NƏ VAXT DÜZƏLƏCƏK?
Sosial həyat

NƏ VAXT DÜZƏLƏCƏK?

Son 20 ildə ölkəmizdə bütün sahələrdə dinamik inkişaf göz önündədir. Prezident İlham Əliyevin təsdiq etdiyi "Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları"nın icrası uğurla davam etdirilir, respublikanın hər yerində quruculuq-abadlıq işləri aparılır, əhalinin maddi rifah halı yaxşılaşır, irimiqyaslı infrastruktur layihələr həyata keçirilir.

Şəmkir rayonunun Qapanlı kənd camaatının üzləşdiyi problem yolla bağlıdır. Bu günlərdə bəzi sakinlərin "Respublika" qəzeti redaksiyasına müraciətini nəzərə alaraq adıçəkilən kəndə yollandıq. Qeyd edək ki, kənd rayon mərkəzindən 24 kilometr aralıda yerləşir. Düzqışlaq kəndinə qədər yollar  nisbətən yaxşı vəziyyətdədir. 7 kilometr uzunluğunda Düzqışlaq-Qapanlı avtomobil yolu avtomobil yolu bərbad vəziyyətdədir.  Ötən əsrin 80-ci illərində salınmış  yol artıq istismar müddətini çoxdan başa vurub.

Yoldan istifadə edən sürücülər deyirlər ki, bu yolla avtomobillə hərəkət etdikdən sonra mütləq avtomobil ustalarına müraciət etmək lazım olur. İritonnajlı avtomobillərin hərəkəti isə daha çətindir.

Yuxarıda qeyd olunan 7 kilometr uzunluğunda yoldan Qapanlı ilə yanaşı rayonun 10 min nəfərdən artıq sakini olan Qaracəmirli və Mahmudlu kəndlərinin əhalisi də istifadə edir. Qapanlı kəndində isə hazırda 3287 nəfər yaşayır. Sakinlərin dolanışığı kənd təsərrüfatı məhsulları istehsal etməklə təmin olunur. Kənddə 1610 hektar əkinəyararlı torpaq sahəsi mövcuddur və əkin sahələrindən maksimum dərəcədə istifadə olunur. Sakinlərə məxsus 40 hektar istixanada yüzlərlə ton ekoloji cəhətdən təmiz tərəvəz məhsulları yetişdirilir. Hər il kənddə yetişdirilən kənd təsərrüfatı məhsulları daxili bazarlarda bolluq yaratmaqla yanaşı, bir sıra xarici ölkələrə də ixrac olunur. Ancaq istehsal olunan məhsulları daşımaq həddindən artıq çətin olur.

Belə ki, yüklü, qoşqulu avtomobillərin bu yolla hərəkəti qış, yaz aylarında dözülməzdir. Biz kəndə gedərkən bir neçə avtomobil həmin yolda çox çətinliklə irəliləyirdi. Kənd sakinləri təəssüf hissilə bildirdilər ki, buraya bir dəfə gələn iş adamları birdəfəlik buralardan üz döndərirlər. Nəticədə istehsal etdiyimiz məhsulların alıcıları başqa yerlərə üz tuturlar.

Eyni zamanda kəndə təcili yardım və yanğınsöndürən maşınlar vaxtında gəlib çıxa bilmirlər. Əhali taksi xidmətindən də məhrum olub. Qapanlı Şəmkirin ən qədim yaşayış məskənlərindən biridir. Qapanlının digər yolu isə kəndlə Kür qəsəbəsinə gedən magistral avtomobil yolunu birləşdirir. Torpaq məcralı bu yol da bərbad vəziyyətdədir. İsti havalarda toz, soyuq havalarda isə palçıqdan tərpənmək olmur.

Ümid edirik ki, aidiyyəti qurumlar Qapanlı sakinlərini narahat edən yol probleminə çarə tapacaqlar.

Vəli VƏLİYEV,

"Respublika".