimi bölgələrin mətbəxini əks etdirən bir neçə bölmə var.

 

"Su üzərində yuva"

Dünyanın ən qeyri-adi yaşayış evlərindən biri də italyan memar Cankarlo Zemanın iddialı layihəsidir. "Su üzərində yuva" adlanan unikal evin tikintisi "EcoFloLife" şirkətinin mühəndisləri tərəfindən həyata keçirilib.

Çox ahəngdar və funksional yaşayış evinin sahəsi 100 kvadratmetr, diametri 12, mərkəzi hissəsinin hündürlüyü isə 4 metrdir. Enerji təchizatı baxımından özünü tamamilə təmin edən innovativ mənzilin damında quraşdırılan günəş panellərinin ümumi sahəsi 60 kvadratmetrdir və həmin panellər 4 kVt-a qədər enerji istehsal etmək qabiliyyətinə malikdir. Uçan boşqabı xatırladan dairəvi evin tikintisində istifadə olunan bütün materiallar suyadavamlıdır. Evin çərçivəsi təkrar emal edilmiş alüminiumdan, fasadı isə laminatdandır. "Ağıllı ev" sistemi ilə təchiz edilmiş yaşayış evinin bir temperaturda saxlanılması üçün mikroventilyasiya sistemi də quraşdırılıb. Burada oğurluq təhlükəsi, qaz sızması, elektrik enerjisinin qəfil kəsilməsi kimi fors-major hadisələr üçün xüsusi olaraq hazırlanmış siqnalizasiya sistemi də quraşdırılıb. Ekoloji cəhətdən təmiz evin interyeri bionik üslubda dizayn edilib. Burada bütün mebellər, pəncərələr, hətta vanna otağı da yuvarlaq şəkildə layihələndirilib.

Hazırladı:

Arzu ASİFQIZI,

"Respublika".