Müstəqillik yolunda atılan addımlar – Ümumxalq referendumu
Tarix

Müstəqillik yolunda atılan addımlar – Ümumxalq referendumu

1991-ci il dekabrın 29-da Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Ali Sovetin Konstitusiya Aktının qəbul olunması barədə ümumxalq referendumu keçirilib

Ermənistanın Azərbaycan torpaqlarına qarşı ərazi iddialarına Sovet hakimiyyətinin laqeyd münasibəti 1988-ci ildə respublikanın hər yerində, xüsusilə Bakıda kütləvi etirazlara səbəb olmuşdu. 1989-cu ildə Naxçıvanda İranla sərhədlərin dağıdılması SSRİ-ni narahat etməyə başlamışdı.

1990-cı il yanvarın 9-da Ermənistan SSR Ali Sovetinin DQMV-nin sosial-iqtisadi inkişaf planını Ermənistan SSR-in 1990-cı il üçün nəzərdə tutulan planına daxil etməsi və həmin il mayın 20-də Ermənistan SSR Ali Sovetinin DQMV-dən olan deputatlarının seçkisinin keçirilməsi azərbaycanlıların səbir kasasını doldurdu. "Bəsdir əsarət altında olduğumuz, bəsdir onun-bunun dediyi ilə oturub-durduğumuz!" şüarları bütün Bakını bürüdü. Şəhərin divarlarında "Long live, free Azerbaijan!" (Çox yaşa, müstəqil Azərbaycan!) yazılarını görmək mümkün idi. Lakin sovet imperializmi bu etiraz dalğasına qarşı səssiz qala bilməzdi. Dağılma dövrünə qədəm qoyan sosialistlər Bakı küçələrini qan gölünə döndərmək üçün hazırlıq görürdülər.

1990-cı il yanvarın 19-da sovet qoşunları heç bir xəbərdarlıq etmədən paytaxt Bakıda və bir neçə bölgədə qırğınlar törətdi. Bu hadisə Azərbaycanda müstəqillik hərəkatını sürətləndirdi və Sovet İttifaqına ciddi zərbə vurdu. Tezliklə ittifaq respublikalarından bir neçəsi öz müstəqilliklərini elan etdilər. Ölkəmizdə də bu analoji hal baş verdi. "Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Bəyannamə" 1991-ci il avqustun 30-da xalqın tələbi ilə çağırılan Azərbaycan Ali Sovetinin sessiyasında qəbul edildi. 18 oktyabr tarixində isə növbəti sessiya zamanı "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul edildi. Həmin gün 350 deputatdan 258-si səsvermədə iştirak etdi. 258 nəfərin səsi bir oldu - "Lehinə!". Konstitusiya aktının mətninin ilk maddələrində qeyd olunurdu ki, 1920-ci il aprelin 27-28-də RSFSR-in XI ordusunun Azərbaycana təcavüzü, respublika ərazisini zəbt etməsi, beynəlxalq hüququn subyekti olan Azərbaycan Demokratik Respublikasını devirməsi SSRİ-nin müstəqil Azərbaycanı işğal etməsi hesab edilsin. Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının varisidir. Həmçinin SSRİ dövründə Azərbaycanla bağlı hazırkı konstitusiya ilə ziddiyyət təşkil edən sənədlər imzalandığı gündən etibarsızdır.

Həmin il dekabrın 29-da Azərbaycanda ümumxalq referendumu keçirilmiş, vətəndaşlara "Siz Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?" sualı verilmişdi. Referendumda 3 milyon 751 min 174 nəfər və ya səsverənlərin siyahılarına daxil edilmiş vətəndaşların 95,27 faizi iştirak etmiş, səsverənlərin 99,58 faizi müstəqilliyin lehinə, 0,2 faizi isə əleyhinə səs vermişdir. Bununla da Azərbaycan öz müstəqilliyinə qovuşmuş, müstəqilliyimizi isə ilk olaraq qardaş ölkə Türkiyə Cümhuriyyəti tanımışdır. 1992-ci ildə Milli Məclis tərəfindən Azərbaycanın Dövlət Himni, Dövlət Gerbi və üçrəngli bayrağı təsdiq edilmişdir.

Lakin hələ heç nə bitməmişdi. Yeni müstəqilllik əldə edən Azərbaycanda kütləvi özbaşınalıq və pərakəndəlik hökm sürürdü. Bu isə ermənilərin Qarabağı işğal etmək planını daha da sürətləndirirdi. SSRİ dövründə öz məkrli planlarını gizli şəkildə həyata keçirən haylar ərazilərimizi işğal etməyə başladı. Həmin dövrdə Azərbaycan hökumətinin səriştəsizliyi nəticəsində Birinci Qarabağ müharibəsinin taleyi demək olar ki, AXC-Müsavat dövründə həll olundu və tarixi ərazilərimiz düşmən tapdağı altına düşdü. Xaos, anarxiya, özbaşınalıq yeni müstəqillik əldə etmiş Azərbaycanın süqutunu yaxınlaşdırır, azadlığını beşikdəcə boğurdu. Ölkəni düşdüyü vəziyyətdən çıxarmaq çox çətin idi. Müstəqillik əldə edilmişdi, lakin xalq hələ SSRİ ab-havasından ayılmamışdı. Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının əsas müəllifi, tarix elmləri doktoru, professor Hacıbaba Əzimov çıxışlarının birində qeyd edirdi ki, həmin vaxt 350 deputatdan 90-ı Azərbaycanın müstəqil olmasını istəmirdilər. Çünki onlar SSRİ-dən çəkinirdilər. Azərbaycan müstəqil ola bilməsə, bunun lehinə səs verənləri ağır cəza gözlədiyini düşünürdülər. 2 nəfər isə səsvermə zamanı qeybə çəkilmişdi. Lakin bütün bunlar müstəqillik arzusu ilə od tutub yanan əksəriyyətin önünə sədd çəkə bilmədi. Ali Sovetin qanununa görə, sənədə deputatların 2/3-nin səs verməsi kifayət idi ki, bu da reallaşdı.

Təbii ki, parçalanmağa doğru getdiyi dövrdə ölkəni bu vəziyyətdən ancaq güclü lider çıxara bilərdi. AXC-Müsavat cütlüyünün səriştəsiz fəaliyyəti xalqın ciddi qəzəbinə səbəb oldu və Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışını zəruri etdi. 1993-cü ilin iyununda Surət Hüseynovun rəhbərliyi ilə Xalq Cəbhəsi hökumətinə qarşı qiyam baş verdi. Hökumət çıxılmaz vəziyyətdə qalaraq Heydər Əliyevi Bakıya dəvət etdi. Siyasi müdrikliyi sayəsində Ulu Öndər ölkədəki qiyamın qarşısını aldı. Bundan sonra isə hadisələr öz axarına düşdü. Birinci Qarabağ müharibəsində işğal edilmiş ərazilərin miqyasının genişlənməsinin qarşısı alındı və atəşkəs imzalandı. Xalq öz liderini prezident seçdi. Ümummilli lider isə yenidən qazanılmış müstəqilliyi qoruyub saxladı və vətəndaşların ona olan inamını bir daha təsdiq etdi. 2003-cü ilə qədər ölkədə inkişafın təməlini atan Ulu Öndər Azərbaycan xalqına güclü dövlət miras qoydu. Ümummilli liderin özü qədər güvəndiyi İlham Əliyev ata vəsiyyətini uğurla yerinə yetirir. 1991-ci ildə qazanılan müstəqillik 2023-cü ildə ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası ilə yekunlaşdı. Məqsədə doğru aparan bu yol asan başa gəlmədi, neçə-neçə oğullar şəhid oldu. Nəticə etibarilə qazanılmış müstəqillik, ərazi bütövlüyümüz və suverenliyimiz gələcək nəsillərə mirasdır.

Tacir SADIQOV,

"Respublika".