Müstəmləkəçinin ayrı-seçkilik, aşağılama düsturu
Digər xəbərlər

Müstəmləkəçinin ayrı-seçkilik, aşağılama düsturu

Dörd aydan artıqdır ki, azərbaycanlı gənclər, ekofəallar, könüllülər ermənilərin Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz əlaməti olaraq Xankəndi-Laçın yolunda aksiya keçirir, erməni cinayətlərinə son qoyulması üçün şüarlar səsləndirir, ekoloji terrorun dayandırılmasını tələb edirlər.

Xankəndidəki qondarma, oğru, separatçı rejimin nümayəndələri, onları himayə edən Ermənistan, başqalarının işinə müdaxilə etməyə vərdiş edən Fransa, özünü islam dövləti adlandıran, lakin ermənilərlə qucaqlaşan İranın dövlət qurumları və digər ermənipərəst təşkilatlar iddia edirlər ki, Xankəndidə məskunlaşan haylar "blokada"ya alınıb. Halbuki, Xankəndi-Laçın yolunda gün ərzində hər iki istiqamətdə Rusiya sülhməramlılarına və Beynəlxalq Qızıl Xaç Komitəsinə, mülki ermənilərə məxsus, yüzdən artıq avtomobil maneəsiz hərəkət edir. Həmin yol humanitar məqsədlər üçün həmişə açıqdır. Lakin ermənilər yalan deməkdən, böhtan atmaqdan əl çəkmir, ağlaşma, şivən qoparırlar. Bu saxtakarlıq və riyakarlıq bir daha onu göstərir ki, ermənilərin sözü ilə əməli heç vaxt düz gəlmir, haylar çox vaxt özləri-özlərini ifşa edirlər. Xankəndidəki xəbər saytları məlumat verir ki, qondarma qurumun "xarici işlər naziri"(?!) Sergey Qazaryan İrəvanda Fransanın Lion şəhərinin meri Qreqori Duse ilə görüşüb. Bəs, həmin Sergey və digər yanlar İrəvana hansı yolla gedirlər, yoxsa quş kimi qanadlanıb oraya uçurlar?! Xankəndi-Laçın yolundan istifadə edərək həyasızlıqla orada "blokada" olduğunu deyən ermənilərin hansı yuvanın quşu olduğu aydın görünür, düşmənin xəbis niyyətindən xəbər verir. Qaldı Lion şəhərinin merinə, görünür, Azərbaycanın sərhədlərini qanunsuz keçməyə cəsarəti çatmayıb, Xankəndiyə gələ bilməsə də, separatçılarla İrəvanda görüşür, təlimatlar verir. Fransız mer və onunla həmfikir olanlar unudurlar ki, daha əvvəlki xəyallar və rəvayətlər dövrü bitib, Azərbaycan öz sərhədlərini əminliklə qoruyur, hansısa əcnəbinin Qarabağa müdaxiləsinə yol vermir. Ancaq yenə də ermənilərin quyruğundan əl çəkməyən bəzi fransız siyasilər və Makron hakimiyyəti öz sərhədlərindən kənarda, Qarabağda separatçılara dəstək verir, beynəlxalq hüquq və qanunları kobud şəkildə pozurlar.

Özünü "demokratik dəyərlərin yaradıcısı" adlandıran Fransa adi pensiya islahatını həyata keçirə bilmir və 12 gündən çoxdur ki, pensiya yaşının artırılmasına etiraz edən fransızlar Parisin küçələrini döyüş meydanına çeviriblər. Polis dəyənəyinə, üzərlərinə atılan qaz bombalarına, başqa alçaldıcı hərəkətlərə baxmayaraq, etirazçılar prezident Makronun şəkilləri olan plakatları eybəcər hala salır, mağazalara daxil olaraq oranı dağıdır, hakimiyyətə qarşı aqressivlik nümayiş etdirirlər. Öz vətəndaşlarının narazılığına biganə yanaşan Makron iqtidarı nədənsə, erməniləri hər vəchlə müdafiə edir, ancaq korsikalılara qarşı ayrı-seçkilik, aşağılama, siyasi təqibdən əl çəkmir, Korsika adasında açıq şəkildə insan hüquq və azadlıqlarını boğur. Korsikalıları separatizmdə, ölkəni parçalamaqda ittiham edən Fransa hakimiyyəti Azərbaycanın erməni vətəndaşlarını separatizmə, ayrı-seçkiliyə, revanşizmə həvəsləndirir, yaralarını sarımaqla məşğul olan bu bölgəyə kobud şəkildə müdaxilə edir. Halbuki, Fransa korsikalılara müstəqillik və ya muxtariyyət vermək istəmir, onlara qarşı zorakılıqlardan çəkinmir.

Xəbər agentliklərinin yaydıqları məlumata görə, Korsikada gərginlik artıq pik həddə çatıb. Fransa məhkəməsi Korsika adasında yerləşən dövlət müəssisələrində Korsika dilindən istifadəni qanunsuz hesab edib. Tarixi mənbələrə görə, 1769-cu ildə Fransa həmin adanı işğal edərək özünün müstəmləkəsi elan edib. İki əsrdən çoxdur ki, onların azadlıq mübarizəsi Fransa hökuməti tərəfindən amansızlıqla boğulur, ictimai fəallar uydurma ittihamlar əsasında həbs edilir, dözülməz fiziki və mənəvi işgəncələrə məruz qalırlar.

Qeyd edək ki, Korsika Fransanın 18 bölgəsindən biri sayılır. 350 min əhalisi olan ada məhdud muxtariyyəti təmin edən xüsusi regional status ilə idarə olunur. Fransanın ən yoxsul bölgəsi olan Korsika adasının sakinlərinin tələbləri bəllidir - muxtariyyətin genişləndirilməsi, siyasi məhbuslara amnistiya, Fransa Konstitusiyasında Korsikaya xüsusi yer ayrılması, Korsika dilinin Konstitusiyada rəsmi dil kimi təsbit olunması. Lakin çox təəssüf ki, Fransa hökuməti korsikalıların haqlı tələblərinə göz yumur, azadlıq istəyən xalqa qarşı repressiyalar törədir. Fransada nəşr olunan "Le Monde" qəzetinin bu barədə şərhi çox dəqiqdir: "Korsikalıların hüquqlarını heçə sayan hakimiyyət başqa ölkələrdə eyni tələb və ideyalara dəstək verir. Qəribə deyilmi?". Ermənistan və Qarabağda məskunlaşan ermənilərin işğal, terror törətmələrinə və separatizmə müxtəlif yollarla dəstək verən Makron hakimiyyəti açıq-aşkar Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunmasına mane olur, bölgədə yeni müharibə ocağı alovlandırmaq niyyətində olduğunu gizlətmir.

Salman ALIOĞLU,

"Respublika".