Müstəqil Azərbaycanın qurucusu
Siyasət

Müstəqil Azərbaycanın qurucusu

Müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyev idarəçiliyinin bütün mərhələlərində elm və təhsilin inkişafına xüsusi qayğı ilə yanaşaraq, ilk növbədə, xalqın intellektual gələcəyini düşünmüşdür. Elmi-intellektual sahədə qazanılan nailiyyətləri dövlət quruculuğu prosesinin vacib şərti, etibarlı təminatı hesab edən ulu öndər milli təhsil sisteminin mütərəqqi prinsiplər əsasında inkişafı naminə bütün zəruri tədbirləri həyata keçirmişdir.

Qədim dövrlərdən başlayaraq insanlar azadlıq, demokratiya, müstəqil dövlət yaratmaq haqqında düşünmüş, lakin bu, heç də həmişə bütün xalqlara nəsib olmamışdır. Həqiqi demokratiya isə dövlətin hüquqla bağlılığından, dövlət hakimiyyətinin hüquqla məhdudlaşdırılması və hüquqa tabe etdirilməsindən, vətəndaşların dövlət və onun orqanlarının hər hansı mümkün özbaşınalıqlarından səmərəli müdafiəsinin təşkili ilə sıx şəkildə bağlıdır. Bu reallıqları nəzərə alan ulu öndər Heydər Əliyev daim vurğulayırdı ki, ictimai-siyasi sabitliyin möhkəm təmələ söykənməsi, insanların iqtisadi azadlığı, yüksək maddi rifah halı, vətəndaş-cəmiyyət münasibətlərinin ahəngdarlığı, şəxsiyyətin mənafelərinin, hüquq və azadlıqlarının maksimum səviyyədə qorunması, qanunun aliliyi prinsipinə bütün səviyyələrdə əməl olunması demokratiyanın optimal idarəetmə üsulu kimi dominantlığını təmin etmişdir.

Bu baxımdan, tarixi gerçəkliklərin müqayisəsi böyük şəxsiyyətlərin fəaliyyətinin obyektiv qiymətləndirilməsində ən obyektiv istinad yeridir. Tarix göstərdi ki, Heydər Əliyevin qurduğu Azərbaycan istisnasız olaraq daim problemlərin həllinə doğru irəliləyən, iqtisadi, sosial, humanitar və mədəni sahələrdə intibaha can atan, hər addımda insan və şəxsiyyət amilini uca tutan ölkədir. Onun Azərbaycana rəhbərlik etdiyi dövrün inkişaf salnaməsini gözlərimiz önündə canlandırsaq, istər-istəməz bu qənaəti bölüşməli olacağıq: ölkəmizin müstəqil dövlət quruculuğuna aparan yolu əslində 1969-cu ildən etibarən, yəni Heydər Əliyevin respublikaya rəhbərliyə gəlişindən sonra başlanmışdır.

1969-cu il iyulun 14-də Azərbaycanda siyasi hakimiyyətə irəli çəkilən ulu öndər ilk gündən hər cür ideoloji-siyasi baryerlərə sinə gərərək xalqın milli özünüdərki üçün zəruri tədbirlər reallaşdırmağa başladı, cəmiyyəti bütün sahələr üzrə mənəvi yüksəlişlərə ruhlandırdı, hər bir kəsdə milli heysiyyəti gücləndirmək, onu şanlı keçmişinə, soy-kökünə qaytarmaq, habelə zəngin mədəni irsini yaşatmaq naminə ciddi işlər gördü.

Heydər Əliyevin Azərbaycan tarixində tutduğu yeri, xalqımızın taleyində oynadığı mütərəqqi və əhəmiyyətli rolu, dövlətçilik fəlsəfəsini və zəngin siyasi-nəzəri irsini doğru-dürüst anlamaq üçün mütləq bu dahi şəxsiyyətin birinci dəfə ölkəmizə rəhbərlik etməyə başladığı dövrə, daha dəqiq desək, 1969-1982-ci illərə diqqətlə nəzər yetirməliyik. Faktiki olaraq, ulu öndərə sosial-iqtisadi baxımdan Sovet İttifaqının ən geridə qalmış respublikalarından biri miras qalmışdı. Həmin dövrdə ölkədə bütün sahələrdə tənəzzül hökm sürürdü, hakimiyyətin yüksək eşelonlarında rüşvətxorluq və korrupsiya tüğyan edirdi, əhalinin sosial vəziyyəti xeyli aşağı idi. Bununla yanaşı, dövlət idarəçiliyinin bütün səviyyələrində Azərbaycan xalqına və ana dilimizdə danışanlara xor baxan qeyri-azərbaycanlılar üstünlük təşkil edirdi. Bir sözlə, xalqla hakimiyyət arasında dərin uçurum yaranmışdı. Yalnız Heydər Əliyevin 1969-cu ildə ali hakimiyyətə gəlişi ilə ölkəmizin tarixində böyük dönüş dövrü başlandı. Ulu öndər qəti addımlar ataraq, respublikamızın hərtərəfli inkişafına nail oldu. Məhz onun təşəbbüsü ilə həyata keçirilən islahatlar sayəsində Azərbaycan aqraryönümlü respublikadan sənayeyönümlü respublikaya çevrildi. Belə ki, 1969-1982-ci illərdə kimya və neft-kimya sənayesinin təməli qoyuldu. Həmçinin əlvan metallurgiya, neft emalı, maşınqayırma, energetika, qara metallurgiya və dağ-mədən sənayeləri sahəsində böyük irəliləyiş baş verdi.

Bununla yanaşı, ümummilli lider dövlət idarəçiliyində mövcud olan nöqsanların aradan qaldırılması istiqamətində mühüm tədbirlər həyata keçirdi. Həmin tədbirlərin tərkib hissəsi kimi rüşvətxorluq və korrupsiya bataqlığına yuvarlanmış yüksək çinli məmurlar cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırıldı. Bu isə keçmiş Sovet İttifaqında böyük əks-səda doğurdu. Eyni zamanda, Heydər Əliyevin gərgin səyləri nəticəsində müxtəlif sahələr üzrə peşəkar milli kadrların yetişdirilməsi məqsədilə yüzlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin ən nüfuzlu ali məktəblərinə, aparıcı elm ocaqlarına təhsil almaq üçün göndərildi ki, bu uzaqgörən addım vətənpərvər, dövlətinə və millətinə sadiq olan yüksəkixtisaslı mütəxəssislərin respublikamızın bütün dövlət strukturlarında müxtəlif vəzifələrdə yer almasına gətirib çıxardı.

Həmin dövrdə Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması, eləcə də yeniyetmə və gənc azərbaycanlı oğlanların keçmiş Sovet İttifaqının ali hərbi məktəblərinə göndərilməsi milli hərbi kadrların hazırlanması işinə böyük təkan verdi. Heydər Əliyevin bu istiqamətdə həyata keçirdiyi tədbirlər, öz növbəsində, gələcəkdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin formalaşması işinə öz mühüm töhfəsini verdi. Hələ Sovet İttifaqı dövründə ulu öndər milli-mənəvi dəyərlərimizin qorunması, Azərbaycan dilinin mühafizəsi, ədəbiyyatımızın, musiqimizin, ümumən mədəniyyətimizin inkişafı istiqamətində böyük işlər görürdü. Məhz onun hakimiyyəti dövründə - 1974-cü ildə ali məktəblər üçün hazırlanmış dördcildlik "Müasir Azərbaycan dili" dərsliyi və 1980-ci ildə görkəmli alim, akademik Ziya Bünyadovun "Azərbaycan Atabəylər dövləti (1136-1225-ci illər)" adlı monoqrafiyası Dövlət Mükafatına layiq görüldü. Habelə, 1978-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan SSR Konstitusiyasına "Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir" maddəsi daxil edildi.

Bütün bunlar bir daha onu göstərir ki, ümummilli liderimiz beynəlmiləlçilik və xalqlar dostluğu pərdəsi altında hər cür milli ideyaların boğulduğu vaxtlarda belə ana dilimizin mühafizəsi, mədəniyyətimizin inkişafı, milli-tarixi yaddaşımızın bərpa edilməsi naminə, həqiqətən də, cəsarətli addımlar atırdı. Ulu öndər Heydər Əliyevin səyləri nəticəsində Azərbaycanın iqtisadi infrastrukturu köklü surətdə dəyişdirildi. Həmçinin aparılan genişmiqyaslı quruculuq işləri nəticəsində respublikada yeni yaşayış massivləri və yollar salındı, çoxsaylı təhsil müəssisələri açıldı. Ümummilli lider Heydər Əliyevin 1969-1982-ci illər ərzindəki fəaliyyəti Azərbaycan xalqının siyasi, iqtisadi, sosial və mədəni yüksəlişinə yol açdı.

Heç şübhəsiz, hər bir müstəqil dövlətin yaranmasına doğru uzanan mürəkkəb və ziddiyyətli ictimai-siyasi proseslərin mərkəzində lider və şəxsiyyət amili dayanır. Milli inkişaf yolunu müəyyənləşdirən belə liderlər həm də irs-varislik ənənələri formalaşdıraraq böyük müdrikliklə irəli sürdükləri mütərəqqi ideyaların davamlılığını təmin edirlər. Müstəqil Azərbaycanın milli inkişaf modelinin banisi, ulu öndər Heydər Əliyev də təkamülə əsaslanan tərəqqi yolunun alternativsizliyini real əməli nəticələrlə sübuta yetirməklə bərabər, dövlətçiliyin iqtisadi, siyasi, hüquqi və ideoloji əsaslarını elmi prinsiplər əsasında müəyyənləşdirmişdir. Ona görə dönə-dönə qeyd edilir ki, Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan keşməkeşli və şərəfli yol ulu öndər Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründən başlayır.

Sovet rejiminin bütün xüsusiyyətlərinə dərindən bələd olan və zəngin idarəçilik təcrübəsi qazanmış Heydər Əliyev Azərbaycanı düşmüş olduğu çox ağır vəziyyətdən çıxarmaq üçün qəti addımlar atmağa başladı. O, dahiyanə uzaqgörənliklə, dərindən ölçüb-biçərək ölkənin uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks inkişaf proqramları hazırladı və dərhal onların icrasına başlandı. Xalq ilk addımlardan Heydər Əliyevi rəğbətlə qarşıladı, onu sevdi və arxasınca getdi. Azərbaycan xalqının tarixində Heydər Əliyev dövrü başlandı. Xalqın dahi oğlu Sovet İttifaqı kimi böyük bir dövlətin zəngin iqtisadi potensialından və geniş imkanlarından istifadə edərək Azərbaycanı tərəqqi yoluna çıxarmaq siyasəti yeritməyə başladı və bütün ömrünü doğma xalqına həsr etdi.

Heydər Əliyev respublikaya rəhbərliyinin ilk illərində qazandığı uğurlarla xalqını, dövlətini sevən rəhbər olduğunu sübuta yetirdi. Respublikanın üzləşdiyi problemləri ilk gündən düzgün müəyyənləşdirməklə onların həlli üçün lazımi iradə, qətiyyət və prinsipiallıq göstərdi. Fitri istedadı, yüksək təşkilatçılıq və idarəçilik məharətilə Azərbaycanı cəmi bir neçə ilə dinamik inkişaf yoluna çıxarmağa müvəffəq oldu. İdarəçilikdə mütərəqqi yeniliklərin tətbiqi, milli kadrların önə çəkilməsi yolu ilə cəmiyyətin normal inkişaf ahəngini təmin etdi. Ulu öndər Heydər Əliyevin qətiyyəti ilə həmin dövrdə həyata keçirilən tədbirlər sosial-iqtisadi həyatın bütün sahələrinin inkişafına, həmçinin iqtisadi, ictimai-siyasi həyatda yaranmış tənəzzülün xalqın mənəvi-psixoloji durumuna mənfi təsirinin qarşısının alınmasına gətirib çıxarmışdır. Beləliklə, Azərbaycanın qarşısında tamamilə yeni inkişaf səhifəsi açılır, bu səhifə ölkə tarixinə qızıl hərflərlə yazılırdı. Qətiyyətlə deyə bilərik ki, ölkənin iqtisadi müstəqilliyi, onun xarici iqtisadi əlaqələrinin sistemli olaraq genişlənməsi və dünya iqtisadiyyatına daha dərin şəkildə inteqrasiya prosesi 1970-1980-ci illərdə Heydər Əliyev tərəfindən təməli qoyulmuş potensiala əsaslanır.

"Biz Azərbaycanda demokratik respublika quraraq, sivilizasiyalararası cəmiyyət uğrunda mübarizə apararaq, ümumi dünyəvi, bəşəri dəyərlərin hamısından istifadə etməliyik. Çalışmalıyıq ki, Azərbaycan uzun illərdən sonra müstəqilliyini bərpa etdikdən sonra bütün dünyaya öz tarixi nailiyyətlərini, milli ənənələrini nümayiş etdirə bilsin. Azərbaycan xalqının bu barədə həm tarixi, həm müasir potensialı olduqca böyükdür. Bunların hamısından istifadə olunarsa, Azərbaycan həm tam müstəqil dövlət olacaq, həm də bizim cəmiyyətimiz tam demokratik, hüquqi, ümumbəşəri dəyərlərin əsasında qurulan demokratik bir cəmiyyət olacaq" - deyən ümummilli lider Heydər Əliyev demokratik inkişafa insanların daxili azadlığını, mənəvi ucalığını, qanunçuluğa riayət etməsini şərtləndirən mühüm siyasi vasitə kimi yanaşmışdır. Azərbaycan xalqının vahidliyinə çalışan Heydər Əliyev özünün fitri idarəçilik istedadı sayəsində respublikada ümumbəşəri dəyərlərlə çulğaşan, milli xüsusiyyətləri, mental dəyərləri qoruyan ədalətli, sivil və demokratik cəmiyyətin möhkəm əsaslarını yaratmış, dövlət-vətəndaş münasibətlərində hər birinin mənafeyini prioritet götürmüşdür. Müxtəlif tarixi dövrlərin siyasi təbəddülatları ümummilli problemlərin həllində cəmiyyətin Heydər Əliyev siyasi kursuna olan inamına qətiyyən təsir etməmiş, əksinə, bu inam günü-gündən möhkəmlənmişdir.

Qeyd etmək lazımdır ki, ulu öndər 1993-cü ildə xalqın idarəsi ilə hakimiyyətə gəlişinədək Azərbaycanda hüquqi dövlət quruculuğu, insan hüquq və azadlıqlarının təminatı sahəsində ciddi problemlər hökm sürürdü. XX əsrin sonlarına doğru dünyada cərəyan edən qlobal proseslərin və milli azadlıq hərəkatının nəticəsi kimi dövlət müstəqilliyinə qovuşmuş Azərbaycan 1991-ci il 18 oktyabr tarixli "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"nda demokratik, hüquqi və dünyəvi dövlət olduğunu bəyan etsə də, qarşıya qoyduğu strateji hədəflərə doğru irəliləmək imkanı qazanmamışdı.

Demokratiya və azad bazar iqtisadiyyatı prinsiplərini gələcək inkişaf modeli kimi seçmiş respublikamızda hakimiyyətin və bütün təbii sərvətlərin xalqa mənsubluğu, mülkiyyətin bütün formalarının bərabərliyi, vətəndaşların seçki hüququnun, çoxpartiyalı sistemin təminatı, habelə insan və vətəndaş hüquq və azadlıqlarının ümumi prinsipləri elan edilsə də, 1991-1993-cü illərdə rəhbərlikdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması zəminində baş qaldırmış xaotik və ziddiyyətli proseslər - qanunçuluğun, hüquq qaydalarının zəifləməsi, ictimai-siyasi sabitliyin təminatında ciddi problemlərin yaranması, vətəndaşların təhlükəsizliyi üçün real təhdidlərin meydana çıxması, sosial-iqtisadi tənəzzülün dərinləşməsi bu istəyin reallaşmasında ciddi maneəyə çevrilmişdi. Bir tərəfdən Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin genişlənməsi, digər tərəfdənsə hakimiyyətdə olan diletant qüvvələrə qarşı ictimai inamsızlığın dərinləşməsi, sosial-iqtisadi tənəzzül, vətəndaş qarşıdurması, xaos və özbaşınalıq, habelə yeni dövrün tələblərinə cavab verən qanunların yoxluğu xalqın demokratik və hüquqi dövlətdə yaşamaq istəyini əlçatmaz ideyaya çevirmişdi.

1993-cü ilin iyun ayında - ölkədə ciddi siyasi böhranın, hərc-mərcliyin, xaos və anarxiyanın hökm sürdüyü bir şəraitdə xalqın təkidli xahişi ilə hakimiyyət sükanı arxasına keçmiş ulu öndər Heydər Əliyev cəmiyyətdə demokratiyaya münasibətdə formalaşmış yanlış təsəvvürləri dəyişmək üçün, ilk növbədə, xalqla birlikdə ictimai-siyasi böhranı aradan qaldırmış, cəmiyyətdə yeni mübariz əhvali-ruhiyyə yaratmağa nail olmuş, milli birlik yolu ilə dövləti parçalanmaqdan xilas etmişdir. Xalqın milli-mənəvi sərvətinə çevrilmiş milli birlik sayəsində hazırda respublikamızda demokratik dəyərlər qanunların və milli dəyərlərin tənzimlədiyi sərhədlərdən kənara çıxmır və dialektik inkişafa uyğun olaraq ictimai şüur tərəfindən tam şəkildə mənimsənilir. Azərbaycanda həqiqi demokratiya məhz Heydər Əliyevin milli dövlətçilik irsinin təcəssümü kimi formalaşmışdır və bu irs demokratiyanın özbaşınalıq kimi başa düşülməsinə, yaxud da ifrat Qərb demokratiyasının neqativ cəhətlərini özündə ehtiva etməsinə yol vermir.

Böyük rəhbər müdrik və qətiyyətli siyasi gedişləri nəticəsində respublikada qanunçuluğun və hüquq qaydalarının bərpası istiqamətində kompleks tədbirlər həyata keçirmiş, xaos və anarxiya mühitinə son qoyulmuş, hüquqi, siyasi və iqtisadi islahatlara start verilmişdir. Beynəlxalq hüququn müstəqil subyekti olan Azərbaycanda həmin dövrdə demokratik cəmiyyətin atributu olan, vətəndaş cəmiyyətinin bərqərar edilməsini, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət quruculuğunu, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin edən yeni Milli Konstitusiyaya ehtiyac duyulurdu. Bu zərurəti düzgün qiymətləndirən ümummilli lider Heydər Əliyev dövlətin təməlinin möhkəm siyasi-hüquqi əsaslar üzərində qurulması üçün, ilk növbədə, müstəqil Azərbaycan Konstitusiyasının hazırlanaraq qəbul edilməsini vacib saymışdır.

Ümummilli liderin rəhbərliyi ilə 6 ay müddətində hazırlanan, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunan müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır. Beş bölmə, 12 fəsil və 158 maddədən ibarət Konstitusiyanın 48 maddəsinin sırf insan və vətəndaş hüquq və azadlıqlarını özündə əks etdirməsi ulu öndər Heydər Əliyevin demokratik dəyərlərə sadiqliyini bir daha təcəssüm etdirmişdir. Konstitusiyada əksini tapmış bu strateji məqsədlər, ilk növbədə, hüquqi islahatları və insan haqlarının qorunması prinsipinin real həyatda tətbiqini zəruri etmişdir. Azərbaycan Respublikasının ilk Milli Konstitusiyasında BMT-nin 1948-ci il 10 dekabr tarixli "İnsan hüquqları haqqında Ümumi Bəyannamə"sində və digər beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquq və azadlıqları tam, əhatəli şəkildə təsbit olunmuşdur.

1995-2003-cü illərdə Azərbaycan ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə demokratik dəyərlərin mənimsənilməsi, sivil Qərb dəyərlərinə inteqrasiya, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu sahəsində mühüm uğurlara nail olmuşdur. Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə həyata keçirilən mütərəqqi islahatların başlıca qayəsini məhkəmə-hüquq sisteminin, prokurorluq, polis, ədliyyə orqanlarının fəaliyyətinin müasirləşdirilməsi, bu kontekstdə insan və vətəndaş hüquq və azadlıqlarının maksimum müdafiəsi üçün çevik mexanizmlərin yaradılması, qanunların aliliyinin təmin olunması məsələləri təşkil etmişdir. Həmin dövrdə insan hüquqları üzrə bir sıra mühüm konvensiyalara, sazişlərə qoşulan, Avropa Şurasının tamhüquqlu üzvünə çevrilən Azərbaycanda Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması, İnsan Hüquqları üzrə Müvəkkil İnstitutunun yaradılması, söz, mətbuat, fikir, vicdan azadlıqlarının, çoxpartiyalı sistemin, şəffaf və azad seçki qanunvericiliyinin təmin edilməsi və s. demokratik inkişaf yolunda qazandığımız mühüm nailiyyətlərdəndir.

Tarixdən məlumdur ki, mütərəqqi ideyalar olmadan insanları konkret məram və məqsədlər ətrafında səfərbər etmək, birləşdirmək mümkün deyildir. Azərbaycan xalqının milli ideologiyasının vahid sistem halına gətirilməsi məhz ulu öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf edir. Bütün ruhu, qanı, canı ilə özünü azərbaycanlı sayan ümummilli lider cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görərək ümumxalq birliyinin dərin politoloji-nəzəri əsaslarını irəli sürmüşdür. Ulu öndər azərbaycançılığın tarixən formalaşmış ayrı-ayrı komponentlərini vahid konsepsiyada birləşdirərək onu dövlət idarəçiliyinin elmi-nəzəri bazasına çevirmiş, dünya azərbaycanlılarının milli birliyi, diaspor və lobbi quruculuğu istiqamətində ardıcıl addımlar atmışlar.

Unutmaq olmaz ki, məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi "Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında" qərarında 31 dekabr tarixinin respublikada bayram kimi qeyd olunması ilə bağlı Azərbaycan Respublikasının Milli Məclisi qarşısında vəsatət qaldırmışdı. Ulu öndərin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra isə müstəqil Azərbaycan Respublikası dünya azərbaycanlılarının mənafe və maraqlarının təminatçısı olduğunu rəsmən bəyan etmiş və xaricdə yaşayan azərbaycanlılarla sistemli iş aparılmağa başlanmışdır.

Dünya azərbaycanlılarının konkret milli ideya ətrafında sıx birləşdirilməsini irəli sürən ulu öndər Heydər Əliyev 1993-2003-cü illərdə xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması məsələsini daim diqqət mərkəzində saxlamış, onların tarixi Vətənlə əlaqələrinin genişlənməsinə çalışmışdır. Ümummilli lider dünya azərbaycanlılarının milli birliyi ilə bağlı demişdir: "Müstəqil Azərbaycan Respublikası dünyada yaşayan bütün azərbaycanlılar üçün doğma Vətəndir. Hansı ölkədə yaşamasından asılı olmayaraq, azərbaycanlı öz ana dilini, dinini, milli ənənələrini heç zaman unutmamalıdır. Hər bir azərbaycanlı fəxr etməlidir ki, onun böyük tarixə, qədim, zəngin mədəniyyətə malik olan Azərbaycan kimi Vətəni vardır. Hər bir azərbaycanlı bilməlidir ki, onun arxasında Azərbaycan Respublikası kimi müstəqil bir dövlət durur. İnanıram ki, əsrlərdən bəri arzusunda olduğumuz və uğrunda mübarizə apardığımız müstəqil və azad Azərbaycan ideyalarının həyata keçirildiyi bu tarixi sınaq anlarında dünyanın hər bir guşəsində yaşayan həmvətənlərimiz bizim ümummilli məqsədlərimizin tam gerçəkləşməsi üçün daha böyük əzmlə çalışacaqlar".

Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onların arasında birliyin və həmrəyliyin təmin olunması ilə bağlı məsələlərin birgə müzakirəsi məqsədilə 2001-ci il noyabrın 9-10-da Bakıda tarixi bir toplantı - Dünya Azərbaycanlılarının I Qurultayı keçirilmişdir. Qurultay Azərbaycan diasporunun keçdiyi inkişaf mərhələlərini geniş təhlil etmiş, Azərbaycan icmalarının tarixi Vətənlə əlaqələrinin qurulması və möhkəmləndirilməsi, xaricdə yaşayan həmvətənlərimizin təşkilatlanması, diaspor quruculuğu sahəsində qarşıda duran prioritet vəzifələri müəyyənləşdirmişdir. Ümummilli lider Heydər Əliyevin I qurultaydakı dərin məzmunlu nitqində böyük həyəcanla söylədiyi "Mən fəxr edirəm ki, azərbaycanlıyam!" sözləri sayı 50 milyonu ötmüş dünya azərbaycanlıları üçün milli qürur simvoluna çevrilmişdir.

Həmin tarixi qurultaydan sonra Azərbaycanda diaspor quruculuğu prosesi sürətlənmiş, 2002-ci ilin iyulunda Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (Hazırda Diasporla İş üzrə Dövlət Komitəsi adlanır) yaradılması bu sahədə dövlət siyasətinin sistemli və mütəşəkkil şəkildə həyata keçirilməsinə imkan yaratmışdır. Çoxsaylı tədbirlər dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın, xalqımızın milli maraqlarının təmin olunmasında yaxından iştirakına imkan yaratmışdır. Bundan başqa, 2002-ci ilin dekabrında "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" Azərbaycan Respublikası Qanununun qəbulu diasporumuzun təşkilatlanması, dünya azərbaycanlılarının birliyinin yaranması və dövlətin bu sahədə apardığı məqsədli siyasətin uğurla həyata keçirilməsinə nail olmaq üçün geniş imkanlar açmışdır.

Ulu öndərin irəli sürdüyü azərbaycançılıq ideologiyası ilə bütün dünyaya səpələnmiş 50 milyondan artıq azərbaycanlını vahid ideallar naminə səfərbər etmək qüdrəti ilə müəyyən olunur. Milli-mənəvi, islami-əxlaqi, dünyəvi-humanitar dəyərləri, Şərq və Qərb mədəniyyətlərinin dialoqunu, türkçülük və avropaçılıq meyillərini, tarixi təkamüldə varislik və tərəqqiçiliyi, ünsiyyət birliyini ahəngdar şəkildə ehtiva edən azərbaycançılıq ideologiyası məhz buna görə də müxtəlif coğrafi regionlarda, sosial-siyasi sistemlərdə, mədəni mühitlərdə formalaşmış diasporumuz üçün cəlbedicidir.

Müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyev idarəçiliyinin bütün mərhələlərində elm və təhsilin inkişafına xüsusi qayğı ilə yanaşaraq, ilk növbədə, xalqın intellektual gələcəyini düşünmüşdür. Elmi-intellektual sahədə qazanılan nailiyyətləri dövlət quruculuğu prosesinin vacib şərti, etibarlı təminatı hesab edən ulu öndər milli təhsil sisteminin mütərəqqi prinsiplər əsasında inkişafı naminə bütün zəruri tədbirləri həyata keçirmişdir.

Ötən əsrin sonlarına doğru istiqlaliyyətini əldə edən Azərbaycan məhz Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə formalaşmış zəngin iqtisadi və elmi potensiala istinad etmişdir. Fəqət, 1991-1993-cü illərdə respublikamızda hökm sürən ümumi böhranlı vəziyyət - iqtisadi tənəzzül prosesinin dərinləşməsi, ictimai-siyasi sabitliyin kövrək xarakter daşıması elm və təhsil sahəsində də əsaslı problemlərə gətirib çıxarmışdı. Azərbaycan elmi tənəzzül girdabında çırpınır, nüfuzlu alimlər, bütün həyatını təhsilə həsr etmiş adlı-sanlı müəllimlər çörək ardınca xaricə üz tutur, mənəvi depressiya elmi mühitə getdikcə daha çox hakim kəsilirdi. Bu böhranlı vəziyyəti yalnız ümummilli lider Heydər Əliyevin xalqın təkidli xahişi ilə respublika rəhbərliyinə qayıdışından sonra aradan qaldırmaq, elm və təhsil sahəsində dövlət siyasətinin mühüm istiqamətlərini müəyyənləşdirmək mümkün olmuşdur.

Ümummilli lider Heydər Əliyev 1993-cü ilin 28 sentyabrında ictimaiyyət nümayəndələri ilə ilk görüş yeri kimi məhz Azərbaycan Elmlər Akademiyasını seçməklə, intellektual potensialın daşıyıcıları olan elm xadimlərinin, ziyalıların cəmiyyətdəki roluna necə böyük önəm verdiyini bir daha nümayiş etdirmişdir. Ulu öndər yeni ictimai-iqtisadi formasiyada Azərbaycan elmində, təhsilində yeniləşmənin vacibliyini önə çəkmiş, bu sahələrdə davamlı islahatlar həyata keçirmişdir. Heydər Əliyev cəmiyyətin mənəvi-ideoloji cəhətdən yetkinləşməsində, ictimai şüurun yeniləşməsində humanitar elmlərin, iqtisadi sistemin tənəzzüldən qurtulmasında, milli iqtisadi inkişaf modelinin düzgün müəyyənləşdirilməsində, elmlə istehsalın üzvi vəhdətinin təmin olunmasında isə fundamental elmlərin rolunu düzgün dəyərləndirmişdir.

Ümummilli lider həmin mərhələdən ictimai həyatın ən müxtəlif sahələrində, o cümlədən elmi-intellektual sferada hökm sürən tənəzzülün qarşısını almış, təhsilin öz məcrasına düşməsi, inkişafı üçün əlverişli iqtisadi şərait, hüquqi və mənəvi-əxlaqi mühit formalaşdırmışdır. Elmin inkişafına, bu prosesi həyata keçirən çoxminli ziyalılar ordusuna diqqət və qayğı gücləndirilmiş, ulu öndər Heydər Əliyev Azərbaycan elminin milli əsaslar üzərində dünyaya inteqrasiyanı başlıca vəzifə kimi aktuallaşdırmışdır.

Heydər Əliyev ideyalarının reallaşması, Azərbaycan Prezidentinin həyata keçirdiyi inkişaf strategiyasının öz hədəfinə çatması ölkədə təhsilin keyfiyyətindən çox asılıdır. Ötən əsrin 90-cı illərinin əvvəllərində məktəb, təhsil və səhiyyə sahəsindəki böhranlı hallar ümumi iqtisadi vəziyyətlə bağlı idi. Şagirdlər məktəbdən kütləvi şəkildə yayınır, ali məktəblərə sənəd verənlərin sayı azalırdı. İndi belə hallar keçmişdə qalıb: gənclərdə orta və ali təhsilə maraq əvvəlki dövrlərdən də artıqdır. Elm sahəsinə gənclərin axını müşahidə olunur. Bütün bunlar sosial böhran illərinin sosial çiçəklənmə və kütləvi optimizmlə əvəz olunduğunu nümayiş etdirir. Təhsilə və elmə maraq gələcəyə inam və ümidlərin ən yaxşı ifadəsidir.

Heydər Əliyev milli təhsilin inkişafı və onun qabaqcıl dünya dövlətlərinin təhsil sisteminə inteqrasiyasını da ciddi vəzifə kimi qarşıya qoymuş, bu sahədə aparılacaq islahatların mahiyyətini açıqlamışdır. Böyük rəhbərin irəli sürdüyü təhsil konsepsiyasının əsas qayəsini müstəqilliyin daha da möhkəmləndirilməsi, demokratik və hüquqi cəmiyyət quruculuğu prosesinin sürətlə həyata keçirilməsi, dövlətin iqtisadi potensialının gücləndirilməsi kimi ümdə prinsiplər təşkil etmişdir. Heydər Əliyev insan hüquq və azadlıqlarının təminatı baxımından vətəndaşların təhsil hüququnun reallaşdırılmasına böyük önəm verdiyini çıxışlarında hər zaman xüsusi vurğulamışdır. Təhsil hüququ Azərbaycan Konstitusiyasında hər bir vətəndaşın vacib hüquqlarından biri kimi elan olunmuşdur. Dövlət vətəndaşların pulsuz icbari, ümumi və orta təhsil almaq hüququnu təmin etmişdir. Konstitusiyanın bu müddəası Azərbaycan Respublikasında təhsil fəaliyyətinin əsas prinsipi olmuşdur.

Böyük rəhbərin milli mənafeləri əsas tutmaqla müəyyənləşdirdiyi mütərəqqi inkişaf strategiyası son illərdə müstəqil Azərbaycanın ictimai həyatın bütün sahələrində əldə etdiyi möhtəşəm nailiyyətlərə zəmin yaratmış, onu regionun qüdrətli, sayılıb-seçilən dövlətinə çevirmişdir. Bu strategiya Azərbaycanda milli dövlətçiliyin siyasi, dini və etnik tolerantlığı imperativ kimi qəbul edən müasir modelini, dünyanın mövcud reallıqlarına nəzərən formalaşmış demokratik idarəetmə fəlsəfəsini, milli-mənəvi dəyərlərin qorunmasını, cəmiyyətin bütün potensialının milli maraqlar naminə səfərbər edilməsini, ictimai-siyasi sabitlik amilinə istinad edən yeni iqtisadi inkişaf modelini, bir sözlə, qanunun aliliyini və hakimiyyətlə xalq arasında möhkəm vəhdət yaradılmasının fundamental əsaslarını özündə təcəssüm etdirir. Respublikada demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu sahəsində qazanılan böyük nailiyyətlər də məhz ulu öndər Heydər Əliyev tərəfindən formalaşdırılmış möhkəm təmələ əsaslanır.

Ötən dövrdə bütün sahələrdə dinamik inkişaf yolu keçmiş Azərbaycan iqtisadi sahədə modernləşmə mərhələsinə gəlib çıxmış, keyfiyyətcə cəmiyyətin normal inkişaf ahəngini təmin edən çoxşaxəli siyasi və hüquqi islahatları inamla gerçəkləşdirmişdir. Ən əsası, bu müddətdə xalqın qanı bahasına əldə olunmuş dövlət müstəqilliyi qorunub saxlanılaraq möhkəmləndirilmiş, Azərbaycan xaos və anarxiyadan davamlı inkişafa doğru böyük yol qət etmişdir. Ulu öndərin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidməti isə ölkədə hüquqi, dünyəvi, demokratik dövlət quruculuğu prosesinin ictimai şüurda qaçılmaz proses və milli inkişafın strateji xətti kimi qəbul olunmasıdır.

Cəmiyyəti idarə etməyə qadir liderlər həm də kütləni özünə tabe etdirmək, insanları ardınca aparmaq, xalqın milli bütövlüyünə nail olmaq xüsusiyyətləri ilə seçilmişlər. Belə xarizmatik şəxsiyyətlər həm də çətin situasiyalarda qarşıda duran vəzifələrin həlli yollarını düzgün müəyyənləşdirmək, insanları milli ideya ətrafında səfərbər etmək, irəli sürdükləri mütərəqqi ideyaları, məqsədləri əzmlə gerçəkləşdirmək qüdrətləri sayəsində ümummilli liderlik zirvəsinə yüksəlmişlər. Bu gerçəkliklər fonunda XX əsrdə xalqımızın dünya siyasətinə bəxş etdiyi böyük şəxsiyyət, ulu öndər Heydər Əliyevin Azərbaycan tarixindəki yeri və rolu daha qabarıq görünür.

Məhz ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə müstəqilliyimiz möhkəmləndirilərək əbədi və dönməz xarakter almış, qədim dövlətçilik ənənələrimiz bərpa olunaraq inkişaf etdirilmiş və zənginləşdirilmişdir. Dahi lider Heydər Əliyevin söylədiyi "Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm" tarixi kəlamı onun görkəmli dövlət xadimi və tarixi şəxsiyyət kimi həyat amalını əks etdirir.

Bu gün Azərbaycanın qazandığı bütün uğurlar Heydər Əliyev irsindən gəlir. Ölkəmizin əldə etdiyi hər bir nailiyyət Heydər Əliyev missiyasının davamıdır. Bu missiya davam edir və Azərbaycanı inkişafa, tərəqqiyə, intibaha, parlaq müqəddəs gələcəyə aparır.

Yusif MƏMMƏDOV,

akademik.